“Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər hər iki xalqın maraqlarına xidmət edir” Siyasət

“Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər hər iki xalqın maraqlarına xidmət edir”

“Azərbaycan–Ukrayna əlaqələrinin humanitar sahə üzərindən başlayaraq inkişaf etdirilməsi olduqca məntiqli yanaşmanın və praqmatik, real siyasətin əsasını təşkil edir. Azərbaycan münaqişədən əziyyət çəkməmiş ölkə olaraq humanitar yardım məsələsinə hər zaman olduqca həssas yanaşıb”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova söyləyib ki, İran müharibəsi başlayarkən də Azərbaycan aydın yanaşmasını sərgilədi, dəstəyini əsirgəmədi: “Hətta ilk real addım atan aktor oldu. Bununla da etimad göstərilən qonşu və ümumilikdə beynəlxalq münasibətlər sistemində etibarlı tərəf olduğunu bir daha sübut etdi. Periodik qaydada Azərbaycanda Ukraynadan olan uşaqlar üçün reabilitasiya proqramları həyata keçirilir. Əgər münasibətlərin dayanıqlı əsaslarla inkişafında tərəflər maraqlıdırsa, şübhəsiz ki, cəmiyyəti əhatə edən bu amillər üzərindən yola çıxılması son dərəcə mühümdür. Bu reabilitasiya proqramları təkcə azyaşlı uşaqlarla kifayətlənməyib, ali təhsil pilləsində də özünü göstərəcək. Azərbaycan enerji təhlükəsizliyinin mahiyyətini dərindən anlayan ölkədir. Bu baxımdan Ukraynada dağıdılmış enerji sistemi insanların gündəlik yaşayışına son dərəcə mənfi təsir etdiyindən Azərbaycan Ukraynaya elektrik generatorları göndərir. Bu isə insan amilinə verilən dəyər baxımından olduqca mühüm addımdır”.

Politoloqun sözlərinə görə, Azərbaycan yalnız işğaldan əziyyət çəkmədi, sonrasında minatəmizləmə prosesində də böyük maddi, insan və texniki resurslar sərf etməyə məcbur qaldı: “Bu baxımdan Azərbaycanın Ukraynaya minatəmizləmə üçün avadanlıq göndərməsi də xüsusi vurğulanmalıdır. Bu gün Azərbaycan bərpa və quruculuq işlərini öz gücü ilə həyata keçirərək unikal təcrübə formalaşdırır. Gələcəkdə Ukraynanın bərpası təbii ki, qaçılmazdır və bu istiqamətdə Azərbaycan öz təcrübəsini bölüşə bilər. Azərbaycan müstəqil dövlətdir və xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini digər amillərdən asılı olmayaraq, birbaşa milli maraqları əsasında qurur. Heç bir addım və qurulan heç bir əlaqə başqa aktorlara qarşı yönəlməyib. Azərbaycan ölkələrin ərazi bütövlüyü və suverenliyinin tərəfdarı olduğunu hər zaman qətiyyətlə bəyan edib. Beynəlxalq hüququn təməl prinsipləri bizim üçün əsas meyardır. Bu prinsiplərə riayət edilmədiyi halda nə təhlükəsizlikdən, nə əməkdaşlıqdan, nə də sülh şəraitində yaşamaqdan danışmaq mümkündür”.

O əlavə edib ki, xüsusi vurğulanmalıdır ki, Azərbaycan heç bir halda Ukrayna ilə Rusiya arasında baş verən münaqişənin tərəfi deyil, bu münaqişədə iştirak etmir və hərbi komponentlərdən tamamilə uzaqdır: “Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşmaqla yanaşı, qarşılıqlı dialoq və anlaşmanın vacibliyini də daim vurğulayır. Sözügedən münaqişənin də məhz bu istiqamətdə həllində maraqlıdır. Artıq Azərbaycan regionun diplomatik mərkəzlərindən biri kimi çıxış edir və münaqişələrin sülh yolu ilə həlli üçün platforma təqdim etməyə hazırdır. Digər ölkələr arasında baş verən münaqişələrdə tərəf olmadan, bərabərhüquqlu əsasda əlaqələr qurmağı bacarırıq. Cənab Prezident İlham Əliyev mahir diplomat kimi bu mürəkkəb kombinasiyanın da öhdəsindən gəlməyi bacarır. Buna nümunə olaraq Rusiya ilə Gürcüstan arasındakı münasibətləri göstərmək olar. İki dövlət arasında diplomatik münasibətlər mövcud olmasa da, Azərbaycan hər iki ölkə ilə ayrı-ayrılıqda balanslı və konstruktiv siyasət yürüdür”.

Ş.Həsənova həmçinin qeyd edib ki, aydın yanaşma ortaya qoyulub, Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər hər iki xalqın maraqlarına xidmət edir: “Bununla yanaşı, Azərbaycan Rusiya ilə də əlaqələrini inkişaf etdirir. İki ölkə arasında yaşanan gərginlik aradan qaldırılıb və strateji müttəfiqlik münasibətlərinin ruhuna uyğun şəkildə əməkdaşlıq davam etdirilir. Ukrayna və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın geniş inkişaf perspektivləri mövcuddur. SOCAR-ın Ukraynada yanacaqdoldurma məntəqələrinin fəaliyyəti də ikitərəfli biznes əlaqələrinin inkişafına mühüm töhfə verir”.

Röya İsrafilova