ATƏT nümayəndələri Günnütə gedə bilər Siyasət

ATƏT nümayəndələri Günnütə gedə bilər

Bu ilin may ayının son günlərində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.
Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, "Xunut" dağı və "Ağbulaq" yüksəkliyi , daha sonra isə "Qızılqaya" dağı və "Mehridağ"ı işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək "Areni" qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir.
Azərbaycanın işğal altındakı ərazilərində süni məskunlaşdırma məsələlərini araşdıran ATƏT-in faktaraşdırıcı missiyasının fəaliyyəti nəzərə çarpmır.
Bəs, ATƏT-in faktaraşdırıcı missiyası 26 ildən sonra erməni silahlı birləşmələrindən azad edilən Günnüt kəndinə səfər edə bilərlərmi?
Azərbaycanın ATƏT-in PA-dakı nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili Modern.az-a açıqlamasında münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatların işğaldan azad olmuş ərazilərə səfər etməsi, faktlarla yerində tanış olmasının vacibliyini vurğulayıb.
"Bu zaman onlar daha ədalətli və daha informativ ola bilərlər. Azərbaycan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildikdə də beynəlxalq təşkilatları ora dəvət etmişdi. Yəni, bizdə artıq belə bir təcrübə var. Biz istəyirik ki, hər kəs dağıdıcı erməni sivilizasiyası ilə qurucu azərbaycanlı sivilizasiyasının fərqini görsün".
T.Mirkişili hesab edir ki, belə təcrübə Naxçıvanın işğaldan azad edilmiş Günnüt kəndində də istifadə oluna bilər.