Paşinyanın sülh oyunu: Azərbaycan nə vaxta qədər səbr edəcək? Siyasət

Paşinyanın sülh oyunu: Azərbaycan nə vaxta qədər səbr edəcək?

Ermənistanda baş verən hakimiyyət dəyişikliyi uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin həllində müsbətə doğru dəyişiklik yaradacağı ilə bağlı ümidləri az da olsa artırdı.
Lakin görünür Paşinyan rejimi də münaqişənin həlli ilə bağlı sələflərinin yürütdüyü qeyri-konstruktiv, işğalçılıq siyasətini davam etdirmək niyyətindədir. Ermənistan baş nazirinin sülh danışıqlarından yayınması, yəni, bu yöndə ciddi addımlar atmaq istəməməsi və son olaraq bu ölkənin xarici ilər naziri Zöhrab Mnatsakanyanın söylədikləri bunu deməyə əsas verir.
Belə ki, ötən ilin 30 dekabr tarixində Zöhrab Mnatsakanyan ölkəsinin cənub-qərbindəki hərbi hissələrindən birinə baş çəkərək söylədiyi "Biz diplomatların işi sizin qələbənizi davam etdirmək və Ermənistanın, Artsaxın və xalqımızın maraqlarını əks etdirəcək sülhü möhkəmləndirməkdir. Ermənistan silahlı qüvvələri Ermənistan və Artsaxın təhlükəsizliyini təmin etmək iradəsinə və qətiyyətinə sahibdir" fikri Ermənistanın Azərbaycana qarşı təcavüzü və 25 ildən artıq Azərbaycan ərazilərini işğal altında saxlamasını aşkar şəkildə nümayiş etdirir.
Bu illər ərzində beynəlxalq vasitəçilərin səyləri ilə münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqlar prosesi çərçivəsində Azərbaycanın konstruktiv yanaşmasına rəğmən Ermənistan rəhbərliyinin gücdən istifadə etməklə qonşu ölkənin işğal etdikləri ərazilərində təhlükəsizliyin möhkəmləndirilməsindən bəhs etməsi işğalçı siyasətə haqq qazandırmaq və işğalın nəticlərini möhkəmləndirmək niyyətinin göstəricisidir.
Ermənistan xarici işlər nazirinin 2018-ci ilin 6 dekabr tarixində Milanda keçirilmiş görüş nəticəsində ATƏT Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən qəbul edilmiş birgə bəyanatın müddəaları ilə birbaşa ziddiyyət təşkil edən bu addımı Ermənistan rəhbərliyinin öz ölkəsinin əhalisini sülhə deyil, işğalçı siyasətin möhkəmləndirilməsinə hazırladığından xəbər verir.
Rəsmi Bakının hər zaman çıxış etdiyi əhaini sülhə hazırlamaq mövqeyi MQ həmsədrləri tərəfindən tam olaraq dəstəklənir. Ermənistanın yeni siyasi rəhbərliyi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına məhəl qoymayaraq Azərbaycanı və beynəlxalq ictimaiyyəti yanıldacağını zənn edir. Ermənistanın özünün gələcəyi və dayanıqlı inkişafı üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması vacibdir.
Lakin görünür Ermənistan rəhbərliyi tam fərqli fikirdədir və nəyin bahasına olursa olsun işğalı davam etdirmək istəyir. Bunu isə aşağıdakı faktlar bir daha sübut edir.
Ermənistan xarici işlər nazirinin özünün də razılaşdırdığı 6 dekabr tarixli birgə bəyanatdan sonra, 26 dekabr tarixində Ermənistan və Azərbaycan silahı qüvvələrinin qarşıdurma xəttinə yaxın yerdə Azərbaycan silahlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə Azərbaycanlı mülki şəxslər Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur və Ağdam rayonunun Baş Qərvənd kənd sakini yaralanır. Bunun ardınca 30 dekabr tarixində Ermənistan xarici işlər naziri "silahlı qüvvələrinin qələbəsinin diplomatlar tərəfindən möhkəmləndirilməli olduğunu" söyləyir.
Danışıqlar prosesi çərçivəsində hər zaman aqressiv ritorikanın azaldılması zərurətindən danışan Ermənistan rəhbərliyi xarici işlər nazirinin bu son bəyanatı ilə nəinki buna əməl etmir və əhalisini sülhə hazırlamır, əksinə, məhz özü aqressiv davranış nümayiş etdirir.
Dağlıq Qarabağ, eləcə də Azərbaycanın hər bir yerində təhlükəsizlik və sabitlik bizim üçün vacibdir. Bu barədə ölkə rəhbərliyi səviyyəsində Azərbaycanın mövqeyi hər zaman bəyan edilib.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində Dağlıq Qarabağ münaqişəsindən danışan zaman bir daha bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır:
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır".
Dövlət başçısı bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur.
"Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq"- deyə dövlət başçısı Ermənistan rəhbərliyinə mesaj göndərməyi də unutmayıb.
Siyasi ekspert Elçin Mirzəbəyli məsələ ilə bağlı bildirib ki, Ermənistanın xarici işlər nazirinin dedikləri Paşinyanın seçkidən öncə küçə və meydanlarda səsləndirdiyi fikirlərlə faktiki olaraq üst-üstə düşür:
"Azərbaycan atdığı addımlarla sülh prosesinə sadiqliyini nümayiş etdirdi və şübhəsiz ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi, cinayətkar xuntanın yerinə fərqli bir siyasi yanaşmaya malik olduğunu iddia edən bir qüvvənin gəldiyini nəzərə aldı və danışıqlar prosesinin davam etdirilməsi üçün kifayət qədər humanist addımlar atdı.
Təbii ki, Ermənistanın xarici işlər nazirinin dedikləri Paşinyanın seçkidən öncə küçə və meydanlarda səsləndirdiyi fikirlərlə faktiki olaraq üst-üstə düşür. Reallıq bundan ibarətdir ki, Ermənistanın düşdüyü bugünkü durumun əsas səbəbi bu ölkənin yürütdüyü işğalçılıq siyasətidir. Heç kimə sirr deyil ki, işğala son qoyulmadıqca Ermənistan təcrid vəziyyətindən xilas ola bilməyəcək, regionda gedən iqtisadi proseslərdə iştirak etmək imkanını əldə etməyəcək. Bu isə şübhəsiz Ermənistanın sosial-iqtisadi inkişafına mane olacaq, necə ki, bu günə qədər mane olub".
Eyni səhvləri Ermənistanın yeni rəhbərliyinin də davam etdirdiyini deyən ekspert burada bir neçə amilə diqqət yetirmək lazım olduğunu söyləyib:
"Bu yanaşma tərzi Paşinyan hakimiyyətinin Bako Saakyan başda olmaqla Dağlıq Qarabağdakı separatçı qurumun rəhbərliyini dəyişmək niyyətindən də qaynaqlana bilər. Lakin əslində bu da qeyri-səmimi bir davranışdır. Reallıq ondan ibarətdir ki, Azərbaycan tərəfi Paşinyanın seşçiləri keçirməsinə və seçki təbliğatı aparmasına kifayət qədər imkan yaratdı.
Paşinyandan gözləntilər ondan ibarət idi ki, o, özünün konstruktiv bir mövqeyini ortaya qoyacaq və Düşənbədə əldə olunmuş razılaşmanın davamını gətirəcək. Bu baş verməyəcəksə şübhəsiz ki, Azərbaycan Paşinyanın işğal altında olan Dağlıq Qarabağdakı separatçı rejimin də dəyişdirilməsi istiqamətində atdığı addımları oturub gözləməyəcək. Buna nə vaxtımız, nə də niyyətimiz var".
Elçin Mirzəbəyli Azərbaycan prezidentinin bununla bağlı söylədiklərini xatırladaraq bildirib ki, Ermənistan münaqişənin sülh yolu ilə həllini dəstəkləməsə və danışıqları uzatmaqda davam etsə rəsmi Bakı bunu sadəcə müşahidə etməklə kifayətlənməyəcək:
"Azərbaycan prezidenti də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində bu məqamlara aydınlıq gətirməklə yanaşı qeyd etdi ki. 2019-cu il Dağlıq Qarabağ probleminin tənzimlənməsində ciddi irəliləyişlər ola bilər. Bununla yanaşı dövlət başçısı Azərbaycanın hərbi gücünün, qüdrətinin də kifayət qədər artdığını vurğuladı və şübhəsiz ki, bu, həm də Ermənistan tərəfinə bir mesaj idi. Yəni Ermənistan yenə də əvvəlki manipulyativ davranışlarını davam etdirəcəksə şübhəsiz ki, Azərbaycan bunu sadəcə müşahidə etməklə kifayətlənməyəcək".

Babək Cahandarov