Bakı və Ankaranın "qırmızı xətti": Fransa. prezidentinin simvolik planı niyə baş tutmadı? Siyasət

Bakı və Ankaranın "qırmızı xətti": Fransa. prezidentinin simvolik planı niyə baş tutmadı?

“Baş verən hadisə təkcə konkret bir səfər planının baş tutmaması ilə məhdudlaşmır, bu, əslində Cənubi Qafqazda formalaşan yeni siyasi reallığın növbəti təsdiqidir”.

Bunu politoloq Rəşad Bayramov “xalqcebhesi.az”a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makronun Ermənistan üzərindən Türkiyəyə quru sərhəddən keçmək cəhdi simvolik xarakter daşısa da, bu addım regiondakı güc balansını və təsir imkanlarını nümayiş etdirmək məqsədi güdürdü:
“Makron bu təşəbbüslə bir tərəfdən Ermənistan üzərində siyasi himayədarlığını göstərmək, digər tərəfdən isə Türkiyə-Ermənistan normallaşma prosesində əsas təşviqedici aktorlardan biri kimi çıxış etmək istəyirdi. Lakin Ankara və Bakının koordinasiyalı mövqeyi bu planın reallaşmasına imkan vermədi”.

Rəşad Bayramov vurğulayıb ki, bu hadisə bir daha göstərdi ki, artıq regionda əsas qərarverici və çərçivə müəyyən edən güclər məhz Azərbaycan və Türkiyədir: “Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış strateji koordinasiya təkcə siyasi bəyanatlarla məhdudlaşmır, real diplomatik və təhlükəsizlik məsələlərində də özünü açıq şəkildə göstərir. Bu gün Cənubi Qafqazda istənilən böyük güc təşəbbüsü ya Bakı və Ankara ilə razılaşdırılmalı, ya da uğursuzluq riski ilə üzləşməlidir. Bu isə o deməkdir ki, regionda vasitəçilik və təsir mərkəzi tədricən Qərbdən yerli güc mərkəzlərinə keçir.Fransa və ümumilikdə Avropa İttifaqının son illərdə Ermənistan üzərindən regionda fəallaşmaq cəhdləri real siyasi şərtlərlə toqquşur. Çünki artıq Cənubi Qafqazda birtərəfli təşəbbüslər deyil, qarşılıqlı razılaşdırılmış güc balansı üstünlük təşkil edir”.

Sonda politoloq qeyd edib ki, bu hadisə regionun gələcək inkişaf modelinin də konturlarını göstərir – burada əsas söz sahibi daxili aktorlar olacaq, kənar güclər isə bu reallıqlarla hesablaşmaq məcburiyyətində qalacaqlar.

Günel Elxan