
Dost və strateji tərəfdaş olan Ukrayna və Azərbaycan arasında əlaqələrin zəngin tarixi mövcuddur. Bu münasibətlər müstəqillik dövründə də inkişaf edərək tamamilə yeni mərhələyə daxil olub. Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə Ukraynaya rəsmi səfəri ilə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin qurulmasında güclü zəmin yaranıb. Daim müsbət dinamika ilə xarakterizə olunan münasibətlər Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Prezident Volodimir Zelenskinin prezident vəzifəsinə seçildiyi 2019-cu ildə Cənubi Qafqaz regionuna ilk səfərini məhz Azərbaycandan başlaması ölkəmizin əhəmiyyəti və ona olan hörmətin göstəricisi idi. Eləcə də Prezident İlham Əliyevin 2022-ci il yanvarında Ukraynaya səfəri əlaqələrin yeni tarixi mərhələyə çatmasında mühüm rol oynayıb. Cənab Prezidentin vurğuladığı kimi, onun qeyd olunan səfəri zamanı aparılan fikir mübadiləsi və sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırıb.
Prezident Zelenskinin aprelin 25-də Azərbaycana səfəri çərçivəsində vətənimizin gözəl guşələrindən olan Qəbələdə Prezident Əliyevlə keçirdiyi görüş isə ikitərəfli münasibətlərin qarşılıqlı dərin etimada və möhkəm dostluğa əsaslandığını təsdiqləməklə, müasir geosiyasi çağırışlar şəraitində strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Son dörd ildə Prezidentlər arasında sayca yeddinci olan bu görüş ölkələrarası əlaqələrin yüksəksəviyyəli olduğunu və qarşılıqlı hörmətin sarsılmazlığına dəlalət edir.
Dövlət başçıları arasında keçirilən təkbətək və geniş tərkibdə görüşdə vurğulandığı kimi, bu səfər vacib məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradır, enerji, kənd təsərrüfatı, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığa əlavə töhfələr vermək, böyük inkişaf potensialına malik imkanların daha da böyüməsi üçün birgə addımların atılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezidentlərin mətbuata bəyanatlarında səsləndirilən fikirlər Azərbaycan və Ukraynanın bölgədə yeni siyasi mühitdə möhkəm sabitlik arxitekturasını gücləndirmək, azad və firavan sülh ruhunun bərqərar olması, rifah və inkişafın təmin edilməsi məqsədilə mühüm mesajlar kimi dəyərləndirilə bilər.
Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, əməkdaşlığın çox güclü siyasi təməli var. Ötən illərdə strateji tərəfdaşlığa dair imzalanmış iki sənəd güclü siyasi sazişlər olmaqla, qarşılıqlı olaraq ərazi bütövlüyünü, suverenliyi, sərhədlərin toxunulmazlığını əks etdirir. Eləcə də, Azərbaycan və Ukrayna regional və beynəlxalq təşkilatlarda birgə siyasi iradə nümayiş etdirərək bir-birini daim dəstəkləyirlər.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib və son illər humanitar sahədə öz yardımını bir an olsa belə əsirgəməyib. Müharibədən əziyyət çəkən ukraynalı uşaqlara olan diqqət və qayğı isə Azərbaycan xalqına xas xeyirxahlığın nümunəsi kimi Ukrayna Prezidenti və xalqı tərəfindən xüsusi təqdir olunur.
Ölkə rəhbərləri əməkdaşlığın yeni istiqamətləri ilə bağlı vacib məsələlərə toxunarkən siyasi dialoqdan başqa, energetika və iqtisadi əməkdaşlığın bir çox istiqamətləri üzrə faydalı müzakirələrin aparıldığını xatırlatdılar ki, bu sahədə önəm daşıyan sektorlardan biri də hərbi-texniki sahədir. Bu sahədəki əməkdaşlıq məhsuldar olmaqla yanaşı, perspektiv sahələri birgə inkişaf etdirməyə, hərbi sənaye kompleksləri yaratmağa, qarşılıqlı istehsala və ümumilikdə digər sənaye sahələrində əlaqələrin genişlənməsinə möhkəm zəmin yarada bilər.
Azərbaycan və Ukrayna arasında çoxistiqamətli əməkdaşlığın mühüm prioritetlərindən biri iqtisadi-investisiya mübadilələrini artırmaqdır. Tərəflər arasında bu sahədə daha böyük potensial mövcuddur. Xüsusilə də, ikitərəfli ticarəti genişləndirmək üçün yaxşı fürsətlər var və perspektivdə qarşılıqlı iqtisadi şaxələndirmə ilə sanballı hədəflərə çatmaq mümkündür.
Prezident Zelenskinin mətbuata bəyanatında səsləndirdiyi vacib detallardan biri isə regional güc kimi qəbul edilən Azərbaycanın və onun Prezidentinin dünya siyasətində tutduğu yer və tərəfsiz vasitəçi kimi oynaya biləcəyi rol ilə bağlı idi.
Belə ki, Ukrayna dövlət başçısının artıq beşinci ilə keçən müharibəyə son qoyulması üçün danışıqların məhz Azərbaycanda aparılması istəyi ölkəmizin qlobal sülhün təminatında strateji məkan olduğunu, sülh diplomatiyasında müsbət nəticə yaradacaq etimad ünvanı sayıldığını bir daha nümayiş etdirdi.
Ramid Namazov
Milli Məclisin deputatı