“Ermənistan üçün regionla normallaşma zərurətdir” Siyasət

“Ermənistan üçün regionla normallaşma zərurətdir”

“Səfərlər regionda gedən daha geniş geosiyasi proseslərin tərkib hissəsi kimi qiymətləndirilməlidir. İstənilən addımda əsas hədəf Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi reallıqlara uyğunlaşmaqdır”.

Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova xalqcebhesi.az-a açıqlamasında bildirib.

O vurğulayıb ki, Ermənistan rəhbərliyi artıq anlayır ki, regional təcrid siyasəti davamlı deyil və ölkənin iqtisadi və siyasi gələcəyi qonşularla münasibətlərin normallaşdırılmasından keçir: “Bu baxımdan rəsmi Bakı və Ankara ilə dialoq İrəvan üçün alternativ deyil, zərurətdir.Digər tərəfdən Türkiyənin bu prosesdə aktiv iştirakı Azərbaycanın maraqları ilə uzlaşır. Ankara açıq şəkildə Bakı ilə koordinasiyalı siyasət yürüdür və Ermənistanla normallaşmanı Azərbaycan-Ermənistan sülh prosesi ilə paralel aparır. Bu isə onu göstərir ki, regionda birtərəfli addımlar üçün artıq imkan qalmayıb.
Paşinyanın son dövrlərdə atdığı addımlar Ermənistanın yeni reallıqları qəbul etdiyini göstərir. Lakin bu proses ölkə daxilində ciddi müqavimətlə qarşılanır və bu da daxili siyasi sabitlik üçün risklər yaradır”.

Politoloq bildirib ki, ümumilikdə, istənilən səfər sülh prosesinə müsbət təsir göstərə biləcək addım kimi qiymətləndirilməlidir: “Düzü, səfərin baş tutma ehtimalını zəif dəyərləndirirəm. Bu səfər baş tutsa belə onu bilavasitə Ermənistana səfər kimi nə dəyərləndirmək, nə şərh etmək düzgün olar. Nə o tərəfdən, nə biz tərəfdən. Sadəcə Avropa Birliyinin Zirvə görüşünün məkanı bu dəfə İrəvan olacaq, bu qədər. Ukrayna Prezidentinin də İrəvana gedəcəyi deyilir. Amma bu bilavasitə Ermənistana reallaşdırılan səfər yox, Avropa Birliyi platformasında iştirak ola bilər.Mövcud konstruktiv gedişata zərbə vurmaq istəyən qüvvələr var. Real nəticələrin əldə olunması üçün Ermənistanın yalnız bəyanatlarla deyil, konkret addımlarla da mövqeyini ortaya qoyması vacibdir. Regionda dayanıqlı sülh isə yalnız bütün tərəflərin maraqlarını nəzərə alan balanslı yanaşma əsasında mümkün olacaq”.

Günel Elxan