
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, Zelenskinin Bakıya səfərinə münasibətinizi bilmək istərdik...
- Bu səfər Azərbaycanın müstəqil xarici siyasətinin, Ukraynanın sülh istəyinin nümayişidir. Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin verdiyi bəyanatlar bir daha təsdiq etdi ki, Azərbaycan dövlətlərin ərazi bütövlüyü və suverenliyinə dair beynəlxalq öhdəliklərə sadiqdir. Ukrayna Azərbaycana dost ölkədir. Xalqımız Ukraynada davam edən müharibəni öz faciəsi kimi qəbul edir, iki slavyan ölkəsi arasında müharibənin tezliklə başa çatmasını istəyir. Azərbaycan davamlı olaraq Ukraynaya humanitar yardım edir. Ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşmalar, müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü barədə bəyanatların verilməsi təqdir olunmalıdır. Zelenskinin Rusiya ilə sülh danışıqlarının Azərbaycanda keçirilməsinə dair təklifi Ukraynanın Azərbaycana olan etimadlı münasibətinin və Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Zelenskinin təklifini nəzərə alıb, Rusiya və ABŞ ilə danışıqlar aparmalı, sülhə bacardağımız qədər daha böyük töhfə verməyə çalışmalıyıq. Zelenskinin təklifini alqışlayıram və mümkün hesab edirəm. İlham Əliyevin Zelenski ilə yanaşı Putinlə və Trampla olan yaxın şəxsi münasibətləri belə bir ümid yaradır. Rusiya Azərbaycanla Ukrayna arasında olan dostluq münasibətlərindən maksimum faydalanıb, yalnız müharibəyə son qoymamalı, həm də ədalətli qəarları ilə Ukrayna xalqı ilə barış əldə etməlidir. Xalqlara başqalarının torpaqları və əbədi düşmənlər yox, ədalət və rifah lazımdır. Rusiya vətəndaşları və xalqları çoxdan sülh istəyir. Uzun illər birgə yaşamış xalqların bir-biri ilə müharibə etməsi böyük faciədir. Yalnız qarşılıqlı hörmət və ehtiram, bərabərhüquqlu əməkdaşlıq tarixi əlaqələri qoruyub saxlaya, düşmənçiliyə son qoya bilər.
- Qüdrət bəy, Azərbaycanda atom elektrik stansiyasının tikintisi barədə açıqlamanı necə qarşıladınız?
- Bu barədə qərar geniş müzakirələrdən sonra ümumxalq səsverməsi ilə qəbul olunmalıdır. Əvvəllər bunun tərəfdarı olsam da, indi elmin və texnologiyanın inkişafı ilə təhlükəsiz, bərpaolunan enerji qaynaqları yaratmaq imkanlarımız var. Bu istiqamətdə ciddi işlər görülür. Ona görə qərar qəbul etməzdən öncə hər birimiz ciddi düşünməli, xalqın fikrini öyrənməliyik. Külək və günəş enerjisindən istifadə etməklə böyük bərpaolunan enerji ehtiyatı yarada bilərik. Biz, hazırda xaricə enerji satırıq. Atom enerjisi çox ucuz başa gəlir və xarici ölkələr tərəfindən şirnikləndirici biznes layihələri təklif oluna bilər. Çernobıl faciəsindən sonra Almaniya bütün nüvə reaktorlarının dayandırılması barədə qərar qəbul etdi. Allah uzaq etsin, bizim ərazimiz kiçik olduğundan, bir qəza baş versə Azərbaycanda həyat olmayacaq.