İrəvan Türkiyə-Azərbaycan hərbi ittifaqından narahatdır Siyasət

İrəvan Türkiyə-Azərbaycan hərbi ittifaqından narahatdır

Rusiya paytaxtında "Qafqaz müasir dünya və regional kontekstdə" adlı tədbir keçirilib.
Rusiya Elmlər Akademiyası yanında Primakov adına Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Əlaqələr İnstitutu tərəfindən təşkil olunan tədbirdə rusiyalı, erməni və gürcü siyasi ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Aleksandr Dınkin Sovet İttifaqının dağılmasından sonra xarici oyunçuların Qafqaz regionuna ayaq açdığını söyləyib. O, regionda SSRİ-nin dağılmasından sonra qeyri-sabitliyin yarandığını, bu gün də bu vəziyyətin davam etdiyini vurğulayıb: "Postsovet məkanındakı münaqişələrin də dünyadakı bir çox münaqişələr kimi uzun müddət davam edəcəyi ehtimalı böyükdür. Rusiya bu regionun sabit olmasında maraqlıdır. Çünki regiondakı münaqişələrin alovlanması birbaşa Rusiya üçün təhlükə daşıyır".
İnstitutun Postsovet Ölkələri Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Krılov "Cənubi Qafqazın inkişafının müasir mərhələsinin xüsusiyyətləri" adlı məruzəsində Cənubi Qafqazda təhlükələrdən biri kimi onun ərazisindən Rusiyaya qarşı istifadə olunması amilini göstərib. Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında münasibətlərin gərginləşməsi Cənubi Qafqaz regionundakı münaqişələrin yenidən alovlanması ehtimalını gücləndirir.
Tədbirdə çıxış edən Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutunyan "Cənubi Qafqazda vəziyyətin sabitləşməsinin perspektivləri və regional təhlükəsizliyə hədələr" adlı məruzəsində region üçün ən böyük təhlükənin Türkiyə-Azərbaycan hərbi ittifaqı olduğunu söyləyib: "Türkiyənin tutduğu mövqe Cənubi Qafqaz regionu üçün ən böyük təhlükədir. Bu gün Türkiyə Cənubi Qafqaz regionundakı bütün layihələrdə əsas iştirakçıdır. Ankara regionun bütün resurslarından istifadə etmək imkanına malikdir. Güclü ordusu olan Türkiyə Cənubi Qafqaz regionu üçün ən böyük təhlükədir. Bu kontekstdə xüsusilə Azərbaycan-Türkiyə hərbi koalisiyasının yaradılmasını vurğulamaq istəyirəm. Bu hərbi alyansa Gürcüstan da cəlb olunub".
Keçmiş nazir Azərbaycan-Türkiyə-Gürcüstan hərbi alyansının Rusiya-Ermənistan birliyinə qarşı olduğunu iddia edib.
Tədbirdə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) dosenti, tarix elmləri namizədi Mixail Volxonski "Sanksiyaların götürülməsindən sonra Azərbaycan-İran münasibətlərinin inkişafı" adlı məruzə ilə çıxış edib. Ekspert Azərbaycanla İran arasında münasibətlərin son zamanlar sürətlə inkişaf etdiyi vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artıb: "İranla Azərbaycan arasında siyasi münasibətlərlə yanaşı, iqtisadi əlaqələr də inkişaf edir. Hər iki ölkə Xəzər regionunda birgə layihələrdə iştirak edir. Azərbaycan İrana investisiya yatırır. İki ölkənin dəmir yolları birləşdirilir. Regionun ən böyük layihələrindən biri olan Şimal-Cənub nəqliyyat dəhlizi gerçəkləşmək üzrədir. Rusiyanın da əsas iştirakçısı olduğu bu layihə Sankt-Peterburqla Hindistanın Mumbai şəhərini birləşdirəcək böyük nəqliyyat dəhlizini əhatə edir".