“Biz həm Fransa, həm də ABŞ-dan narazı qalmağımızda haqlıyıq” Siyasət

“Biz həm Fransa, həm də ABŞ-dan narazı qalmağımızda haqlıyıq”

Elxan Şahinoğlu: "Çünki, Paris və Vaşinqton istəsəydilər separatçıların bu səfərlərinin qarşısını ala bilərdilər"


"Qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya və daha sonra ABŞ-a səfəri sıradan bir Ermənistanın vətəndaşının səfəri deyil, bunu təxribat xarakterli layihə kimi qəbul etmək olar". Bu fikirləri deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, bu gün Ermənistan Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmaqdan imtina edir və yeni hakimiyyət Azərbaycan torpaqlarının işğalçılıq siyasətini davam etdirir. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun bu məsələdə aktiv rola malik olmasına baxmayaraq, çox təəssüf ki bəzi hallarda ya işğalçı dövlətin tərəfini tutur və ya onun apardığı təxribatçı siyasətə dəstək verir: "Həm ABŞ, həm Fransa Bako Saakyanın kim olduğunu yaxşı bilir. Bu baxımdan əllərində olan hüquqi imkanlardan istifadə edərək, ya onu həbs edərək Azərbaycana ekstradisiya etməli və ya ən azı onun öz ölkələrinə səfər etməsinə mane olmalı idilər. Amma çox təəssüf ki, bunların heç biri baş vermədi. Hətta Saakyan öz həyasızlığına salaraq hər iki ölkədə seçkili orqanların nümayəndələri ilə də görüş təşkil etdi ".
A.Mirzəzadə söyləyib ki, bu məsələyə Azərbaycan biganə qala bilməz: "Artıq Fransaya bu məsələyə dair diplomatik nota verilib. Biz o cümlədən ABŞ-a nəyə görə bu məsələyə göz yumduğunu, nəyə görə, Azərbaycan torpaqlarını işğalında iştirak edən və bu gün işğal olunmuş torpaqda qeyri-qanuni hakimiyyət həyata keçirən şəxslə qarşı belə liberal münasibət göstərdiyinin səbəbini soruşuruq. Beynəlxalq hüquq ikili standartlıqla izah edilə bilməz. Bu baxımdan hər iki ölkə ATƏT-in Minsk qrupunun həmsədrləri kimi öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidirlər".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma separtaçı rejimin başçsı Bako Saakyanın Fransadan sonra Birləşmiş Ştatlara səfəri ATƏT-in Minsk qrupu çərçivəsində Vaşinqtonun apardığı vasitəçilik missiyasına zərbə vurur. Onun sözlərinə görə, separatçılığı təbliğ edən birinin Birləşmiş Ştatlara getməsinə yaşıl işıq yandırılması, Vaşinqtonun münaqişənin həllində ikili stansartalarının təzahürüdür: "Göründüyü kimi Minsk qrupunun üç həmsədr dövlətinin fəaliyyəti demək olar ki, separtizmi dəstəkləmək və danışıqlar prosesinə zərbə vuran addımlara yol verməkdi. Zənnimcə rəsmi Bakı Fransa və Birləşmiş Ştatların diqqətinə çatdırılmalıdır ki, Bako Saakyan birbaşa Rusiyanın xüsusi xidmət oraqnlarına bağlı şəxsdir və onun fəaliyyəti Birləşmiş Ştatların, Fransanın regionda maraqlarına qarşıdır".
Politoloqun sözlərinə görə, Birləşmiş Ştatlar digər separtçılara qarşı sanksiyalar tətbiq edirsə, niyə Azərbaycanın işğal olunmuş ərazilərində separatçıların ölkəsinə girişinə icazə verir: "Bununla bağlı ölkəmizdəki Fransa, ABŞ və Rusiya səfirliyinə sorğu göndərəcəm. Onların cavablarını ictimaiyyətə açıqlayacam. Hazırda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə münaqişənin həlli ilə bağlı etimad etmək olmaz. Təssüf ki, Birləşmiş Ştatlar prezidentinin regiona xüsusi diqqətinin artması, Azərbaycan prezidentinə bu il ərzində ünvanladığı məktubunda Qarabağ münaqişəsinin yaxın aylarda həllində irəlləyiş olacaq kimi mesajlar verməsi, ardınca milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri çərçivəsində Qarabağ münaqişəsinin Yerevanda tezliklə həll edilməsini qeyd etməsi Vaşinqtonun münaqişənin həllində maraqlı olduğunun göstəricisi idi. Belə bir siyasi situasiyada separatçı və hərbi cinayətkar olan Bako Saakayanın Birlşmiş Ştatlara səfəri müəyyən suallar doğurur. Bu onu göstərir ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar formatı uğurlu olmayacaq. Qeyd edim ki, real və subsatantiv danışıqlar bu format çərçivəsində mümkün deyil. Hesab edirəm ki, Azərbaycan rəsmən ATƏT-in Minsk qrupuna alternativ olaraq Türkiyə, Avropa İttifaqı və Almaniyadan ibarət olan yeni bir danışıqlar formatı üçün qrumun yaradılmasını şərt kimi irəli sürməlidir".
Politoloq Elxan Şahinoğlu deyib ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Fransadan sonra ABŞ-da oldu: "Bu səfər də Azərbaycanda etirazla qarşılandı". Onun sözlərinə görə, Azərbaycan XİN separatçıların liderinin ABŞ-a səfərinə etiraz etdi: "Bundan əvvəl eyni etiraz Fransaya ünvanlanmışdı. İki sual aktualdır:
Birinci sual: Separatçıları Parisə və Vaşinqtona kim və ya kimlər dəvət edib?
İkinci sual: Separatçıların bu səfərdən məqsədləri nədir?
Aydındır ki, erməni separatçılarını Fransaya hansısa siyasi mərkəzlər dəvət ediblər. Və həmin mərkəzlər bilirdilər ki, bu səfər Azərbaycanın xoşuna gəlməyəcək. Buna baxmayaraq, həmin mərkəzlər separatçıların liderini dəvət ediblər və bununla Fransa-Azərbaycan münasibətlərini təhlükə altına atıblar. Əlbəttə, bu səfərin təşkil olunmasında Fransadakı erməni lobbisinin də rolu var. Onlar böyük ehtimalla separatçıların liderinin Fransaya səfərini maliyyələşdiriblər. Erməni lobbisinin məqsədi həm Fransanın müxtəlif mərkəzlərinin separatçılara dəstəyinin artırılmasına nail olmaq, həm də Fransa-Azərbaycan münasibətlərinə zərər vurmaqdır.
Eyni sözlər ABŞ-a da aiddir. Bako Saakyanın ABŞ-a səfərini də böyük ehtimalla Amerikada erməni separatçılarına rəğbət bəsləyən mərkəzlər və Amerikadakı erməni lobbisi təşkil edib. Fransada olduğu kimi bu mərkəzlərin də iki məqsədi var. Birincisi, Amerikanın erməni separatçılarına dəstəyini artırmaq, ikincisi, ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır.
Biz həm Fransa, həm də ABŞ-dan narazı qalmağımızda haqlıyıq. Çünki, Paris və Vaşinqton istəsəydilər separatçıların bu səfərlərinin qarşısını ala bilərdilər. Məsələn, Abxaziya, Cənubi Osetiya və ya Donbass separatçılarının liderlərinin Fransaya və ya ABŞ səfərlərinə nə Paris, nə də Vaşinqton icazə verər. Belə bir fikir onların ağıllarına da gəlməz. Demək ikili yanaşma var. ABŞ-da və Fransada erməni separatçılarını digərlərindən ayırırlar, onlara daha xoş münasibət var. Bu siyasətin davamı həm Azərbaycan-Fransa, həm də Azərbaycan-ABŞ münasibətlərinə problemlər yarada bilər.
Azərbaycan-Fransa və Azərbaycan-ABŞ iqtisadi və ticarət əlaqələri Ermənistan-Fransa və Ermənistan-ABŞ iqtisadi və ticarət əlaqələrini dəfələrlə üstələyir. ABŞ-la Azərbaycan arasında isə ümumiyyətlə strateji əlaqələr qurulub. İki dövlət arasında ciddi fikir ayrılığı yoxdur. Buna baxmayaraq, Dövlət Departamentinin erməni separatçıların liderini ABŞ-a səfərinə mane olmaması münasibətlərə kölgə salır. Ən azı ABŞ Dövlət Departamenti Bako Saakyana viza verməyə bilərdi. Ancaq həm Paris, həm də Vaşinqton separatçıların liderinə bu vizanı veriblər.
Buna baxmayaraq, Fransa və ABŞ-la münasibətlərdən imtina da edə bilmərik. Hər ikisi dünyanın aparıcı dövlətidir və Azərbaycanla sıx əlaqələrə malikdirlər. Biz əgər Bako Saakyanın səfərinə görə Paris və Vaşinqtonla münasibətləri zəiflətsək bundan ancaq həmin ölkələrdəki erməni lobbisi və erməni separatçıları sevinəcəklər. Əlbəttə, həm Parisi, həm də Vaşinqtonu tənqid etməliyik, ancaq düşmənlərimizi də sevindirməməliyik".