““The Financial Times“ nəşrinin Azərbaycanla bağlı iddiaları böyük təəssüf doğurur” Siyasət

““The Financial Times“ nəşrinin Azərbaycanla bağlı iddiaları böyük təəssüf doğurur”

Vüqar Rəhimzadə:"Və heç bir reallığa söykənmir"


"Bu gün Azərbaycanın həyata keçirdiyi mütərəqqi islahatlar, regional və qlobal layihələr, irəli sürdüyü xoşniyyətli təşəbbüslər dünyanın diqqət mərkəzindədir. Bütün bunlar, ölkəmizlə bağlı həqiqətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında, tanınmış ekspertlərin rəylərində öz əksini tapır. Təbii ki, ölkəmizin bu uğurlarına sevinənlərlə yanaşı, qısqanclıqla yanaşanlar da var. Bu cür qərəzli qüvvələr hər zaman dezinformasiyalar yaymaqla, qarayaxma kampaniyaları həyata keçirməklə ölkəmizin artan nüfuzuna xələl gətirməyə cəhd edirlər. Ancaq bu kimi "qüvvələr" heç vaxt öz niyyətlərinə çatmayıblar və çatmayacaqlar. Bu mənada "The Financial Times" nəşrinin Azərbaycanla bağlı irəli sürdüyü əsassız iddialar böyük təəssüf doğurur və heç bir reallığa söykənmir." Bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "The Financial Times" nəşrində Azərbaycanla bağlı irəli sürülən bir sıra iddialara münasibət bildirərkən qeyd edib. V.Rəhimzadənin sözlərinə görə, "The Financial Times" nəşrinin "Avropa Şurası insan haqlarından imtina edir?" başlıqlı məqaləsində qeyd edilən məqəmları qətiyyən ciddi qəbul etmək olmaz: "Sözüz ki, məqalədə yer alan fikirlər tamamilə qərəzlidir. Hesab edirəm ki, bu məqalə müəyyən xarici anti-azərbaycan, erməni və ermənipərəst dairələrin çirkin niyyətlərinin məhsuludur. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun da haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycana qarşı təşkil edilən bu cür kampaniyaların səmərəsizliyi sübuta yetirilib və cəmiyyətimizdə istehza ilə qarşılanır. Bu qarayaxmaların müəllifləri və icraçıları bu reallığı nə qədər tez başa düşsələr, bir o qədər də öz nüfuz limitini qoruyub saxlamış olacaqlar." O, bildirib ki, bu gün ölkəmiz özünün sürətli inkişaf dövrünü yaşayır: "Azərbaycan demokratik inkişaf yolu ilə irəliləyir, insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin edilir. Həyata keçirilən iqtisadi islahatlar ölkəmizin maliyyə imkanlarını daha da genişləndirir. Qlobal layihələr və təşəbbüslər ölkəmizin, eyni zamanda region dövlətlərinin inkişafına böyük imkanlar açır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Bu amil Ermənistan və erməni lobbisini, onların xaricdəki havadarlarını ciddi şəkildə narahat edir. Bu qüvvələr Azərbaycanın nüfuzunu ləkələməyə, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirlər. "The Financial Times" kimi nəşrlərin bu dairələrin əlində vasitəyə çevrilməsi ciddi nöqsan, transmilli medianın müstəqilliyinə xələl gətirən haldır."
"İki sahil" qəzetinin baş redaktoru əlavə edib ki, "The Financial Times" və bu kimi digər nəşrlər zaman-zaman insan hüquq və azadlıqlarından, mətbuat və fikir azadlığından danışırlar. Ancaq onlar unudurlar ki, mətbuat hər zaman cəmiyyəti qərəzsiz, obyektiv xəbərlə təmin etməlidir. Həmin nəşrlərin bu cür fəaliyyəti dünyada ədalətsizliyin, ikili standartların əyani təzahürü, bir nümunəsi, orada çalışan jurnalistlərin ən azı öz peşələrinə xəyanətidir.
Millət vəkili Sahib Alıyev isə diqqətə matdırıb ki, "Financial Times" qəzeti və "Spigel" dərgisində ölkəmizlə bağlı böhtan xarakterli iki yazının eyni vaxtda dərci və bu cızma-qaralarda eyni klişelərin yer alması onu göstərir ki, onlar eyni mərkəzin sifarişidir. Özü də sifarişçi o qədər həyasızdır ki, bunu gizlətmək belə istəmir". Onun sözlərinə görə, hazırda Avropada gedən proseslərə yanaşmada baxışları o qədər də üst-üstə düşməyən iki müxtəlif ölkənin, yəni Böyük Britaniya ilə Almaniyanın aparıcı nəşrlərində, nə həmin ölkələrin özlərinə, nə də yalanlarla dolu olduğundan onu dərc edən qəzetlə dərgiyə baş ucalığı gətirməyən yazıları yerləşdirtdirməklə güc sərgiləyir. Göstərmək istəyir ki, bu dərəcədə qüdrətlidir, əli hər yerə çatır, ona görə də maraqları nəzərə alınmalıdır.
Amma BMT Baş Assambleyasındakı səsvermə göstərdi ki, güc və şantajla heç də həmişə iş keçirmək olmur. Azərbaycana yanaşmada isə bu ancaq əks effekt verib, verir və verəcək!".