“Məcburiyyətlə həyata keçirilən tədbirlər effekt vermir” Siyasət

“Məcburiyyətlə həyata keçirilən tədbirlər effekt vermir”

Milli Məclisin dünən keçirilən plenar iclasında Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub. Ümumilikdə, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub. Məcəllədən bir sıra maddələr çıxarılıb.
Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir.
Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Bundan başqa, bir sıra cinayət əməllərinə görə cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməlləri dekriminalaşdırılır.
Bu əməllərə görə məsuliyyət həddi 5 dəfə artırılır.
Məcəlləyə "azadlığın məhdudlaşdırılması" cəzası da əlavə edilir. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib.
Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan azağır kateqoriyaya keçirilib.
Cinayət Məcəlləsinə edilən dəyişikliklər isə daha çox müzakirə edilib.
Millət vəkili Musa Quliyev diqqətə çatdırıb ki, QİÇS-ə yoluxdurmaya görə cəzanın yüngülləşdirilməsinə tələsməməliyik. Millət vəkili bildirib ki, vəzifəsini lazımı şəkildə yerinə yetirməyərək, kiminsə bir şəxsi İİV-ə yoluxdurmasına görə 3 ilədək müddətə azadlıqdan məhrum edilməsi doğru yanaşma deyil: ""Çünki bilə-bilə yoluxdurana 1 il həbs cəzası verib, vəzifəsini düzgün yerinə yetimədiyinə görə yolxudurana 3 il cəza vermək arasında uyğunsuzluq var". Millət vəkili həmçinin qanunsuz abort etmə ilə bağlı dəyişiklikdə tələskənliyə yol verməməyə çağırıb: "Təəssüflə qeyd edirəm ki, illərdir aparılan tədbirlərə baxmayaraq, Azərbaycanda selektiv abortların sayı artır. Abort uşağın qətl edilməsi deməkdir. Bu cəzanı yüngülləşdirməklə həmin cinayətləri daha da artıracağıq. Narkomaniya ilə bağlı cəzanın yüngülləşdirilməsinin təşviqi, başqa cinayət törətməyənlərin məcburi müalicə müəssisələrinə yerləşdirilməsi humanist qərar kimi görünür. Amma əslində belə deyil. Çünki təcrübə göstərir ki, məcburi müalicə müəssisələrində bir nəfər də olsun müalicə edilib, cəmiyyətə qayıtmır. Əvəzedici terapiyanın tətbiq edilməsinə çalışmalıyıq". Millət vəkili cəzaçəkmə müəssisələrində iş yerlərinin açılmasının vacibliyinə də toxunub: "Məhbusların işlə təminatını da düşünməliyik. Cəzaçəkmə müəssisələrində iş yerlərinin açılması ciddi problemə çevrilib. Onlar sağlam insanlardır, cinayət törədiblər, nə üçün başqa insanların vergisi hesabına yaşamalıdırlar? Bu insanların islah işlərinə qoşulmasının tərəfdarıyam".
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklər bir çox Avropa ölkələrinə göndərilə bilər. Bu dəyişikliklərin bir sıra Avropa ölkələrində heç müzakirələri də başlamayıb. Onlar bəzi məsələlərdə bu sənəddən istifadə edə bilərlər". Deputat bildirib ki, dəyişikliklərin edilməsində əsas məqsəd humanizm tədbirlərinin həyata keçirilməsi, birinci dəfə cinayət törədən şəxslərin müəyyən qədər cəzalarının yüngülləşdirilməsidir: "Narkomaniya ilə mübarizə tarixi onu göstərdi ki, məcburiyyətlə həyata keçirilən tədbirlər effekt vermir. Bu artıq reallıqdır. Bu baxımdan Cinayət Məcəlləsinin 74.1 və 93.4 maddələrinə biz bir daha baxa bilərik. Təbii ki, satmaq və yaymaq, xüsusən təşviq etmə məsələsində heç bir güzəşt ola bilməz. Burada çox ciddi tədbirlər həyata keçirilməlidir. 93.4-də xüsusi olaraq göstərilən maddəyə əsasən, həkim komissiyası buna rəy verirsə, burada həkim rəy komissiyasına üstünlük verilməlidir. Ümumiyyətlə, biz gələcəkdə narkomaniya ilə bağlı xüsusi yanaşma təqdim etməliyik. Qanunun fəlsəfəsi insanları cinayətdən çəkindirməyə, eyni zamanda insanların onlara yanaşmasının dəyişməsidir. Buna görə cənab prezidentə öz təşəkkürümüzü bildirik".
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər də müzakirə edilib. İnzibati Xətalar Məcəlləsinin 213.0.1-ci maddəsinin dispozisiyası "213.0.1. körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməməsinə, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyinin, ana südünün üstünlüyünün qeyd olunmamasına" redaksiyasında verilir.
Məcəllənin 213.0.3-cü maddəsində "süni qida məhsullarının" sözlərindən əvvəl "körpələr və erkən yaşlı uşaqlar üçün" sözləri əlavə edilir.
Bundan başqa, 213.0.4-cü maddəyə "körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə" cümləsi əlavə olunub.
428.2-ci maddənin dispozisiyası isə "Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətinin reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, "reklam" yaxud "reklam hüququ əsasında" qeydi olmadan verilən gizli reklama görə" redaksiyasında verilib.
Məcəllənin 428.3-cü maddənin dispozisiyası da yeni redaksiyada verilir.
Dəyişikliklərin müzakirəsi zamanı çıxış edən Ellmira Axundova deyib ki, süni qidaların tibb işçiləri, analar və hamilə xanımlara qadağan edilməsi doğru yanaşma deyil:
"Çünki bu qidalarla bağlı həkimlər və analar məlumatlı olmalıdır. Xüsusilə, həkimlər daha çox məlumatlı olmalıdır ki, analar və hamilə xanımların suallarına cavab verə bilsinlər".
Komitə sədri Əli Hüseynli isə deputat həmkarına xatırladıb ki, bu məsələyə "Reklam haqqında" qanunun müzakirəsi zamanı münasibət bildirmək lazım idi: "Artıq "Reklam" haqqında qanun qəbul edilib".
Musa Quliyev bəyan edib ki, analar və tibb personalı arasında süni qidları reklam edənlər ciddi şəkildə cəzalandırılmalıdır. Deputat deyib ki, bunu edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Əli