15:56
763
“Bakıda keçirilən World Urban Forum 13 Azərbaycanın növbəti mühüm beynəlxalq uğuru kimi yadda qalıb”.
Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva xalqcebhesi.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, forum çərçivəsində ev sahibi ölkənin təşəbbüsü ilə təşkil edilən “Liderlərin Bəyanatları Sessiyası”nda 27 dövlət və hökumət başçısının iştirakı Azərbaycanın qlobal siyasi platformalarda artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir: “Forumun yekun sənədi olan “Baku Call to Action” Azərbaycanın beynəlxalq şəhərsalma gündəliyində fəal rolunu bir daha təsdiqləyir.Bu sənəddə Liderlərin Bəyanatları Sessiyasının məhz Azərbaycanın təşəbbüsü ilə təşkil olunması xüsusi vurğulanır. Bu, ölkəmizin artıq beynəlxalq gündəliyin formalaşmasında təşəbbüskar və etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir”.
Könül Nurullayeva qeyd edib ki, WUF13-ün miqyası Azərbaycanın təşkilatçılıq və təhlükəsizlik imkanlarının yüksək səviyyədə olduğunu nümayiş etdirir:
“176 ölkədən 58 mindən artıq iştirakçının qatılması bu forumu tarixdə ən böyük Ümumdünya Şəhərsalma Forumu edir. Bu, Azərbaycanın həm diplomatik, həm də təşkilati gücünün göstəricisidir.
Forumun yekun sənədində Azərbaycana göstərilən qonaqpərvərlik və ölkənin uğurları xüsusi qeyd olunub.Azərbaycan son illərdə COP29, Qoşulmama Hərəkatına sədrliyi və digər beynəlxalq təşəbbüslərlə qlobal etimadı daha da gücləndirib”.
Onun sözlərinə görə, “Baku Call to Action” sənədində postmünaqişə bərpa proseslərinə dair müddəalar Azərbaycanın təcrübəsinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir:
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən ‘ağıllı şəhər’ və ‘ağıllı kənd’ konsepsiyaları artıq beynəlxalq urbanizasiya modelinin nümunəsi kimi təqdim olunur.
Sənəddə münaqişələrin şəhərlərə və sosial infrastruktura vurduğu zərərin qeyd olunması Azərbaycanın yaşadığı tarixi reallıqların beynəlxalq müstəviyə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Günel Elxan