“Azərbaycan–Ukrayna münasibətlərində humanitar istiqamət son illərdə xüsusi çəkisi ilə seçilir” Siyasət

“Azərbaycan–Ukrayna münasibətlərində humanitar istiqamət son illərdə xüsusi çəkisi ilə seçilir”

“Azərbaycan–Ukrayna münasibətlərində humanitar istiqamət son illərdə xüsusi çəkisi ilə seçilir və bu yanaşma Azərbaycanın xarici siyasət fəlsəfəsindən qaynaqlanır. Münaqişələrin sosial nəticələrini yaşamış ölkə kimi Azərbaycan daha çox mülki əhaliyə, xüsusilə də uşaqlara yönəlmiş dəstək mexanizmlərinə üstünlük verir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

Z.Qarayeva deyib ki, ukraynalı uşaqların Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunması, psixoloji travmaların aradan qaldırılması istiqamətində təşəbbüslər və yaxın perspektivdə tələbələr üçün nəzərdə tutulan oxşar layihələr bu siyasətin konkret təzahürüdür: “Eyni zamanda, enerji infrastrukturu zərər görmüş Ukraynaya elektrik generatorlarının göndərilməsi, humanitar yardımların davamlı xarakter daşıması və diaspor vasitəsilə insanlararası əlaqələrin qorunması bu münasibətlərin sosial əsaslarını gücləndirir. Azərbaycanın mina təmizləmə və postmünaqişə bərpa sahəsində topladığı təcrübə isə gələcəkdə Ukrayna ilə əməkdaşlıq üçün əlavə imkanlar yaradır”.

Politoloq qeyd edib ki, siyasi baxımdan Azərbaycan balanslaşdırılmış və prinsipial mövqe nümayiş etdirir: “Ölkə beynəlxalq hüququn əsas prinsipləri olan suverenlik və ərazi bütövlüyünü dəstəkləyir, lakin hərbi qarşıdurmalarda iştirakdan kənarda qalaraq dialoq və diplomatiyanı ön plana çəkir. Azərbaycan Ukrayna ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, Rusiya ilə də münasibətlərini qoruyur və bu, onun çoxtərəfli, praqmatik xarici siyasət kursunun göstəricisidir. Bu yanaşma Bakının potensial vasitəçi və ya platforma rolunu oynaya biləcəyini də gündəmə gətirir. İqtisadi müstəvidə isə enerji əməkdaşlığı, xüsusilə SOCAR-ın Ukraynada fəaliyyəti ikitərəfli əlaqələrin praktiki və uzunmüddətli xarakter daşıdığını göstərir”.

Röya İsrafilova