“Bu coğrafiyada Azərbaycanı qorumağı bacaran liderə etimadın olması təbiidir” Siyasət

“Bu coğrafiyada Azərbaycanı qorumağı bacaran liderə etimadın olması təbiidir”

Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib. Sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.

Son sorğuların nəticələrinə əsasən Prezident İlham Əliyevə rəyi soruşulanların etimad səviyyəsi 87.7 faizdir. İnsanların 93.6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirir, 81.9 faiz isə onu alternativsiz siyasi lider hesab edir.

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət xalqcebhesi.az-a açıqlamasında qeyd edib ki, ətrafda baş verən hadisələrə baxıb Azərbaycanı dəyərləndirəndə İlham Əliyevə etimadın bu qədər yüksək olmasının səbəbini başa düşürük: “Yəni ən böyük dövlətlərdə uzunmüddətli müharibələr baş verir, insan qırğınları, iqtisadi çöküş, cəmiyyətdə ümidszlik baş alıb gedir. Bir tərəfimizdə Rusiya, bir tərəfimizdə İran bataqlığa saplanıb hərəkət edə bilmir. Belə bir şəraitdə Rusiya və İranla ortaq sərhədi olan yeganə dövlət kimi Azərbaycanın ayaqda tutala bilməsi elə İlham Əliyevə etimadın əsas səbəbidir. Belə çətin coğrafiyada Azərbaycanı qorumağı bacaran liderə etimadın olması təbiidir”.

Siyasi şərhçi vurğulayıb ki, bütün dünyanın gözü qarşısında 200 il ərzində ilk dəfə Azərbaycan torpaqlarını işğaldan azad edən lider İlham Əliyevdir: “Əlbəttə ki, xalq ona güvənəcək, etimad göstərəcək. Əlavə olaraq da Azərbaycanın bu gün dünyanın ən məşhur, ən tanınan dövlətlərindən birinə çevrilməsi də İlham Əliyevin xidmətlərindəndir. Yəni onun liderliyi sayəsində Azərbaycan dünyanın ən tanınan dövlətlərindən birinə çevrilib. Bütün bu faktorları bir araya toplayanda xalqın 90 faizinin İlham Əliyevə etimad göstərməsi heç bir sual doğura bilməz, təəccüblü də deyil. Yəni biz düşünürük ki, Azərbaycanın alternativsiz lideri məhz İlham Əliyevdir”.

Röya İsrafilova