Milli Məclisin növbədənkənar iclası keçirilib Siyasət

Milli Məclisin növbədənkənar iclası keçirilib

Deputatlar dövlət başçısının AŞ PA-dakı çıxışını yüksək qiymətləndiriblər
Oqtay Əsədov: "Mən prezident İlham Əliyevin AŞPA-dakı çıxışı ilə fəxr etdim"

Dünən Milli Məclisin növbədənkanar sonuncu iclası keçirildi.
Müzakirələrə başlamazdan əvvəl parlamentin spikeri Oqtay Əsədov dövlət başçısı İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında çıxışına diqqət çəkdi. Milli Məclisin sədri bildirdi ki, prezidentin Avropa Şurası Parlament Assambleyasındakı çıxışı alqışa layiq idi.
O, bir vətəndaş olaraq, prezidentin çıxışı, Dağlıq Qarabağ problemi haqqında dedikləri ilə fəxr etdiyini vurğuladı: "Bu çıxış bir daha sübut etdi ki, ölkədə islahatla aparılır. Dövlət başçısı beynəlxalq təşkilatlar qarşısında alnıaçıq olduğunu bildirdi. Bu çıxış sübut etdi ki, xalq prezidenti ilə fəxr edir".
Deputat Fəzail Ağamalı qeyd edib ki, yüksək intellekt, vətənpərvərlik, böyük siyasi təfəkkür nümayiş etdirərək, Azərbaycanın AŞPA ilə münasibətlərini yüksək səviyyədə ortaya qoyan, konkret faktlarla, arqumentlərlə Azərbaycan həqiqətlərini Avropa Şurasına çatdıran Azərbaycan prezidenti eyni zamanda Dağlıq Qarabağ problemini çox açıq və ciddi şəkildə önə çəkib.
Millət vəkili Qənirə Paşayeva da Azərbaycanın dövlət başçısının AŞ PA-dakı çıxışından danışdı: "Azərbaycan prezidenti Azərbaycanın maraqlarını, mövqeyini yüksək səviyyədə, bütün Assambleya üzvlərinə çatdırdı. Prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri artıq Azərbaycanla heç kəsin təzyiq və təhdid dilində danışa bilməyəcəyi mesajının verilməsi idi. Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan ikili standartları qəbul etməyəcək, ikili standartların heç birini qəbul etməyəcək. İlham Əliyevin Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə görəcəyi işlərlə bağlı açıqlamaları da çox böyük diqqətlə dinlənilirdi. Çünki Avropa Şurasında Azərbaycanın prioritetləri çox önəmli idi. Bəzi qüvvələr var idi ki, onlar ölkəmizin Avropa Şurasına sədrliyindən narahatdırlar. Onlar müxtəlif yollarla buna mane olmağa çalışırlar. Amma cənab prezident onların suallarının cavabında da bütün məsələlərə aydınlıq gətirdi. Dövlət başçısının ikili standartlarla mübarizə aparacağı barədə açıqlaması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıq mesajlar idi. Dövlət başçısı Azərbaycanın heç bir qarış torpağının da hansısa müzakirə mövzusu olmayacağını, münaqişənin ancaq ərazi bütövlüyü çərçivəsində həll olunacağını və bundan başqa bir variantın qəbul olunmayacağını vurğuladı. Nəinki Dağlıq Qarabağın, bu gün Ermənistanın paytaxtı olan İrəvanın da Azərbaycan torpağı olmasını Ermənistanın daha yaxşı bilməsini qeyd etdi. Ermənistan istəyir ki, beynəlxalq təşkilatların gündəmində bu problem zəifləsin. Amma Azərbaycan buna imkan verməyəcək".
Deputat Bəxtiyar Əliyev isə qeyd etdi ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib: "Azərbaycan hərtərəfli inkişaf edən hüquqi-demokratik bir ölkədir. Ən böyük problemimiz Qarabağdır. Çox təəssüf ki, bütün beynəlxalq təşkilatlar bu işğala biganə və ikili standartla yanaşırlar. Beynəlxalq təşkilatlar BMT-nin qətnamələrini yerinə yetirmir. AŞ PA-da öz öhdəliklərini yerinə yetirən ölkəyə ikili standartlarla yanaşır".
Millət vəkili Sabir Rüstəmxanlı isə həmkarlarını Kərkükdə baş verənlərə münasibət bildirməyə çağırdı: "İraqda türkmənlərə qarşı təzyiqlər var. Onlar öz torpaqlarında kürd kəndlərinə sığınıblar. Biz bu məsələdə susa bilmərik, onlar bizim bir parçasıdır. Hesab edirəm ki, Milli Məclis Kərkük və Mosulda baş verənlərlə bağlı mövqeyini ifadə etməlidir. Biz müharibə etməməliyik, amma bu insanlara yardım etməliyik. Bu insanlar tarixin görmədiyi bir fəlakət içində yaşayırlar".
Hakim Yeni Azərbaycan Partiyasından deputat Siyavuş Hovruzov isə dedi ki, Azərbaycanın haqq işinə, ölkəmizdə gedən proseslərə kölgə salmaq üçün Avropa Şurasında erməni lobbisinə işləyən müəyyən avropalı əl deputatlarının təxribatı baş tutmadı: "Çünki bizim işimiz haqq işidir. Prezidentin AŞ PA-dakı çıxışı ilə bütün Azərbaycan bir fəxarət hissi keçirtdi. Lakin erməni lobbisinə xidmət edən müəyyən avropalı deputatlar, ermənilər və ermənilərdən daha çox Azərbaycana ziyan vuran, Azərbaycan əleyhinə işləyən bəzi ünsürlər dövlət başçısının çıxışına kölgə salmağa çalışdılar. Cənab prezident Azərbaycanla bağlı, dünyada gedən proseslərlə bağlı fikirlərini səsləndirdi. Burada avropalı deputat cənab prezidentə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu barədə və regiondakı münaqişənin həlli yolları ilə bağlı deyil, mənşəcə erməni olan Leyla Yunus barədə sual verir. Niyə 1 milyon qaçqın haqqında sual vermir? Niyə işğal olunmuş 20% ərazimiz barədə sual vermir? Bu da bir daha həmin insanların simasını ortaya qoydu. Təbii ki, bunlara o cür çıxış, o cür münasibət sərf etmir və Azərbaycanın haqq işinə, Azərbaycanda gedən proseslərə kölgə salmaq istəyirdilər. Buradan guya mühacirət adı ilə gedib Avropada yaşayan və guya nəyəsə etiraz edənlərin bir qismi əslən ermənidirlər. Bizim əlimizdə faktlar var. Onlar gedib orda hətta bildirirlər ki, məhz erməni olduqları üçün Azərbaycanda sıxışdırılırlar. Lakin onların təxribatı baş tutmadı. Çünki bizim işimiz haqq işidir. Cənab prezidentin qeyd etdiyi kimi, Azərbaycanın sədrliyi dövründə bu qurumda ikili standartların qarşısının alınmasına çalışmalıyıq".
Deputat Asim Mollazadə isə tibbi sığorta ilə bağlı qanunun icra edilməməsindən şikayətləndi: "Bununla bizim səhiyyə sistemimizə xələl gətirir. 2 milyona yaxın vətəndaşımız müalicə olunmaq üçün İrana gedir. Biz Azərbaycan xalqının sağlamlığını təmin etmək üçün tibbi qanunlara əməl etməliyik və bu qanunun təkmilləşdirilməsinə çalışmalıyıq".
O, həmçinin Milli Məclisin qəbul etdiyi qanunlara əməl olunmadığını bildirdi.
Asim Mollazadə daha sonra prezident İlham Əliyevin AŞ PA-dakı çıxışını hətta avropalı parlamentarilərin də yüksək qiymətləndirdiyini diqqətə çatdırdı: "Azərbaycan prezidentinin AŞ PA-dakı çıxışından sonra oradakı bir çox deputatlarla əlaqə saxladım. Onlar Azərbaycan prezidentinin çıxışını yüksək qiymətləndirdilər".
Deputat çıxışının sonunda dövlət başçısının Təhsil Strategiyası ilə bağlı sərəncamını xatırlatdı: "Bu sərəncam vaxtında verilib. Çünki Azərbaycanda fəaliyyət göstərən həm texniki məktəblər, həm də ali təhsil müəssisələri bir sıra problemlərlə üz-üzə qalıb. Diqqət yetirmək istədiyim digər məsələ isə xaricdə oxuyan və elmi iş müdafiə edən gənclərimizlə bağlıdır. Bu gənclərə də diqqət və qayğı yoxdur".
Daha sonra gündəlikdə məsələlər müzakirə olunaraq qəbul edildi. Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatdı. Spiker Oqtay Əsədov bildirdi ki, növbədənkənar sessiya başa çatsa da, onlar iyul ayının 15-nə kimi fəaliyyətlərini davam etdirəcəklər: "Bu il Azərbaycanda yüksək səviyyədə beynəlxalq tədbirlər keçirilir. ATƏT-in Parlament Assambleyasının yay sessiyası Bakıda keçiriləcək. Hazırda 400-dən çox nümayəndə heyəti Azərbaycana gəlib. Odur ki, istəyirəm bu tədbirlərdə aktiv iştirak edəsiniz".