“ABŞ Rusiyanın qalib olmasını istəmir”- Arzuxan Əlizadə Siyasət

“ABŞ Rusiyanın qalib olmasını istəmir”- Arzuxan Əlizadə

“Rusiya-Ukrayna müharibəsi artıq təkcə postsovet məkanı üçün deyil, bütövlükdə Avropa üçün ciddi təhlükəyə çevrilib. Əgər Rusiya bu müharibədən qalib çıxarsa, bu, Şərqi Avropa ölkələrinin birbaşa təhdidlə üzləşməsi deməkdir. Məhz bu səbəbdən Avropa dövlətləri Ukraynaya hərtərəfli dəstək göstərməyə məcbur olub”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Deputat Arzuxan Əlizadə bildirib.

Onun sözlərinə görə, münaqişənin əvvəlindən ABŞ da Ukraynaya dəstək verib və bəzi hallarda Avropa ölkələrindən daha fəal mövqe nümayiş etdirib: “Amma Tramp prezident seçildikdən sonra Vaşinqtonun ritorikasında fərqli məqamlar ortaya çıxdı. Tramp ilk mərhələdə Rusiyaya referans edən bəyanatlar vermək və Ukrayna rəhbərliyinə təzyiqlər etməklə yadda qalırdı. Lakin zaman keçdikcə onun mövqeyi dəyişdi və daha çox Rusiyaya qarşı ritorika sərgiləməyə başladı. Burada nəzərə almaq lazımdır ki, sözdə mövqe ifadə etməklə əməldə real dəstək göstərmək arasında ciddi fərq var. Hazırda Tramp administrasiyasının Ukraynaya dəstəyi daha çox bəyanat səviyyəsindədir”.
Onun sözlərinə görə, strateji baxımdan ABŞ yaxşı anlayır ki, Rusiyanın qələbəsi Amerika maraqlarına tamamilə ziddir: “Vaşinqton üçün əsas məqsədlərdən biri də Avropaya mesaj verməkdir. ABŞ göstərir ki, Avropa dövlətləri onsuz bu prosesdə nəticə əldə edə bilməzlər. Bu reallıq onu göstərir ki, ABŞ həm Ukraynaya, həm də Avropa ölkələrinə dəstəyini davam etdirəcək”.
Sonda millət vəkili vurğulayıb: “Amerika heç bir halda Rusiyanın qalib gəlməsini istəmir. Çünki bu, ikiqütblü dünya nizamının yenidən yaranması və ABŞ-ın qlobal maraqlarının zərbə alması deməkdir. Əslində, Vaşinqton və NATO müharibənin uzanması fonunda Rusiyanın zəifləməsini hədəfləyir. Bu baxımdan Ukraynaya dəstəyin davam edəcəyi şübhəsizdir”.

Günel Elxan