“Qarabağ münaqişəsinin tezliklə həlli enerji təhlükəsizliyi üçün vacibdir” Siyasət

“Qarabağ münaqişəsinin tezliklə həlli enerji təhlükəsizliyi üçün vacibdir”

Britaniyalı nazir: "Transxəzər qaz kəməri, TANAP və TAP layihələrinin gerçəkləşməsi üçün Azərbaycanı dəstəkləyirik"
"Azərbaycan Böyük Britaniyanın və Avropa Birliyinin bölgədəki əsas tərəfdaşlarından biridir"

"Azərbaycan həm bölgənin, həm də Avropanın enerji təhlükəsizliyində lider rolunda çıxış edə bilər".
APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Böyük Britaniyanın enerji məsələləri üzrə naziri Maykl Fallon söyləyib.
M. Fallon deyib ki, Ukrayna böhranı və İraqda baş verən münaqişə Avropanın yeni mənbələr və etibarlı tərəfdaşlar barədə düşünməsinə zərurət yaradıb. O bildirib ki, "Azərbaycan həm Böyük Britaniyanın, həm də Avropa Birliyinin bölgədəki əsas tərəfdaşlarından biridir. M. Fallon qeyd edib ki, bir çox Böyük Britaniya şirkətləri Azərbaycanda bir çox sahələrə, o cümlədən neft-qaz sahəsinə sərmayələr yatırıb, Böyük Britaniyanın Azərbaycanda böyük maraqları var: "Səfərdə məqsəd hazırda bu istiqamətdə əməkdaşlığı genişləndirmək, mövcud layihələr çərçivəsində əməkdaşlığı inkişaf etdirmək, həm də yeni ideyalar həyata keçirməkdir. Səfər çərçivəsində keçirəcəyimiz görüşlər Böyük Britaniyanın və Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyət daşıyır. Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən bölgədə lider dövlət ola bilər. Bu sahədə Böyük Britaniya Azərbaycana hər cür dəstək verməyə hazırdır".
M. Fallon qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın mövqeyi aydındır: "Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini istəyir. Bu, enerji təhlükəsizliyi üçün də vacibdir".
O xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in Minsk Qrupu məşğul olur: "Biz istərdik ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini daha da artırsın və danışıqlar prosesi tezliklə müsbət nəticə versin".
Hazir onu da vurğulayıb ki, Böyük Britaniya həm Transxəzər qaz kəməri, həm də TANAP və TAP layihələrinin gerçəkləşməsi istiqamətində Azərbaycanı dəstəkləyir: "TANAP və TAP layihələrinin lideri Azərbaycandır, Avropa Birliyi, Böyük Britaniya Azərbaycanı bu istiqamətdə dəstəkləyir".
M. Fallon deyib ki, Böyük Britaniya Transxəzər layihəsinin də tezliklə reallaşmasını istəyir. O bildirib ki, Azərbaycan Transxəzər layihəsindən tranzit ölkə kimi daha çox faydalana bilər: "Orta Asiya ölkələrinin də bu layihələrin həyata keçirilməsində fəal mövqe nümayiş etdirəcəyinə ümid edirəm. Bu layihələr bütövlüklə Xəzər regionunun inkişafına, iştirakçı ölkələrin siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, Avropa Birliyi ilə inteqrasiyaya rəvac verəcək".
Rusiyanın "Transxəzər" layihəsinə qarşı çıxmasına gəlincə, M. Fallon qeyd edib ki, Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq olunub və çox aydın şəkildə Moskvaya bildirilib ki, qonşu ölkələrə münasibətində dəyişiklik etməlidir: "Məhz bu təhdidlərə görə Avropa Birliyi ölkələri Rusiyadan qaz asılılığını nisbətən azaltmaq istəyir".
Onun sözlərinə görə, Böyük Britaniya İranla münasibətləri inkişaf etdirmək niyyətindədir: "Azərbaycanın da İranla əlaqələrinin möhkəmlənməsini, yaxşı olmasını istəyirik. Böyük Britaniya Avropanın neft-qaz təchizatında həm Azərbaycanı, həm də İranı aktiv mövqedə görmək istəyir".
O bildirib ki, hazırda İranın nüvə proqramı ilə bağlı müəyyən çətinliklər var: "Lakin biz bu problemləri yoluna qoymaq, Avropanın neft-qaz təchizatı məsələsində İranla əməkdaşlıq etmək arzusundayıq. Bu, həm strateji, həm də siyasi əhəmiyyət kəsb edir".
M. Fallon qeyd edib ki, rəsmi London Azərbaycanı bölgədə stabil ölkə kimi görür və Azərbaycanın qonşuları ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istəyinə müsbət yanaşır.