Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır Siyasət

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Şüşada keçirilən Qlobal Media Forumu Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də diplomatik maraqları baxımından faydalı hesab olunur. Şüşa Forumunun Azərbaycana ən böyük qazancı ölkənin beynəlxalq nüfuzunun artması, Qarabağın bərpasının dünya ictimaiyyətinə nümayiş etdirilməsi, informasiya diplomatiyasının gücləndirilməsi və gələcək iqtisadi-turizm imkanlarının genişləndirilməsi baxımından çox əlamətdar hadisədir. Bu kimi tədbirlərin ölkəmizdə keçirilməsi heç şübhəsiz ki, uzunmüddətli strateji xarakter daşıyır və ölkəmizin bundan yalnız faydaları mümkündür.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Əlbəttə ki, qazanc deyəndə, dərhal maliyyə gəlirləri nəzərdə tutulmur. Ölkənin beynəlxalq nüfuzunun və təsir imkanlarının genişləndirilməsi və artması deməkdir. Forumda bir ölkələrdən media nümayəndələri, rəhbərləri və jurnalistlər iştirak edir. Xarici jurnalistlər Şuşada və ümumiyyətlə, Qarabağın digər rayon və şəhərlərində aparılan bərpa quruculuq işləri ilə yerindəcə tanış olurlar və onlar öz ölkələrinin mediasında bu haqda məlumat yayırlar. Bizim üçün bu geniş auditoriyaya çıxısdır və mövqeyimiz dünya mediasında tirajlanır. Həmçinin Şüşa şəhərinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun beynəlxalq platformaya çevrilməsi baxımından da önəmlidir" - politoloq deyib.

O, vurğulayıb ki, tədbir həmçinin dezinformasiya və media təhlükəsizliyi baxımından, süni intellekt kimi mövzular ətrafında müzakirələrin aparılması baxımından da yerli media nümayəndələri üçün böyük informasiya məkanıdır və beynəlxalq təcrübədir. Bu Azərbaycan mediasının qlobal informasiya mühitində daha fəal rol oynamasına şərait yaratmaq baxımından çox əhəmiyyətlidir. Həmçinin digər ölkələrin təcrübəsi və əlaqələrin qurulması deməkdir və hesab edirəm ki, layihələrin və informasiya mübadiləsinin inkişafına təkan verəcəkdir.

Cavid