“Belarus və Azərbaycan bir nümunə nümayiş etdirdilər” Siyasət

“Belarus və Azərbaycan bir nümunə nümayiş etdirdilər”

Tofiq Abbasov: "Bu isə hər iki tərəfin qarşılıqlı iradə və niyyətindən irəli gəlir"

Belarus və Azərbaycan postsovet məkanında qarşılıqlı əməkdaşlıq və etimad baxımından çox yüksək bir nümunə nümayiş etdirdilər. Bu isə hər iki tərəfin qarşılıqlı iradə və niyyətindən irəli gəlir.
Bu sözləri Prezident İlham Əliyevin Belarusa səfərinin yekun nəticəsini şərh edən politoloq Tofiq Abbasov deyib.
"Dövlət başçılarının təkbətək görüşünün 2 saatdan artıq davam etməsi ikitərəfli münasibətlərin mahiyyətinin yüksək səviyyəsini bir daha ortaya qoydu. Tərəflər bir-birinə güvənərək münasibətlərin səmərəliliyini artırmaq qərarı alıblar. Minsk görüşünün yekunu olaraq iki dövlət arasında memorandum imzalanıb ki, bu da xoş niyyətlərə söykənən bir sənəddir. Bu memorandum ən yaxın zamanlarda protokola çevriləcək və ondan irəli gələn bütün ideyalar öz həllini tapacaq. Təbii ki, söhbət ilk növbədə Belarusun dünya standartlarına cavab verən yüksək keyfiyyətli silah və hərbi texnikasının yeni partiyasının Azərbaycana gətirilməsindən gedir", - T.Abbasov bildirib.
Politoloq qeyd edib ki, Bakı ilə Minsk arasında baş tutan bu uğurlu anlaşma naqolay siyasət yeridən Ermənistanın ürəyincə deyil:
"Təsadüfi deyil ki, Paşinyan başda olmaqla, rəsmi İrəvan artıq səs-küylü kampaniyaya başlayıb. Belə ki, İrəvan Minskin ünvanına hədələr yağdıraraq sözügedən anlaşmanın əvəzini çıxacağını bildirir. Ermənistan bu cür davranışlarla necə nataraz siyasət yürütdüyü bir daha ortaya qoyur. İrəvanın Minskdən nə istədiyi həqiqətən də anlaşılan deyil. Ermənistan özünə düşmən qazanmaqda davam edir. Bu isə İrəvan üçün yaxşı heç nə vəd etmir".
Politoloq Azərbaycan-Belarus münasibətlərinin hər iki ölkə üçün mühüm perspektivlər vəd etdiyini deyib:
"Yaxın gələcəkdə münasibətlərin daha da irəliləməsi Bakı və Minskə dividentlər gətirəcək. Bu xoş ab-hava isə özlüyündə nəinki sözügedən dövlətlərə, eləcə də digər xalqlara sabitlik gətirəcək".
Politoloq Əhəd Məmmədli isə deyib ki, Belarusda qaz böhranı yaşananda Azərbaycan bu ölkəyə dəstək verdi.
O bildirib ki, Lukaşenko həmin vaxt Prezident İlham Əliyevə təşəkkür etdi:
"Rusiya qiymətlə bağlı anlaşılmazlığa görə Belarusa verdiyi qazı kəsəndə Azərbaycan bu ölkəyə təmənnasız qaz verdi. Azərbaycan Belarus xalqını donmaqdan xilas etdi. Lukaşenko Əliyevə "sizi gözləyirdik" sözünü əbəs yerə söyləmədi. KTMT-nin üzvləri olsa da, Qazaxıstan və Belarus Aprel müharibəsi zamanı demək olar ki, Azərbaycanın yanında oldular. Digər tərəfdən, erməni namizədin yenidən KTMT-yə baş katib seçilməsinə Nazarbayevlə Lukaşenko əngəl oldu. Bütün bunlar təbii ki, Ermənistanı çox qıcıqlandırır".
Politoloq vurğulayıb ki, bundan sonra da Qazaxıstanla Belarus Azərbaycanın yanında olacaq:
"Belarus və Azərbaycan prezidentlərinin birgə bəyanatı iki ölkə münasibətlərinin yeni inkişaf müstəvisinə keçdiyindən xəbər verir. Memorandumda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı altıncı bəndin yer alması təsadüf deyil. Bu sazişlə Belarus bir daha vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu isə o deməkdir ki, sabah Azərbaycan Ermənistanla müharibəyə başlasa, Belarus yenə Azərbaycanı dəstəkləyəcək. Doğrudur, KTMT-nin nizamnaməsinə əsasən, bu quruma daxil olan ölkənin biri bu qurumda olmayan hər hansı bir ölkə ilə hərbi münaqişədə olacaqsa, dərhal KTMT-yə daxil olan digər dövlətlər də müttəfiqinə dəstək verməlidir. Amma məsələ də bundadır ki, söhbət Ermənistana hərbi müdaxilə olarsa gündəmə gələ bilər. Ermənistana isə heç kim müdaxilə etmək niyyətində deyil. müharibə Azərbaycanın Belarusun da tanıdığı sərhədləri daxilində gedəcək. Ona görə də nə Belarus, nə də Qazaxıstan Ermənistana dəstək vermək niyyətindədir".
"Belarus ilə Azərbaycan arasında əməkdaşlıq özünün xüsusi xarakteri, ən əsası isə, davamlı inkişafa meyilli olması ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırır. Azərbaycan Prezidenti hər zaman qeyd edir ki, Belarus MDB məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Ölkə Prezidenti səviyyəsində iki ölkə arasındakı münasibətlərin səviyyəsinin belə yüksək qiymətləndirilməsi obyektiv əsaslara söykənir. Həqiqətən, Belarus və Azərbaycan Respublikaları demək olar ki, bütün sahələrdə: siyasi, iqtisadi, mədəni, enerji, hərbi sahələrdə qarşılıqlı səmərəli əməkdaşlıq qura bilmiblər".
Bu fikirləri isə politoloq Ehtiram Aşırlı deyib.
Politoloq bildirib ki, iki ölkə arasında əlaqələrin konstruktivliyini təmin edən mühüm məqamlardan biri də hər iki tərəfin əməkdaşlığın yeni-yeni trendlərinin axtarışında olmasından ibarətdir: "Bu baxımdan iki ölkə başçısı arasındakı görüşün protokolda nəzərdə tutulandan daha çox çəkməsinin səbəbi əməkdaşlığın inkişaf etdirilməsinin yeni yollarının axtarışıdır. Fikrimcə, digər bir səbəb Belarus prezidenti Aleksandr Lukaşenko ilə cənab Prezident arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son Astana zirvəsi ilə bağlı məsələlərin və regionda baş verən son hadisələrin müzakirə edilməsi ilə bağlıdır. Xüsusilə, iqtisadi və hərbi əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılacaq yeni addımlar barəsində müzakirələrin aparılması da geniş bir vaxt tələb edir. Bu səbəbdən də görüşün bu qədər uzun baş tutması gözlənilən idi. Bundan əlavə 2019-cu ildə Belarus Azərbaycandan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Hesab edirəm ki, belə genişmiqyaslı tədbiri layiqli keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsindən ətraflı faydalanmaq istəyən Lukaşenkonun da cənab Prezidentimizdən maraqlanacağı mövzular var ki, bu da danışıq prosesinin uzun çəkməsinə gətirib çıxaran digər amillərdən biri ola bilər".
"Ümumiyyətlə, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasındakı strateji xarakter alan əlaqələrimiz Ermənistan tərəfində narahatlıq yaradır. Bir neçə saat öncə Ermənistanın baş naziri Paşinyan da mətbuat konfransı zamanı Azərbaycan-Belarus strateji əməkdaşlığından ciddi təşvişə düşdüyünü gizlətməyib. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri çərçivəsində Belarusun dövlət başçısı Aleksandr Lukaşenko ilə hərbi-strateji sahədə eyni fikirləri bölüşməsi onun təşvişini artırıb və bəyanat səsləndirməyə məcbur edib. Belarusda imzalanmış ikitərəfli memorandum əsasında silah təchizatı məsələsinin də yer almasından narahat olan Paşinyan bildirib ki, bu anlaşmalar KTMT üzvü olan Ermənistanın maraqlarına zərbədir. Bu baxımdan, Belarus tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlər rəsmi İrəvanı və Paşinyanı narahat etməyə bilməz. Çünki üzv olduğu KTMT-yə daxil olan ölkələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləmələri Ermənistanın mövqeyinin zəifləməsi deməkdir. Xüsusilə, erməni ekspertləri və ictimaiyyəti Paşinyanı Xaçaturovu geri çağırmaqla səhv addım atdığına görə günahlandırırlar. Erməni ekspertləri bildirirlər ki, Paşinyanın Astana zirvəsinin uğursuzluqla nəticələnməsi rəsmi İrəvanın mövqeyinin KTMT-da zəifləməsinə gətirib çıxaracaq. Bu baxımdan onlar hesab edirlər ki, Qarabağ məsələsində KTMT-ə üzv olan ölkələr tərəfindən təklənəcəklər. Belə olan halda, KTMT-yə üzv olan ölkələrin Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyəcəklərini ifadə edə bilərik. Təbii ki, bu da erməni hökumətində və ictimaiyyətində ciddi narahatlıq yaradır".
Politoloqun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidenti tərəfindən Birgə Bəyanata dair əhəmiyyətli sənədin imzalanmasında ən əhəmiyyətli amil 6-cı maddədə öz əksini tapıb: "Bu, ondan xəbər verir ki, iki ölkə arasındakı əlaqələr dinamik şəkildə inkişaf etdirilir. Birgə bəyanatın imzalanmasındakı ən əhəmiyyətli amil 6-cı maddədə öz əksini tapıb. Belə ki, həmin maddədə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar məqamlar qeyd edilib. Bəyanatda bildirilir: "Tərəflər, yəni dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, tərəflərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklər sülh yolu ilə həllinin vacibliyini qeyd edirlər". Bu, bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət, o cümlədən, Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir. Münaqişənin həllinin əsasları da beynəlxalq ictimaiyyət üçün aydın xarakter daşıyır. Bu da Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələridir. Həmçinin Belarus ilə Azərbaycan arasında olan yüksək etimadın təcəssümü və göstəricisidir ki, ölkələrimiz üzv olmadığı beynəlxalq təşkilatlarda da biri-birini dəstəkləyir. Dövlətimizin başçısı mətbuata bəyanatında da qeyd etdi ki, bu, sanki avtomatik xarakter daşıyır. Yəni, hər hansı bir məsləhətləşmə olmadan belə, Azərbaycan və Belarusun birinin üzv olmadığı beynəlxalq təşkilatlarda öz dəstəyini verir və bu dəstək mütəmadi, davamlı xarakter daşıyır".
Ehtiram Aşırlı Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə inkişaf edən əməkdaşlığa da toxunub:
"Səfər çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişafı ilə əlaqədar da Anlaşma Memorandumu imzalandı. Bu Memorandumdan irəli gələrək hava hücumlarından müdafiə sistemlərinin, müxtəlif hücum vasitələrinin, o cümlədən atəş-idarəetmə sistemlərinin alınması üzrə kontraktlar həyata keçiriləcək.
Belarus Respublikası ilə imzalan birgə bəyanata Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddənin əlavə olunması cənab Prezidentimizin uğurlu xarici siyasətinin bariz nümunəsidir. Həmçinin, Belarus-Azərbaycan əlaqələrinin dərinləşməsinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tezliklə irəliləyişlərə nail olması baxımından da təsirli olacaq. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Belarusun Azərbaycan qədər beynəlxalq hüquq normalarının yanında möhkəm qərarlaşdığı son görüşlərdə bir daha təsdiqləndi".