Diplomatların V müşavirəsi keçirilib Siyasət

Diplomatların V müşavirəsi keçirilib

Novruz Məmmədov: "Xarici siyasətin hücum xarakteri daşıması qarşıdakı il ərzində də əsas istiqamətlərdən olacaq"
Aqşin Mehdiyev: "Azərbaycan bütün beynəlxalq təşkilatlarda öz maraqlarını hər şeydən üstün tutur"
Səfir Hidayət Orucov: "Strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirməkdir"

Dünən Xarici İşlər Nazirliyində Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin V müşavirəsi keçirilib.
Müşavirədə Azərbaycan prezidenti İlham Əliyev də iştirak və çıxış edib.
Xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək, dördüncü müşavirədən sonrakı müddətdə görülmüş işlər barədə məlumat verib.
Qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir. Müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılır.
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov APA TV-yə müşavirə barədə danışıb: "Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin iştirakı ilə keçirilən beşinci müşavirə əhəmiyyətli məqamlarla yadda qaldı. Müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılıb".
Onun sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, müşavirə zamanı Azərbaycanının diplomatik korpusları, xarici ölkələrdə fəaliyyət göstərən səfirlər və Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edilir: "Qarşıda duran fəaliyyət proqramı müəyyənləşdirilir. Bununla bağlı prezidenti İlham Əliyev diplomatlar qarşısında təxminən bir saat çıxış edib. Bütün məsələlər ətrafında Azərbaycanın mövqeyini bir daha bəyan edib. Səfirlərə, XİN əməkdaşlarına tövsiyə və tapşırıqlarını verib".
O deyib ki, Azərbaycanın yürütdüyü xarici siyasətin hücum xarakteri daşıması, Azərbaycanın maraqlarının müdafiə olunması qarşıdakı il ərzində də diplomatlarımız üçün əsas istiqamətlərdən olacaq.
Novruz Məmmədov bildirib ki, müşavirədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin mövqeyi, aparılacaq danışıqlar və görülən işlərdən danışılıb: "Prezident İlham Əliyev müşavirədəki çıxışının 30 dəqiqəsini məhz Dağlıq Qarabağ münaqişəsinə həsr etdi. Bununla bağlı Azərbaycanın beynəlxalq aləmdə yerinin, mövqeyinin getdikcə güclənməsi, beynəlxalq təşkilatlarda iştirakı , regionda liderliyi , irimiqyaslı layihələrin həyata keçirilməsi, xarici ölkələrə sərmayələrin qoyulması, eyni zamanda BMT Təhlükəsizlik Şurasında, Qoşulmama Hərəkatında və digər mühüm beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin həllinin daim diqqət saxlanılması bir daha vurğulandı".
PA rəsmisinin sözlərinə görə, dövlət başçısı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini bir daha bəyan edib. Bundan əlavə toplantıda Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsi, beynəlxalq aləmə daha sıx inteqrasiyası, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi məsələləri də müzakirə olunub.
Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Aqşin Mehdiyev bildirib ki, diplomatik xidmət orqanları rəhbərlərinin V müşavirəsi çox əlamətdar görüş oldu: "Azərbaycan prezidenti xarici siyasətimizin prioritet istiqamətlərini bir daha bəyan etdi. Azərbaycanlı diplomatlar qarşısında mühüm və yeni vəzifələr qoyuldu".
Onun sözlərinə görə, qarşıya qoyulan mühüm tapşırıqlardan biri xarici təşkilatlarla iş aparmaq, o cümlədən müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin inkişafına nail olmaq idi.
Aqşin Mehdiyev Azərbaycanın xarici təşkilatlar qarşısında həyata keçirdiyi uğurlu diplomatik fəaliyyətə də diqqət çəkib. O, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi tarixi nailiyyət və xarici siyasətimizin böyük uğuru adlandırıb.
Diplomatın sözlərinə görə, Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə çıxış edir və öz maraqlarını hər şeydən üstün tutur.
Azərbaycanın Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov bildirib ki, diplomatların dövlət başçısı ilə görüşü mühüm ictimai-siyasi əhəmiyyət kəsb edir: "Çünki bu görüş növbəti bir ildə görəcəyimiz işlərin əsasını müəyyən edir. Bu gün Azərbaycan ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli münasibətlərini davam etdirir. Əminəm ki, əməkdaşlığımızı inkişaf etdirmək üçün müşavirənin keçirilməsi yeni imkanlar açacaq".
Onun sözlərinə görə, qarşıya qoyulan əsas istiqamətlərdən biri də beynəlxalq müstəvidə iki və çoxtərəfli münasibətlərin genişləndirilməsi oldu: "Eyni zamanda diplomatlara beynəlxalq təşkilatlarla işin daha da canlandırılması tövsiyə olundu. Qazanılmış uğurları və nailiyyətlərin davam etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın münaqişənin həllində qəti mövqeyi, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına qətiyyətlə yol verilməməsi istiqamətində mühüm işlərin aparılması əsas məqsəd olaraq yenidən qarşımıza qoyuldu".
Hidayət Orucov qeyd edib ki, gündəlikdə olan strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirmək, ölkəmizi dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələr səviyyəsinə yüksəltməkdir.