“Ankara Suriya məsələsində balansı pozmamağa çalışır” Siyasət

“Ankara Suriya məsələsində balansı pozmamağa çalışır”

Elxan Şahinoğlu: "Ancaq bu balansı qorumaq getdikcə çətinləşir"

Şərqi Qutanın Duma bölgəsinə edilən kimyəvi silahla hücumdan sonra ABŞ-ın Suriyanı bombardman edəcəyi gözlənilir. Bu da Rusiya ilə ABŞ arasındakı gərginliyi pik nöqtəyə çatdırıb. Mütəxəssislər açıq qarşıdurmanın az inandırıcı olduğunu bildirsələr də bunun baş vermə ehtimalını istisna etməyənlər də var. Maraqlı bir məqam isə Türkiyə ilə bağlıdır. NATO-da ABŞ-la müttəfiq olan Türkiyə, eyni zamanda Rusiya ilə də yaxın münasibətlərə malikdir və bi əlaqələri daha da irəliyə apatrmaq niyyətindədir.
Ağ Evin nümayəndəsi Sara Sanders brifinq zamanı bildirib ki, ABŞ istənilən vaxt Rusiyanın Suriyadakı mövqelərini vura bilər. Onun sözlərinə görə, bütün variantları gözdən keçirirlər və lazım gələrsə, amerika ordusu rus hədəflərini vurmaqdan çəkinməyəcək. Sanders onu da qeyd edib ki, Vaşinqton Suriyadakı kimyəvi hücuma görə Rusiyanın Dəməşqlə ilə bərabər məsuliyyət daşıdığını hesab edir.
"The Times" qəzeti isə hökumətdəki mənbələrə istinadən yazır ki, öyük Britaniya aviasiyası və donanması Suriyaya zərbə endirmək üçün döyüş hazırlığı əmri alıb. Məlumata görə, Kiprdəki hərbi bazada dislokasiya olunmuş Britaniya təyyarələri bir nömrəli döyüş hazırlığı vəziyyətindədir. Təyyarələr tam döyüş təchizatı ilə Kiprin cənubundakı Akrotiri hərbi bazasının uçuş-enmə zolağında gözləyir və havaya qalxmaq üçün siqnal gözləyir. Hazırda həmin aviabazada Böyük Britaniya Hərbi Hava Qüvvələrinin səkkiz "Panavia Tornado" qırıcı-bombardmançıları dislokasiya olunub. Onların qanadlı raketlərlə təchiz olunduğu bildirilir. Daha 6 "Typhoon" qırıcısı zərurət yaranarsa qırıcı-bombardmançıları qoruyacaq.
Bundan əvvəl xəbər verilmidi ki, baş nazir Tereza Mey Britaniya donanmasına döyüş hazırlığı əmri verib və gəmilərin Suriyaya raket zərbələri endirməyə imkan verən məsafədə mövqe tutmasını hərbçilərə tapşırıb. Hazırda Britaniya donanmasının gəmiləri Suriya sahillərinə doğru hərəkət edir. Onların arasında hava hücumundan müdafiə sistemi ilə təchiz edilmiş HMS Duncan esminetsi var. Gəmi RGM-84 Harpoon gəmilər əleyhinə qanadlı raketləri və Sea Viper zenit-raket kompleksi daşıyır. "The Telegraph" qəzetinin mənbələri bildirir ki, baş nazir Suriyaya parlamentin icazəsi olmadan zərbə endirmək əmri verməyə hazırdır. Bu gün aprelin 12-də baş nazir hökumətin təhlükəsizlik komandasının iclasını keçirib Suriya ətrafındakı vəziyyəti müzakirə edəcək.
Türkiyənin "Yeni Şəfəq" nəşri isə yazır ki, Suriyada 7 illik müharibə dövründə 215 dəfə kimyəvi silahdan istifadə edən ölkə lideri Bəşər Əsəd qaçmağa hazırlaşır. İran kəşfiyyatı və "Al Muhaberat"ın (Suriya kəşfiyyatı) birgə hazırladığı qaçış planı Bəşər Əsədin ailəsindən 45 nəfərin Dəməşqdən təxliyəsini nəzərdə tutur. "Yeni Şəfəq"in mənbələrinə görə, Əsədin sonuncu görüşü aprelin 8-də Dəməşqdə keçirilib və plan yekunlaşdırılıb. Plana görə, ABŞ Suriyanı bombalayarsa, Əsəd və ailəsi ilk olaraq Livana aparılacaq. Sonradan Rusiyanın himayəsində Tehrana aparılacaq Əsədin vəziyyəti müharibənin nəticələrinə görə yenidən qiymətləndiriləcək.
Mənbələr Əsədin Dəməşqdə "Kasr-ı Saab"ın (Xalq Sarayı) 140 metr dərinliyində inşa edilən yeraltı sığınacağında qaldığını bildirirlər. "Al Muhaberat"ın keçmiş əməkdaşlarından biri Əsədin son 6 gün ərzində iki dəfə Ximeymimdəki Rusiya hərbi bazasını ziyarət etdiyini bildirib. Livanın "Savt Livan" (Livanın səsi) kanalı isə BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı müzakirələrin aparıldığı dəqiqələrdə Əsədin hücum qorxusu ilə əlaqədar Dəməşqdən ayrıldığını xəbər verib.
Hafiz Əsədin prezidentliyi dövründə inşa edilən "Kasr-ı Şaab" Livanın öldürülən baş naziri Rəfiq Həririyə aid şirkət tərəfindən tikilib. 50-dən çox gizli bölməsi olan sığınacağın bəzi bölmələrinin müharibə dövründə işgəncələr üçün istifadə olunduğu deyilir. Suriya rejimi 2011-ci ildə başlayan vətəndaş müharibəsində itirdiyi ərazilərdən gətirdiyi gizli məlumatları və sənədləri yeraltı sığınacaqlarda saxlayır.
İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı tərəflər əsasən Suriya məsələsi ətrafında fikir mübadiləsi aparıblar. Benyamin Netanyahu deyib ki, İranın Suriyaya hərbi müdaxiləsinə yol verilməyəcək. Vladimir Putin isə israilli naziri Suriyada qeyri-sabitlik yaradan hər hansı addımdan çəkinməyə çağırıb.
İsrail Müdafiə naziri Aviqdor Liberman isə deyib ki, "Maariv" qəzetinə müahibəsindəİran bizi təhdid etsə, bunun qarşılığını Suriya hökuməti ödəyəcək. Onun sözlərinə görə, İsrailə ediləcək istənilən hücumun qarşılığında Suriya hökuməti xəritədən silinəcək və Bəşər Əsəd ortadan qaldırılacaq: "İranı belə bir şeylərə yol verməməsi üçün xəbərdar edirik. Ona görə ki, İsrail bu yolu sonuna qədər gedəcək". Liberman İranın Suriyada hərbi mövcudluğunu artırmasını İsrail üçün "edam kəndiri" adlandırıb.
Bütün bu gərginlik fonunda isə ABŞ və Türkiyə arasında münasibətlər pozulmaqda davam edir. Rusiyalı hərbi ekspert Vladislav Şurıygin deyib ki, Vaşinqton artıq İncirlik aviabazasından istifadə etmək üçün birbaşa Türkiyədən icazə almalıdır: "Artıq İncirliyi ABŞ şəxsi evi kimi istifadə edə bilməyəcək. İcazə mütləq olmalıdır".
Türkiyə XİN sözçüsü Hami Aksoy ona ünvanlanmış "ABŞ Suriyanı vursa, Türkiyə bu əməliyyata dəstək verəcəkmi" sualına cavab verərkən deyib ki, prosesləri izləyirik, görək baş verənlər bizə nəyi göstərəcək: "Kimyəvi hücum insanlığa qarşı törədilmiş cinayətdir. Belə bir hücumun təkrarlanmaması üçün günahkarlar cəzalandırılmalıdır".
Pentaqonun keçmiş rəsmisi Maykl Rubin "Vaşinqton Examiner" nəşrindəki köşəsində yazıb ki, hər nə qədər kiçik bir ehtimal olsa da, Türkiyə ilə ABŞ-ın bir-birini hədəf alması və qarşıdurma yaşanması artıq xəyal edilə bilməyəcək bir vəziyyət deyil.
"Qərbin bir Türkiyə problemi var, Türkiyə uduzulub. Soyuq müharibə zamanında Misir və Liviyanın etdiyi kimi, Türkiyə də bu gün Rusiya cəbhəsinə meyillənir. Ancaq burada fərqli bir məqam da var. Qərb o dövrdə bu cür addımların qarşısını almaq üçün müxtəlif gedişlər edib. Müttəfiqliyin davam etdirildiyi rolunu ifa etməyi buraxıb, düşməni ilə sirlərini bölüşməyə son vermişdi", - Rubin qeyd edib.
Rubinin fikrincə, ABŞ və Avropa bir zamanlar sadəcə ehtimaldan kənar olaraq görünən şeylərin artıq reallaşa biləcəyini qəbul etməlidir. Bu məqamda Pentaqonun keçmiş rəsmisi Ərdoğanla artıq müttəfiqlik edilə bilməyəcəyini və ən azından onun təcrid edilməli olduğunu vurğulayaraq, diqqət çəkən bir təklif irəli sürüb: "Bütün ABŞ personalı və yerdə qalan nüvə başlıqlarının İncirlik hərbi bazasından çıxarılması və onların yerləşdirilməsi üçün yeni bir yer tapılmasının zamanı gəlib. Türkiyə ilə kəşfiyyat məlumatlarının mübadiləsinin, F-35-lər də daxil olmaqla, hərbi texnologiyaların paylaşımının kəsilməsi ABŞ-ın milli təhlükəsizliyi üçün zəruridir". Rubin məqaləsini Türkiyə ilə bağlı bu ifadələrlə bitirib: "Tarixçilər Türkiyəni kimin uduzduğunu müzakirə edə bilərlər, ancaq açıq və qəti olan bir şey varsa, o da Türkiyənin artıq dost və müttəfiq ölkə olmamasıdır. Bunun əvəzində Türkiyə bir rəqibə və potensial düşmənə çevrilib".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Qərb-Rusiya qarşıdurması fonunda Türkiyənin düşdüyü vəziyyəti şərh edib: "Ankarada görüşdüyüm rəsmilərlə və ekspertlərlə fikir mübadiləsindən gəldiyim qənaətə görə, Türkiyə Suriyaya görə Qərb-Rusiya qarşıdurmasında çətin vəziyyətdə qalıb" Siyasi şərhçinin fikrincə, Ankara bir tərəfdən Moskva və Tehranla üçlü format formalaşdıraraq əməkdaşlığı gücləndirib, o biri tərəfdən Moskva və Tehranın dəstək verdiyi Əsəd rejiminin insanlara qarşı kimyəvi silahdan istifadəsinə göz yuma bilməz: "Qərb də elə buna görə Əsədi cəzalandırmaq istəyir. Ankara da elə Qərbdən illərdir bunu gözləyirdi. Ancaq indi regional şərtlər Türkiyə üçün dəyişib. Ona görə də Ankara Suriya məsələsində Qərblə Rusiya arasında çətin seçimdə balansı pozmamağa çalışır. Ancaq bu balansı qorumaq getdikcə çətinləşir".

Əli