Parlamentdən ikili standartlara etiraz Siyasət

Parlamentdən ikili standartlara etiraz

Ziyafət Əsgərov: "Beynəlxalq hüquq bir sıra dövlətlərin əlində məşğuliyyət, əyləncədir, kiçik dövlətlər üçünsə məhdudiyyət"
Fəzail Ağamalı: "Leyla Yunus NATO-nun Bakıda keçirdiyi seminara gələn ermənilərlə əlbir olaraq, Azərbaycanın əleyhinə kampaniya aparıb, bu, əsl cinayətdir"
Azay Quliyev: "Beynəlxaq təşkilatların sessiyalarına əsasən Azərbaycanı tənqid edən QHT-lər dəvət edilir"

Dünən Milli Məclisinin növbədənkənar xüsusi sessiyasının ilk iclası keçirilib. İclası açıq elan edən sədr Oqtay Əsədov gündəliyi elan edib. Qeyd edək ki, gündəliyə əvvəldən nəzərdə tutulan 26 məsələdən əlavə, daha 5 məsələ daxil edilmişdi və ümumilikdə 31 məsələ müzakirəyə çıxarılmışdı. Yeni əlavə olunan maddələr bir neçə rayonun apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi ilə bağlı idi.
Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl millət vəkili Fəzail Ağamalı hüquq müdafiəçisi Leyla Yunusla bağlı məsələ qaldırıb. O deyib ki, Leyla Yunus NATO-nun Bakıda keçirdiyi seminara gələn ermənilərlə əlbir olub Azərbaycanın əleyhinə kampaniya aparıb: "Bu, əsl cinayətdir. Leyla Yunusun kifayət qədər mənbəyi, gizli maliyyə vəsaiti var. Bu cür hərəkətləri, ermənilərlə eyni cəbhədə olması onun maliyyə vəsaitinin ermənilərdən gəlməsindən xəbər verir. Hüquq mühafizə orqanları və Vergilər Nazirliyi bu məsələni ciddi araşdırmalıdır".
Spiker Oqtay Əsədov deputatın çıxışına belə reaksiya verib: "Xalqın gözü tərəzidir və hər şeyi görür. Hər şey də öz qiymətini alacaq".
Deputat Fazil Mustafa isə çıxışında nurçu cərəyana bağlı "Çağ Öyrətim" məktəblərinin və "Araz" kurslarının bağlanması məsələsini qaldırılıb. O iddia edib ki, bu məktəblərin bağlanması strateji və tarixi səhvdir: "Biz bir neçə ildən sonra bu qərarın nə qədər yanlış olduğunun və Azərbaycan təhsilinə ağır zərbə vurduğunun şahidi olacağıq. Kampaniyaçılıq heç vaxt yaxşı olmayıb. On minlərlə müəllim işsiz qalacaq. 3 ay ərzində bu qədər müəllimi hara, necə yerləşdirəcəklər? Onların əksəriyyətini işsiz qalacaq.
Oturuşmuş bir təhsil şəbəkəsini bu formada dağıtmaq doğru deyildi. Heç olmasa qəbulu dayandırardılar, orada təhsil alanlar təhsilini davam etdirərdilər".
Millət vəkili bu qərarın Türkiyə ilə bağlı siyasi proseslərdən qaynaqlandığını bildirib: "Orda baş verənləri bura tətbiq etmək düzgün deyil. Bu məktəblərin taleyi ilə bağlı qərarı bu cür vermək olmaz. Turan Yazqanın da məktəbi var. O da sıxışdırılıb. Bu qərarın Azərbaycan təhsilinə zərbə vurduğunu görürəm və bunu indidən deməyi özümə mənəvi borc bilirəm".
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev isə çıxışında öncə dövlət başçısının QHT-lərə diqqətindən danışdı: "Azərbaycan dövləti həqiqətən də vətəndaş cəmiyyətinin möhkəmlənməsi üçün ciddi addımlar atır, ölkədən kənarda da QHT-lərə layihələr verə bilir. QHT-lərin bütün təşəbbüsləri dəstəklənib. Azərbaycanda baş verən bir sıra tədbirlərə QHT-lər də dəvət olunur. Gələn həftə ATƏT-in Parlament Assambleyasının da toplantısı Bakıda keçiriləcək. Biz dəfələrlə qeyd etmişik ki, QHT-lərlə əməkdaşlığa hazırıq. Amma nədənsə həmin sessiyalara əsasən Azərbaycanı tənqid edən QHT-lər dəvət edilir. Hesab edirəm ki, QHT cəmiyyətinin bütün spektiri bu kimi tədbirlərə dəvət olunmalıdır".
Spiker Oqtay Əsədov da Azay Quliyevi dəstəkləyib. "NATO PA-da biz bunu gördük. Bundan NATO PA-nın sədri də narazı qaldı. Sessiyaları QHT tədbirlərinə çevirmək olmaz. Əgər kimsə bu QHT-lərlə görüşmək istəyirsə bunu edə bilər".
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov isə Milli Məclisi Türkiyə diplomatlarının İraqda İŞİD silahlıları tərəfindən girov götürülməsinə münasibət bildirməyə çağırdı: "Türkiyə Azərbaycan üçün qardaş ölkədir və əgər bu gün türk diplomatlarına qarşı bu cür addımlar atılırsa, deməli, bu hərəkət Azərbaycana da qarşı edilir".
Deputatın sözlərinə görə, bu məsələdə Türkiyəyə hər hansı formada dəstək göstərilməlidir.
Daha sonra Siyavuş Novruzov qeyd edib ki, HATO PA-nın Bakıda keçirilmiş seminarında müzakirə olunan məsələlərlə bağlı Ermənistandan gələn deputatların əsas informasiya mənbəyi Azərbaycanda olan bir sıra müxalifət partiyaları və bəzi QHT-lərdir: "Erməni deputatlar bir sıra QHT-lərin materiallarını misal gətirərək, Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən fikirlər səsləndirirdilər. Onlar həmişə erməni və digər düşmənlərlə əlbir olmağa hazırdırlar ki, Azərbaycan haqqında hər hansı mənfi informasiya yayılsın. Həmin seminarda da bunun şahidi olduq. QHT-lərlə bağlı qanun layihəsinə edilən dəyişiklikləri müxtəlif beynəlxalq təşkilatlara tamam başqa bir formada çatdırırlar ki, guya QHT-lər hüquq-mühafizə orqanlarının nəzarəti altına düşür, hər dəqiqə onlara hesabat verirlər. Həmin qanunda konkret olaraq şəffaflıq məsələsi ortaya qoyulub ki, QHT-lər xaricdən aldığı qrantı hansı formada xərcləməsi barədə ictimaiyyətə məlumat versin. Hesab edirəm ki, qanun layihəsi aydın şəkildə bir daha ictimaiyyətə şərh olunmalıdır".
Millət vəkili Qənirə Paşayeva isə diqqəti ötən gün Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndindən baş verənlərə yönəldib. Millət vəkili Ermənistan silahlı qüvvələrinin kəndin 3 mülki sakinin yaraladığını bildirərək, beynəlxalq təşkilatları etinasızlığa son qoymağa çağırıb.
"Dünən axşam Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq mülki vətəndaş Əlibəyli kənd sakini Əliyeva Ətayənin evini və özünü atəşə tutub və nəticədə o yaralanıb və təcili olaraq Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Bu gün səhər saatlarında isə erməni hərbçiləri yenə də öz çirkin əməllərinə əl ataraq mülki sakinlərdən 72 yaşlı Nağıyeva Qaraqızı və onun 5 yaşlı nəvəsi Nurcanı yaralayıblar. Ermənistan silahlı qüvvələrinin bu əməlləri bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla bərabər insanlıqdan kənar əməllərdir. Erməni hərbçiləri yaşlı qadın, körpə uşaq demədən mülki vətəndaşları və onların evlərini atəşə tutmaqla, yaralamaqla öz çirkin xislətlərindən əl çəkmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Doğrudur, ordumuz bütün istiqamətlərdə olduğu kimi Tovuz istiqamətində də kifayət qədər güclüdür və düşmənə layiqli cavab verirlər və veriblər. Amma düşmən yenə də məhz mülki insanları hədəfə almaqdan əl çəkmirlər. Yaxın günlərdə Avropa Şurası Parlament Assambleyasının sessiyasında bu məsələni təbii ki qaldıracağıq. Eyni zamanda inanıram ki, yaxın günlərdə Bakıda keçiriləcək ATƏT PA-nın toplantısında da nümayəndə heyətimiz bu məsələni qurumun diqqətinə çatdıracaq, bu kimi məsələlərə sərt münasibət bildirilməsini və addımlar atılmasını tələb edəcək. Biz də Avropa Şurasında məhz bu tələblə çıxış edəcəyik. Mən o bölgəni təmsil edən millət vəkili olaraq onların səsini və çağırışlarını buradan beynəlxalq təşkilatlara çatdırmaq istəyirəm. Onlar BMT-dən, ATƏT-dən, Avropa Şurasından və onların burdakı ofislərindən mülki vətəndaşların və onların evlərinin hədəfə alınmasına son qoyulması istiqamətində Ermənistana təzyiq göstərmələrinə çağırırlar. Məhz beynəlxalq təşkilatların bu məsələlərə bu cür duyarsız münasibətindən Ermənistan istifadə edərək öz çirkin əməllərini davam etdirir".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə NATO PA-nın Bakıda keçirilmiş seminarından çıxardığı nəticələrdən danışıb. O deyib ki, beynəlxalq hüquq böyük dövlətlər üçün əyləncədir: "Seminarda azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri açıqlamaq idi. Fikrimcə, buna müəyyən qədər nail ola bildik. İkinci məqsəd Azərbaycanın Avroatlantik məkanda əhəmiyyətini vurğulamaq idi və bu məsələ də geniş şəkildə müzakirə edildi. Üçüncü istiqamət dünyadakı münaqişələrin beynəlxalq hüquq çərçivəsində həlli barədə idi. Beynəlxalq hüquq çox dərin böhrandadır. Heç onun qapısını döyən də yoxdur. BMT onu idarə edən dövlətlərin çubuğu ilə kimlərinsə problemini həll edir. Amma obyektivlik istəyən kimsə ora müraciət etmir. Beynəlxalq hüquq bir sıra dövlətlərin əlində məşğuliyyət, əyləncədir, kiçik dövlətlər üçünsə məhdudiyyət".
Vitse-spiker bildirib ki, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza onunla söhbətində ikili standartlar olduğunu təsdiqləyib: "Deməli, biz bu reallıqları nəzərə alıb işləməliyik. Hər kəs özü öz qayğısına qalmalıdır. Bəli, bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Amma özümüzü də gücləndirməliyik. Dövlətçilik ətrafında birləşib problemlərimizin həllinə çalışmalıyıq".