““Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanunvericilik hazırlanır” Siyasət

““Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanunvericilik hazırlanır”

Müşfiq Ələsgərli: "Qanunu qəbul etdikdən sonra artıq cəmiyyətdə uşaqların qorunmasını müəyyən qədər təmin etmək olar"

Hər birimiz uşaqları qorumalı, onların hüquqlarını müdafiə etməliyik. Onları qorumaq dedikdə, yalnız ətraf aləmdən, şiddətdən kənar tutmaq deyil, eyni zamanda sosial şəbəkələrdə, KİV-lərdə yayımlanan zərərli informasiyalardan, məlumatlardan da qorumaq lazımdır. Müasir texnologiyalar aləmində əlbəttə, uşaqların yeniliklərdən xəbərdar olması, axtarışlar etməsi, maraqlanması yaxşı haldır. Bu onların dünyagörüşünü, informasiya və məlumatlarını artırır. Lakin internet uşaqların asan hədəf alınacağı, müdafiəsiz qala biləcəyi məkana da çevrilə bilər. Sosial şəbəkələrdə aqressiv və ya təhqirli yazılarla, şərhlərlə, auido və videomateriallarla qarşılaşa bilərlər.
Bəs ümumiyyətlə, mediada uşaq hüquqları necə qorunur?
Bu barədə Azadinform-a Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Mediada uşaq hüquqları necə müdafiə olunmalıdır?
- Uşaq hüquqları çox həssas mövzudur. O qədər həssas məsələdir ki, həm AR Qanunları ilə, həm də beynəlxalq konvensiyalarla müdafiə olunur. Eyni zaman da Jurnalistlərin Etik Kodeksinin özündə də uşaqlar haqqında material hazırlanması üçün xüsusi tövsiyələr və təlimatlar var. Azərbaycan Jurnalistlərinin Peşə Davranış qaydalarının III prinsipində uşaqlar haqqında hazırlanan informasiyaların hansı formada olması ilə bağlı geniş şəkildə təsvirlər var. Məsələnin həssaslığını nəzərə alaraq Beynəlxalq Jurnalistlər Federasiyası uşaqlardan müsahibə götürülməsi, uşaqlar haqqında informasiya yazılması və s. haqqında çoxsaylı təlimatlar hazırlayıb. Bu digər informasiyalardan fərqləndiyi üçün xüsusi həssaslıq tələb edir.
- Mediada uşaqlar haqqında yayılan informasiyalarda nələrə diqqət etmək lazımdır?
- Dünyanın hər yerində kriminal hadisələr geniş yayılıb. Uşaqlar özlərindən asılı olmayaraq, bilərəkdən və ya bilməyərəkdən cinayətin ya qurbanına ya da iştirakçısına çevrilə bilər. Əgər insan yetkinlik yaşına çatmayıbsa, bilərəkdən və bilməyərəkdən cinayətdə iştirak edibsə, istər qurbanı, istərsə də onun iştirakçısı olsun, belə olan halda onlar haqqında məlumat vermək yaxud geniş material hazırlamaq üçün mütləq şəkildə o uşaqların valideynlərinin, yaxud onların himayəsində olduğu şəxslərin razılığı alınmalıdır. Sonra bu informasiyalar onların adının və soyadının təqdimatına verilməlidir. İlk olaraq, göstərilir ki, belə vəziyyətdə uşaqların adının və soyadının eyni zamanda, şəkillərinin göstərilməsinə yol verilmir. Çünki həmin informasiyalar bazalarda yığışır qalır. Gələcəkdə həmin uşaq normal cəmiyyətə adaptasiya olmaq istədikdə onun ətrafındakı adamlar axtarış alətləri vasitəsi ilə axtarış apara və onun haqqında neqativ informasiyalar üzə çıxara bilərlər. Ona görə də təlimat deyir ki, bu cür uşaqların ad-soyadını valideynlərinin və ya himayəsində olanlarının icazəsi olmadan açmaq olmaz. Son vaxtlar internetin inkişafı ilə bağlı olaraq bu cür məsələlər artıb. Buna görə də qanunvericilikdə bəzi düzəlişlər lazım gəldi. Çünki məlum olurdu ki, bəzən jurnalistlər, xəbər istehsalçıları gedib valideyndən soruşurlar. Amma o valideynin hüquqi bilgisi yerində olmur, yəni adamların mediadan, sosial həyatdan, ictimai münasibətlərdən, hüquq və qanunlardan məlumatı olmur. Ona görə də onlar bilmədən razılıq verirlər. Bu səbəbdən də qanunvericilikdə dəyişikliklər edildi. Göstərilir ki, belə hallarda cinayət qurbanı və ya cinayət iştirakçısı olmuş uşaqlar haqqında informasiya hazırlanarkən onların valideynləri, himayəsində olduqları şəxslərlə yanaşı, eyni zamanda istintaq işini aparan, cinayət işinə baxan hüquq mühafizə orqanının da razılığı alınmalıdır. Bütün bunlardan sonra bu cür informasiyaları açıqlamaq mümkün olsun. Ümumiyyətlə, məsələ belədir ki, bu cür hallarda uşaqlarla bağlı informasiyalar xüsusi həssaslıq tələb edir.
- Dünya təcrübəsində olan hansı cəhət bizdə yoxdur? Ölkəmizdə bu sahədə nə yeniliklər aparılır?
- Bu sahədə təkmilləşmə gedir. Uşaqlarla bağlı məsələlər təkcə cinayətlə bağlı ortalığa gəlmir. Tutaq ki, bir uşaq nə cinayətdə iştirak edib, nə də cinayətin qurbanı olub. Amma bəzən xəbər istehsalçıları onları şahid kimi danışdırırlar. Bunun özü də yol verilməz haldır. Mütləq şəkildə onların bu proseslərə cəlb olunması üçün hüquq mühafizə orqanlarının və valideynlərinin razılıqları olmalıdır. Beynəlxalq qrafikada bu cür məsələləri tənzimləməkdən ötrü xüsusi təlimatlar hazırlanıb. Bunun haqqında "Beynəlxalq Jurnalistlər Federasiyası"nın 10-a qədər təlimatı var.
Bizdə indi vəziyyət yaxşıdır, qanunvericilik var. Beynəlxalq Konvensiyaları ratifikasiya etmişik. Lakin, çox təəssüf ki, beynəlxalq səviyyədə hazırlanmış təlimatlar hələ ki bizim dillərə tərcümə olunmayıb və geniş yayılmayıb. Bütün bunlar olduqda, bizim xəbər istehsalçıları təlimatlardan istifadə edərək daha peşəkar fəaliyyət göstərə bilərlər. Məsələnin başqa bir tərəfi isə uşaqların zərərli informasiyalardan qorunması ilə bağlıdır. Bilirsiniz ki, KİV açıq platformadır. Orada gedən materialları böyüklər kimi uşaqlar da oxuya bilirlər. Bu mövzuda uşaq dediyimiz bir az geniş anlayışdır. Buraya yeniyetməlik dövründə olan, yetkinlik yaşına çatmışlar və s. daxil olan informasiyaları qeyd etmək olar. Bu inkişaf etmiş əksər xarici ölkələrdə var. Azərbaycanda da bununla bağlı təşəbbüs irəli sürülüb. "Uşaqların zərərli informasiyalardan qorunması haqqında" qanunlar olur. Orada informasiyaların işarələnməsi məsələsi var. Düzdür, bizdə televiziyada işarələri qoyurlar məsələn, filmlərdə olur (məsələn 18+) və s. Amma uşaq dediyimiz təkcə filmə baxanlar deyil. Böyüklərin də müzakirəsinin getdiyi bəzi məlumatlar olur ki, orada ümumi müzakirəsi keçirilən məsələlərə baxılıb yanlış istiqamət götürə bilirlər. Bu səbəbdən yeni bir qanunvericiliyin hazırlanmasına ehtiyac var. Burada uşaqları yaş kateqoriyasına bölür, informasiyalar, müzakirələr, bəzi təqdimatı keçirilən materiallar var ki, üzərində mütləq yaş kateqoriyasına görə işarələnmə olmalıdır. İndi Azərbaycanda da bu sahə də təşəbbüs var. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" yeni qanunvericilik hazırlanır. Yaxşı olar ki, o qanunun qəbulu sürətlənsin. Qanunu qəbul etdikdən sonra artıq cəmiyyətdə uşaqların qorunmasını müəyyən qədər təmin etmək olar.