Avrasiya Birliyi ilə bağlı Azərbaycanın şərti Siyasət

Avrasiya Birliyi ilə bağlı Azərbaycanın şərti

Mübariz Qurbanlı: "Nursultan Nazarbayevin söylədiyi fikirlər ədaləti özündə ehtiva edir"
Elman Nəsirli: "Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonu saxlamaq istəyirsə, biz Rusiyanın müəllifi olduğu layihələrdə necə iştirak edə bilərik?"
Rəşad Həsənov: "İstənilən halda Ermənistanın bu quruma üzvlüyü regiona inkişaf və sülh vəd etmir"

Astanada elan olunan Avrasiya İttifaqı dünyanın diqqət mərkəzindədir. Geosiyasi mübarizədə yeni güc mərkəzinə çevrilmək iddiasında olan yeni birliyin hər nə qədər iqtisadi əsaslarla yaradıldığı iddia olunsa da, beynəlxalq ictmaiyyəti daha çox Putinin SSRİ-ni "xortlatmaq" niyyəti narahat edir. Xüsusilə Ukraynada baş verən proseslərdə bu ölkənin Krım bölgəsinin Rusiya tərəfindən işğal edildiyi bir ərəfədə bu birliyin dünyada qütbləşməni daha da dərinləşdirəcəyi heç kimdə şübhə doğurmur.
Azərbaycan isə bütün təzyiqlərə baxmayaraq, yeni birliklə məsafə saxlamağa üstünlük verir. Üstəlik rəsmi Bakının bu birliyə qoşulmağa hazırlaşan Ermənistanla bağlı etirazları da var. Azərbaycan Ermənistanın öz yedəyində Qarabağ problemini də birlik coğrafiyasına daşımaq cəhdlərindən narahatdır.
Qeyd edək ki, Qazaxıstan prezidenti Hursultan Hazarbayev Azərbaycanın dövlət başçısı İlham Əliyevin xüsusi məktubunu Avrasiya İqtisadi Birliyinin genişləndirilmiş iclasında açıqlayıb. Azərbaycan bəyan edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına yalnız beynəlxalq birliyin tanıdığı ərazi çərçivəsində daxil ola bilər.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Mübariz Qurbanlı rəsmi Bakının bu mövqeyinin haqlı tələb olduğunu bildirib: "Avrasiya İttifaqına daxil olan ölkələr həmin ittifaq çərçivəsində xüsusiyyətlərini müəyyən edirlər. Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı danışıqlar gedir. Ermənistanın hansısa ittifaqa girməsi onun öz işidir. Ancaq Ermənistan bu və digər ittifaqa, bloka qoşulduğu zaman yalnız BMT-nin Ermənistanı tanıdığı sərhədlər çərçivəsində qoşula bilər. 1993-cü ildə BMT-nin üzvü olarkən hansı sərhədlər çərçivəsində bu qruma daxil olmuşdusa, başqa qurumlara həmin sərhədlər çərçivəsində daxil ola bilər. Bu, Azərbaycanın açıq tələbidir. Bizim bu tələbimizi Avrasiya İttifaqının yaradanlar anlaşıqlı şəkildə başa düşürlər. Həm Rusiya, həm Belarus, həm də Qazaxıstan bütövlükdə Azərbaycanın ədalətli tələbini anlayır. Nursultan Nazarbayev açıq şəkildə bildirib ki, Ermənistan bu ittifaqa ancaq BMT-nin müəyyən etdiyi qərarlar çərçivəsində üzv ola bilər. Dağlıq Qarabağ və işğal edilmiş rayonlarla bu ittifaqa Ermənistan üzv ola bilməz. Nursultan Nazarbayevin söylədiyi bu fikirlər ədaləti özündə ehtiva edir. Azərbaycanın apardığı xarici siyasətin nəticəsidir ki, bu gün Avrasiya İttifaqına daxil olan ölkələr bu məsələdə bizim tələbimizi eşidirlər və tələbimizlə hesablaşırlar. Bu, prezident İlham Əliyevin apardığı siyasətdir və onun şəxsi nüfuzudur. Dövlət başçılarının prezidentimizə olan hörmətidir. Azərbaycanın xalqının haqlı tələbinə onların göstərdiyi münasibətdir. Ola bilməz ki, işğal olunmuş torpaqlar Dağlıq Qarabağla birgə Ermənistanın tərkibində Avrasiya ittifaqına daxil olsun. Bu, mümkün deyil".
Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli də deyib ki, Azərbaycan dövləti prinsipcə inteqrasiya proseslərinə müsbət yanaşır: "Amma Azərbaycanın Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına qoşulması üçün ciddi maneələr var. Bu maneələr də Azərbaycanla deyil, Rusiyanın birbaşa özü və müttəfiqi Ermənistanla bağlıdır. Məsələ ondadır ki, Azərbaycan bu ittifaqlara üzv olsa, digər üzvlərlə çox ciddi iqtisadi əməkdaşlıq etməlidir. Amma Ermənistanın işğalçılıq siyasətinə görə biz bu ölkəni təcrid etmək siyasəti yürüdürük. Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonu saxlamaq istəyirsə, biz Rusiyanın müəllifi olduğu layihələrdə necə iştirak edə bilərik? Rusiya Cənubi Qafqaz iqtisadiyyatının 80, demoqrafiyasının 65 faizindən çoxuna sahiblik edən Azərbaycanı müəllifi olduğu layihələrdə görmək istəyirsə, ona mane olan faktorları aradan qaldırmalıdır. İlk növbədə Ermənistanın işğalçı siyasətinə və onun nəticələrinə son qoyulmalıdır. Bunlar olmadığı təqdirdə Azərbaycanı inteqrasiya prosesinə qoşulmamaqda ittiham etməyə rəsmi Moskvanın nə hüquqi, nə siyasi, nə də iqtisadi əsası var".
Ermənistan hakimiyyətinin Moskvanın diktəsi ilə oturub-durduğunu xatırladan politoloq bu ölkənin əslində Rusiyanın koloniyası olduğunu vurğulayıb: "Ermənistan 2012-ci ildən Avropa İttifaqı ilə assosiativ saziş bağlanmaq və azad ticarət zonasına qoşulmaqla bağlı danışıqlar aparıb. Sənədlərin imzalanması ərəfəsində Moskvanın çox ciddi xəbərdarlığı ilə Ermənistan prezidenti Serj Sərkisyanın mövqeyi 180 dərəcə dəyişdi. Bu məntiqlə görünür ki, Ermənistanın həm Gömrük İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqına üz tutması dirijor çubuğunun istiqamətinə uyğunlaşmış bir gedişdir. Ermənistan müxalifəti də haqlı olaraq deyir ki, bu siyasət davam etsə, Ermənistanda "ağ genosid", yəni əhalinin ölkəni tərk etməsi baş verəcək".
Politoloq, deputat Rasim Musabəyov isə bu mövqedədir ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrdən iqtisadi, maliyyə, enerji, nəqliyyat və kommunikasiya asılılığı yoxdur: "Ona görə də ittifaqa qoşulması üçün Rusiyanın Azərbaycana təzyiq etmək imkanları çox zəifdir. Hesab edirəm ki, Moskva Azərbaycanı şirnikləndirici təkliflərlə ittifaqa qoşmağa çalışacaq". Deputat bildirib ki, rəsmi Bakı ittifaqın hansı xeyir gətirəcəyini əvvəldən bilmək istəyir: "Azərbaycan rəhbərliyi soruşur ki, Avrasiya İqtisadi İttifaqı hansı fayda verəcək. Bu təşəbbüsü irəli sürənlər ittifaqın Azərbaycan üçün faydasını göstərə bilmir. Ona görə də bizim ora daxil olmağımızda təkid etmirlər. Amma Ermənistana deyirlər ki, böyük qazancınız olacaq, qazı ucuz alacaqsız. Qazaxıstan, Belarus üçün də ittifaqın faydasını əvvəldən göstərə bilirlər. Amma Azərbaycan üçün qazancı əvvəldən göstərə bilmirlər. İttifaqa qoşulacağıq ki, kiməsə ucuz neft-qaz sataq? Yaxud ittifaq üzvü olan ölkələrin keyfiyyətsiz sənaye mallarını öz ölkəmizə buraxaq, Avropa və Asiyada istehsal olunmuş daha keyfiyyətli və ucuz sənaye mallarından imtina edək? Bu bizim nəyimizə lazımdır?"
Musabəyov hesab edir ki, Rusiyanın yeni ittifaqla bağlı ciddi planları var. Onun sözlərinə görə, Moskva Avrasiya İqtisadi İttifaqının vahid vətəndaşlığının, parlamentinin, pulunun olmasını, sərhədlərin birgə qorunmasını istəyir: "Hələlik Qazaxıstan və Belarus bu cəhdləri neytrallaşdırıb".
Politoloqun fikrincə, Avrasiya İqtisadi İttifaqı yaradılan zaman Ermənistanın təsisçilər sırasına daxil olmaması təsadüfü deyil. Musabəyov bildirib ki, Ermənistan ittifaqın təsisçilərindən biri olmaq iddiasındaydı: "Ermənistanı ittifaqa ayrıca müqavilə ilə qəbul edəcəklər. Əslində Ermənistan təsisçi olmağa tam hazır idi, amma digər ölkələr buna razılıq vermədilər. Ermənilərə deyiblər ki, oturun yerinizdə, ittifaq təsis olunar, gəlib qoşularsınız. Çünki Ermənistan cılız, dılğır ölkədir, ittifaqın üzvü olan digər üç ölkə ilə müqayisədə iqtisadiyyatı 20-30 dəfə kiçikdir, çox zəifdir. Amma iddiaları böyükdür. Sonrakı mərhələlərdə problemlər yarada bilərdilər. Ona görə də bunun qarşısını aldılar".
İqtisadçı ekspert Rəşad Həsənov isə xatırladır ki, Avrasiya İttifaqı ideyasının yeganə müəllifi Rusiya, yaxud birbaşa desək, prezident Putindir: "Layihənin gerçək mahiyyəti keçmiş SSRİ-yə bənzər bir qurum yaratmaq və burada Rusiyanın hegemonluğunu təmin etməkdir. Kremlin perspektivdə güc mərkəzinə çevirməyə çalışdığı antidemokratik siyasət bloku yaratması Qərbə, xüsusilə də ABŞ-a müqavimət göstərmək cəhdidir. Birliyin gələcəkdə ciddi quruma çevrilməsi hazırkı vəziyyətdə mümkün görünmür, çünki faktiki olaraq birliyin potensial subyektləri məsələyə birmənalı yanaşma sərgiləmir.
Bəzən Avrasiya İttifaqı ilə Avropa İttifaqı arasında oxşarlıqlar aparmağa cəhd olunsa da, bu iki birliyin çox ciddi bir fərqi var: birinci üzvlük siyasətində gücə, hədə-qorxuya, şantaja əl atırsa, ikinci üzvlük istəyənlərə qarşı həm siyasi, həm də iqtisadi səviyyə tətbiq edir. Rusiya qonşu ölkələri, xüsusilə də MDB dövlətlərini qeyd-şərtsiz Avrasiya İttifaqına qatmağa çalışır ki, bu da məqsədin nəyə istiqamətləndiyinə açıq işarədir. Bu ittifaqa üzvlük heç də iqtisadi maraqlara, yaxud siyasi təhlükəsizliyə xidmət etməyəcək. Ermənistan artıq üzvlüyə razılaşıb ki, bu da qonşu ölkənin öz təcavüzkar siyasətinin girovuna çevrilməsindən, eyni zamanda Rusiya qarşısında acizliyindən irəli gəlir. Lakin istənilən halda Ermənistanın Avrasiya İttifaqına üzvlüyü Azərbaycana sərfəli deyil. Birincisi, bu halda Azərbaycana üzvlüklə bağlı siyasi təzyiqlər güclənir. İkincisi, Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesi faktiki olaraq dayandırıldı ki, bu da ümumilikdə Qafqazın Avropaya inteqrasiyasını ləngidəcək kimi görünür. Üçüncüsü də, gələcəkdə Azərbaycan işğal altında olan torpaqlarını hərbi yolla qaytarmaq istəyərsə - ki, buna alternativ də görünmür - o zaman Ermənistan Avrasiya İttifaqının çətiri altına sığınmaqla müharibənin sərhədlərini genişləndirib ölkəmizi çıxılmaz vəziyyətə sala bilər. Yəni istənilən halda Ermənistanın bu quruma üzvlüyü regiona inkişaf və sülh vəd etmir".
Birliyin Azərbaycan üçün perspektivlərinə gəlincə Rəşad Həsənov deyib ki, aparılan tədqiqatlar Avrasiya İttifaqının iqtisadi özəyini təşkil edən Gömrük İttifaqının ölkəmiz üçün heç nə vəd etmədiyini göstərir: "Ola bilsin, yaxın gələcək üçün cüzi irəliləyiş baş versin, lakin perspektivdə bu qurumun ölkəmizə verəcəyi heç nə yoxdur. Nəzərə alsaq ki, bu təşkilat demokratik prinsiplərə və bərabərhüquqlu üzvlüyə söykənmir, gələcəkdə Azərbaycanın enerji layihələri də təbii olaraq Putin siyasətinin təsir dairəsinə düşə bilər. Yəni Avrasiya İttifaqına daxil olmaq ölkəmizə nə demokratiya, nə iqtisadi böyümə, nə də mehriban qonşuluq vəd edir. Hazırkı halda Azərbaycanın müşahidəçi mövqedə dayanmağı və imkan daxilində Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyi, Dünya Ticarət Təşkilatına üzvlüyün tezləşdirilməsi istiqamətində siyasət aparmağı daha məntiqli olar".