Amerikalı həmsədrdən tamformatlı danışıqlar təklifi Siyasət

Amerikalı həmsədrdən tamformatlı danışıqlar təklifi

Diplomat danışıqlarda "DQR"in də iştirakını istəyir

Cavid

Ermənistanın "Armtoday.info" agentliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama yayıb. Agentliyin məlumatında deyilir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsində Dağlıq Qarabağ problemin həlli ilə bağlı tamformatlı danışıqların bərpa olunmasına çağırıb: "Kipr yunanları və türklər münaqişə ilə bağlı tamformatlı danışıqların bərpa olunduğunu elan ediblər. Niyə Dağlıq Qarabağda da belə olmasın?"
Dağlıq Qarabağdakı separatçı rejimin "xarici işlər nazirliyi" Uorlikin mikrobloqdakı qeydinə belə cavab verib: "Biz də hesab edirik ki, Dağlıq Qarabağın birbaşa iştirakı ilə tamformatlı danışıqların bərpa olunmasının vaxtı çatıb".
Qeyd edək ki, Minsk qrupunun vasitəçilik missiyası bir nəticə verməyəndə separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda iştirakı məsələsi ortaya atılır.
Dağlıq Qarabağ ermənilərinin lideri Bako Saakyan deyib ki, münaqişənin həllinə dair onların iştirakı olmadan keçirilən istənilən müzakirə nəticəsiz qalacaq. O, "Azadlıq" radiosunun erməni xidmətinə verdiyi müsahibəsində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların formatının dəyişdirilməsini, Qarabağ ermənilərinin bərabərhüquqlu tərəf kimi müzakirələrdə iştirakını istədiklərini deyib: "Biz öz çıxışlarımızda həmişə vurğulayırıq ki, geniş danışıqlar lazımdır. Biz onu da həmişə təkrar edirik ki, əgər Dağlıq Qarabağın iştirakı olmasa, problemin həlli üçün beynəlxalq ictimaiyyətin apardığı müzakirələr, cəhdlər nəticəsiz qalacaq".
Bako Saakyan bildirib ki, onlar hətta dəfələrlə Minsk Qrupu həmsədrlərindən təkidlə tələb ediblər ki, Dağlıq Qarabağın danışıqlarda bərabərhüquqlu tərəf kimi iştirakını təmin etsinlər. Onun bildirdiyinə görə, Dağlıq Qarabağın müzakirələrdə iştirakı ATƏT-in 1994-cü ildə keçirilən Budapeşt sammitinin qərarlarında da öz əksini tapıb.
Tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın "xarici işlər naziri" Karen Mirzoyan isə bəyan edib ki, nizamlanma prosesində əsl irəliləyişə nail olunması yalnız hazırkı reallıqların nəzərə alınması, tamformatlı danışıqların bərpası, yəni prosesin bütün mərhələlərində "Dağlıq Qarabağ Respublikası"nın iştirakı şərtilə mümkündür".
Separatçı rejimin danışıqlarda iştirakının vacibliyini Fransanın Ermənistandakı səfiri Anri Reno da dilə gətirib: "ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın sülh danışıqlarında tərəf kimi iştirak etməsi barədə düşünür". Onun sözlərinə görə, bu məsələdə Azərbaycan və Ermənistanın mövqeləri vacibdir: "Fikirləşirəm ki, Azərbaycan və Ermənistan Qarabağın tərəf kimi danışıqlarda iştirak etməsi barədə qərar verməlidirlər. Qarabağ münaqişəsini məntiqi sonluğa çatdırmaq üçün bütün vasitələrdən istifadə olunacaq. Dağlıq Qarabağın danışıqların hansı mərhələsində prosesə cəlb edilməsinin məqsədəuyğunluğunu isə münaqişə tərəfləri müəyyən etməlidir".
Onu da bildirək ki, Dağlıq Qarabağın danışıqlarda birbaşa tərəf kimi iştirakı məsələsi bundan əvvəl də qaldırılıb. Bu, adətən erməni tərəfinin əlində şantaj elementi kimi istifadə olunurdu. Məsələn, Azərbaycan BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsinə dair qətnaməni müzakirəyə çıxaranda rəsmi İrəvan elan etdi ki, danışıqlardan çıxa bilər və bu halda Bakı danışıqları Dağlıq Qarabağla aparmalı olacaq. İndi isə Dağlıq Qarabağın danışıqlarda iştirakını İrəvan qaldırmır, ancaq Xankəndindəki separatçılar bu məsələni az qala ultimativ formada qoyur. Özü də bu ultimatum daha çox Ermənistan hakimiyyətinə ünvanlanıb. Bako Saakyan mesaj verir ki, Sarkisyan qarabağlı olsa da onların başı üzərindən hər hansı razılaşma əldə edə bilməz. Prinsipcə, Dağlıq Qarabağ separatçılarının danışıqları və əldə edilə biləcək mümkün razılaşmanı pozmaq imkanları var. Bunun üçün cəbhə xəttində təxribatlara əl atmaq kifayət edir.
ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç də Dağlıq Qarabağ problemi ilə bağlı müzakirərlərdə qondarma "Dağlıq Qarabağ Respublikası"nın da tərəf kimi iştirakının labüd olmasını iddia edib. Onun sözlərinə görə, münaqişə ilə bağlı hər hansı danışıqlarda "Dağlıq Qarabağ xalqı" tərəf kimi iştirak etməlidir, lakin burada Azərbaycan da daxil olmaqla bütün tərəflər həmfikir olmalıdırlar. "ABŞ olaraq biz bunu alqışlayırıq?, - deyə səfir vurğulayıb. O, həmçinin qeyd edib ki, regionda problemləri vaxtında həll etmək istəyiriksə Dağlıq Qarabağ məsələsi ilə Ermənistan-Türkiyə sərhədlərinin açılmasını bir-birinə qarışdırmamalıyıq.
Maraqlıdır, Amerikalı həmsədrin niyə məhz Kipr problemi ilə Dağlıq Qarabağ münaqişəsini eyniləşdirir? Əvvəlcə Kipr problemi və Dağlıq Qarabağ münaqişəsi arasında müqayisə aparaq. Politoloq Qabil Hüseynli deyir ki, Kipr hadisələrinin əsasında yunanların 1960-cı ildə qurulmuş Kipr Respublikasını (bu dövlətin prezidenti yunan, vitse prezidenti türk idi. Cəmiyyətin bütün sahələri-polis (70-in 30 faizə nisbətində), ordu və s. təxminən bu şəkildə balanslaşdırılmışdı) Problemin əsasında 1963-cü ildə yunanların monoetnik dövlət quruluşuna cəhdi və bu zəmində yerli türklərə qarşı həyata keçirilən qırğın əməliyyatları, həbslər və türklərin adadan sıxışdırılıb çıxarılması cəhdləri durub.
Yunanıstan isə 1974-cü ildə "qara polkovniklər"in dövründə Kiprə qoşun çıxarıb, prezident-keşiş Makariosun hakimiyyətini devirib, adada "enozis" planını (Yunanıstana birləşmə) həyata keçirməyə çalışıblar, türkləri adanın cəmi 3 faiz ərazisinə sıxışdırıblar. Kiprdə türklərə qarşı soyqırım siyasəti yeridiblər, EOKA adlı yunan terror təşkilatı türkləri terrora məruz qoyub. Bunun da müqabilində Türkiyə 1974-cü ilin iyul ayının 20-də adaya desant çıxarıb və oradakı türk əhalisinin mövqeyini müdafiə edən addımlar atıb. Yəni yunanlar türk işğalından danışsalar da, birinci işğal faktını yunanlar özləri həyata keçiriblər: "Adaya qoşun çıxarılmasında və münaqişənin alovlanmasında təhrikedici rolu məhz Yunanıstanda 1967-ci ildə hakimiyyətə gələn hərbi xunta həyata keçirib".
Qabil bəyin sözlərinə görə, bu baxımdan Kipr hadisələri ilə Qarabağ problemi arasında müəyyən oxşarlıq var: "Ancaq ümumilikdə, Kipr adasının öz spesifikası var. Bu spesifika müəyyən dövrlərdə müxtəlif xarakter daşıyıb. Tutaq ki, Yunanıstanın Kiprə müdaxiləsi, adada yunan və türk icmaları arasında toqquşma bir faktdır. Amma sonra Yunanıstan qoşunlarının Kiprdən çəkilməsi prosesi baş verir, hakim mövqelər yenə də kiprli yunanların əlində qalır. Buna da cavab olaraq Türkiyə adaya qoşun çıxarır və orada türklərin maraqlarının müdafiəsinə yönəlik hadisələr baş verir, 1983-cü il noyabrın 15-də Kiprdə müstəqil bir Türk Cümhuriyyəti elan olunur".
Qabil Hüseynli bildirdi ki, indi dünya bu faktı qəbul etməsə də, tənzimləməylə əlaqədar BMT-nin sabiq baş katibi Kofi Annanın hazırladığı plan bəyənilib. Kofi Annan planı Türkiyəni qane etməsə də, hər halda Qarabağ probleminə yaxınlaşmayla müqayisədə daha məqbul, demokratikdir və hadisələrə münasibət tərzi də kifayət qədər proqressivdir. Məsələn, planda adada iki icmanın mövcudluğu qəbul edilir. Halbuki Dağlıq Qarabağın Azərbaycan icması tamamilə haqq-hesabdan silinib və heç nəzərə alınmır. Kiprdə nizamlama prosesində hər iki icmanın maraqlarını əks etdirən polietnik bir dövlət quruluşunun, siyasi sistemin qurulması təklif edilir. Məsələn, Kofi Annan planında prezidentin bir dəfə yunan, növbəti dəfə türk olması nəzərdə tutulur. O halda vitse-prezident avtomatik ya türk, ya da yunan olur. Amma qanunvericilik oranında deputatların sayı aadadakı əhalinin sayına proporsional seçilməlidir. Bunu da təbii hesab etmək olar. Çünki yunan əhalisi türklərə nisbətən çoxdur. Amma hər halda Kiprlə əlaqədar Kofi Annın planında təklif edilən nizamlanma prosesi Dağlıq Qarabağla bağlı təklif olunan nizamlama ilə müqayisədə kifayət qədər fərqlidir və türk əhalisinin maraqlarını müəyyən səviyyədə nəzərə alır: "Bu etnik münaqişələrin tarixi aspektlərində oxşarlıq var, amma nizamlama ilə bağlı təklif edilən planlarda oxşarlıq yoxdur, hətta diametral əksilik var. Bu da sırf ədalətsizliyin təzahürüdür. Yəni hadisələrin
anatomiyası etibarilə oxşarlıq var, problemin həllinə yanaşma tərzində ciddi fərqlər var".
Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Sadettin Topukçu isə bildirib ki, bu problemlərdən hər birinə ayrı-ayrılıqda nəzər yetirmək lazımdır: "Əlbəttə, bu problemlər eyni deyil. Biz yunanlarla birgə öz dövlətimizi yaratdıqdan 3 il sonra onlar silah gücü ilə ortaq hökumətdən Kipr türklərini çıxardılar. Bu yalnız bir məqsəd daşıyırdı - Kipri Yunanıstan ilə birləşdirmək. Qarabağ probleminə gəldikdə isə, Qarabağ Ermənistanın silah gücü ilə işğal etdiyi Azərbaycan torpağıdır. Qarabağ və Kipr problemləri arasında heç bir oxşarlıq yoxdur. Bir daha təkrar edirəm ki, məqsəd Kipri Yunanıstan ilə birləşdirmək idi ki, bu da adanın türk əhalisinin etirazına səbəb oldu. Qarabağda isə işğal faktı mövcuddur. Bu gün Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqları davam edir. Bu məsələdə Azərbaycan necə davranmalı olduğunu - sülh danışıqlarını davam etdirməyi və ya digər yola əl atmağı özü həll edəcək".
Politoloq Mübariz Əhmədoğlunun fikrincə isə, Dağlıq Qarabağ danışıqları ya ikitərəfli, ya da dördtərəfli formatda keçirilməlidir: "Ermənilər ikitərəfli formatda uğur əldə edə bilmir. İndi də çalışırlar ki, danışıqlar üçtərəfli formatda keçsin. Yəni Azərbaycan, Ermənistan və bir də qondarma "DQR" çərçivəsində. Bu variant yolverilməzdir. Azərbaycan isə hesab edir ki, Dağlıq Qarabağ danışıqlara qoşulursa, bu zaman Qarabağın azərbaycanlı icması da prosesdə iştirak etməlidir. Yəni ya ikitərəfli, ya da dördtərəfli format olmalıdır. Dağlıq Qarabağın azərbaycanlıları danışıqlar prosesinə qoşulacaqsa, bu o deməkdir ki, onlar gedib öz dədə-baba yurdlarında oturacaqlar".
Politoloq Vəfa Quluzadə isə deyib ki, Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi qəbul edilməməsi rəsmi Bakı üçün prinsipial qərardır. Çünki Bakıda hesab edirlər ki, Dağlıq Qarabağın danışıqlarda tərəf kimi qəbul edilməsi həm də Azərbaycanın onu bir dövlət, bir tərəf kimi tanıması demək olardı. Vəfa Quluzadənin fikrincə, indiki mərhələlərdə hüquqi cəhətdən Qarabağ ermənilərinin danışıqlarda iştirakı nəzərdə tutulmadığından onların bəyanatları müzakirələrin nəticələrinə heç bir təsir göstərə bilməz.