Ermənistan yenə qapı ağzında qaldı Siyasət

Ermənistan yenə qapı ağzında qaldı

Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması haqda müqavilə bu ilin oktyabrında imzalana bilər. Bu barədə Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov açıqlama verib.
Qazaxıstanın XİN rəhbəri deyib ki, müvafiq sənədlərin imzalanması yəqin ki, Minskdə, oktyabr ayında, AİB dövlət başçılarının növbəti görüşündə baş tutacaq.
Olduqca maraqlı və komik bir vəziyyət yaranıb. Nə qədər kobud səslənsə də Ermənistan indi daha çox qapı ağzında qalan itə bənzəyir. Onu içəri buraxıb-baraxmamaq barədə hətta sahibi belə qərar verməyə tərəddüd edir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin diplomatlarla görüşdə demişdi ki, Ermənistan tezliklə qurumun üzvü ola bilər.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan da bəyan etmişdi ki, Avrasiya İqtisadi Komissiyası Ermənistanın ittifaqa qoşulması haqda müqaviləni dövlətlərarası razılaşma üçün onlara göndərib.
İrəvanın gözləntilərinin əksinə olaraq, ona yenə gözləməyi məsələhət görüblər. Hətta Sarksiyanın Astanada bir az da yalvarışa bənzər xahişini də nəzərə almadılar. Orada Ermənistan prezidenti xahiş etmişdi ki, ölkəsinin ittifaqa daxil olacağı tarix dəqiqləşsin və rəsmən elan edilsin. Bu xahişə cavab olaraq, ona Avrasiya İttifaqına iyulun 2-də qoşulacağını vəd etmişdilər.
Elə Rusiya prezidenti Vladimir Putin də Ermənistanın ittifaqa üzvlüyünün tezliklə baş verəcəyinə ümid etdiyini vurğulamışdı. Lakin Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubu barədə məlumat verərək Ermənistanın indiki sərhədləri daxilində ittifaqa üzvlüyünün mümkün olduğunu xatırlatmışdı.
Bu bəyanat Ermənistanda ciddi narazılığa və Sərkisyana qarşı sərt çıxışlara səbəb olmuşdu. Astana zirvəsində Nazarbayev Azərbaycanın dövlət başçısının məktubunu oxuyarkən, sifətinin əyildiyi açıq-aşkar sezilən və cavab vermək iqtidarında belə olmayan Sarksiyan ölkəsinə döndükdən bir neçə gün sonra bəyan etdi ki, Ermənistan Dağlıq Qarabağı öz ərazisi kimi tanımadığı üçün Avrasiya İttifaqına üzvlük də indiki sərhədlər çərçivəsində baş verəcək.
Lakin bununla belə rəsmi İrəvan Ermənistanla işğal olunmuş Dağlıq Qarabağ bölgəsi arasında gömrük məntəqələrinin qoyulmayacağını da dəfələrlə bildirib.
Çox güman ki, Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün nəzərdə tutulan vaxtda baş tutmamasının və növbəti dəfə payıza təxirə salınmasının səbəbləri qurum daxilində fikir ayrılıqları ilə bağlıdır. Rusiya hər nə qədər Ermənistanın ittifaqa üzvlüyü məsələsində tələssə də, Qazaxıstan və Belorusun münasibətini də nəzərə almaq məcburiyyətində qalıb. Xatırladaq ki, hətta Belorus prezidenti də bir müddət əvvəl Ermənistanın üzvlüyü ilə bağlı Azərbaycanın da mövqeyinin önəmli olduğunu dilə gətirmişdi.
Elə Rusiya üçün də Azərbaycanla münasibətlər az önəm daşımır və Ermənistanın üzvlüyü ilə bağlı elan edilmiş əvvəlki müddətlər kəsiyində Moskvadan yüksək çinli rəsmilərin Bakıya səfərləri də Kremlin Cənubi Qafqaz siyasətində həll edilməli olan problemlərinin olduğunu bir daha təsdiqlədi.
Əlbəttə ki, Rusiya-Azərbaycan münasibətlərində və dolayısı ilə Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsində düyün nöqtə yenə də Qarabağ konfliktidir.
Gbrünür, istər Rusiya xarici işlər naziri Lavrovun, istərsə də Kremlin digər emissarlarının Bakıda apardığı danışıqlarda da Ermənistanın ittifaqa üzvlüyü ilə bağlı Dağlıq Qarabağ şərti yenidən qaldırılıb. Yəni onsuz da beynəlxalq səviyyədə problemləri artan Rusiyaya xatırladılıb ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa Avrasiya İqtisadi Birliyindən hər hansı "açıq qapı" qoyulması Azərbaycanı Rusiya ilə münasibətlərə yenidən baxmaq məcburiyyətində qoyacaq. Bu isə o deməkdir ki, Rusiya ittifaq üçün heç nəyə yaramayan, əksinə birlik üçün əlavə yükə çevriləcək Ermənistana görə, Azərbaycanla yollarını birdəfəlik ayırmalı olacaq. Qərb isə bu situasiyadan yararlanaraq, Cənubi Qafqaz üzərindən Rusiyaya qarşı yeni cəbhə aça bilər. Gürcüstandan sonra Azərbaycanın da birtərəfli şəkildə Qərbə üz tutması, Moskvanın Cənubi Qafqazdakı mövqelərinə ağır zərbə demək olardı. Üstəlik Ermənistanın Avrasiya ittifaqı ilə bağlı avantürası Azərbaycanla geniş iqtisadi və siyasi əlaqələri olan Qazaxıstanın və Belorusun da maraqlarını təhdid edir.
Beləliklə, Ermənistan tamamilə oyundankənar vəziyyətə düşüb. Faktiki olaraq rəzil duruma düşmüş işğalçı ölkəni hətta Avrasiya İttifaqının qapısından içəri buraxmağa tərəddüd edirlər. Bunun Sarksiyan hakimiyyəti üçün nələr vəd etdiyini təsəvvür etmək də çətin deyil. Hər halda təbii qazın qiymətinin qaldırılması ilə bağlı Rusiyadan gələn qərarın fonunda Avrasiya İttifaqının qapısı ağzında gözləyən Ermənistanda qarşıdakı ayların siyasi mənası ilə çox isti keçəcəyi gözlənilir.
Cavanşir Həsənli