13:37
483
Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib.
Bu barədə APA-ya nəvəsi Lalə Aslanur məlumat verib.
O qeyd edib ki, nənəsi əvvəl deyildiyi kimi, II Fəxri xiyabanda deyil, vəsiyyətinə əsasən, Qurd qapısı qəbiristanlığında - qardaşının yanında dəfn olunacaq.
Xatırladaq ki, Roza Cəlilova ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.
***
12:03
Xalq artisti Roza Cəlilova II Fəxri xiyabanda dəfn olunacaq
Bu barədə APA-ya nəvəsi Lalə Aslanur məlumat verib.
***
10:20
Xalq artisti rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova vəfat edib.
Bu barədə APA-ya onun qızı məlumat verib.
96 yaşlı rəqqasə bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirərək iki il M.F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyət göstərib, 1965–1975-ci illərdə rəqs qrupuna rəhbərlik edib.
Roza Cəlilova uzun illər xoreoqraf kimi çalışıb və 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə geniş tanınıb. Onun repertuarında Azərbaycan milli rəqsləri ilə yanaşı ərəb, fars, hind və digər xalqların rəqsləri də yer alıb. Səhnə fəaliyyəti dövründə Kanada, Çexoslovakiya, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə çıxış edib.