“Ermənistan faktiki olaraq bu gün ölü bir dövlətə çevrilib” Siyasət

“Ermənistan faktiki olaraq bu gün ölü bir dövlətə çevrilib”

Zaur Məmmədov: "Heç bir regional təşkilatda iştirak edə bilmir"

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün Davos Forumu çərçivəsində qeyri-rəsmi görüşü baş tutub. O bildirib ki, təbii olaraq prezident İlham Əliyev və Paşinyan arasında münaqişə ilə bağlı danışıqların predmeti var və bu, son zamanlarda hiss edilməkdədir: "Maraqlısı bundan ibarətdir ki, dünən baş tutan görüşdən dərhal sonra Ermənistan KİV-lərində Paşinyana qarşı bir pressinq başladı. Onu münaqişə ilə bağlı hansısa nüansları gizlətməkdə günahlandırdılar. Ermənistan KİV-ləri və siyasi partiyalar XİN rəhbərləri arasında olan görüşdə ilk dəfə olaraq Ermənistan və Azərbaycanın da razılığı ilə olan və ATƏT-in Minsk qrupu tərəfindən verilən ümumi bəyanatlardan narahatdırlar. Onlar ATƏT-in Minsk qrupunun Paris görüşündən sonra xalqların sülhə hazırlanması ilə bağlı verdiyi bəyanatdan narahatdırlar. Amma əksinə, onlar bu bəyanatdan narahat olmamalıdırlar. Doğurdan da erməni xalqını sülhə hazırlamaq lazımdır. Təbii ki, bu bəyanat sırf olaraq Paşinyana aid idi. Paşinyan Ermənistan ictimaiyyətini sülhə hazırlamalıdır və münaqişə ilə bağlı 2019-cu ildə konkret addımlar atmalıdır".
"Keçmiş hakimiyyət uzun illər idi ki, Ermənistan tarixi ilə bağlı cəmiyyətə yalan məlumatlar verirdi, böyük Ermənistan xülyası ilə erməni cəmiyyətini, erməni uşaqlarını böyüdürdü", - deyən politoloq əlavə edib ki, həmin siyasətin Ermənistanı hara gətirib çıxardığı açıq-aşkar görünür: "Ermənistanın yeni hakimiyyəti isə başa düşməlidir ki, keçmiş hakimiyyətin səhvlərini etməmək lazımdır. Ermənistan faktiki olaraq bu gün ölü bir dövlətə çevrilib. Heç bir regional təşkilatda iştirak edə bilmir, bir dövlət kimi xarici siyasətdə funksionallığını demək olar ki, itirib. Bütün bunlar, eyni zamanda bizim hərbi-siyasi, iqtisadi resursumuzun qat-qat Ermənistanı üstələməsini göstərir".
Z.Məmmədov vurğulayıb ki, münaqişə ilə bağlı Azərbaycan tərəfi beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyümüzü təmin etmək üçün müharibəyə və digər yollara da əl ata bilər: "Sadəcə 2019-cu ildə Ermənistana vaxt verilib və bu vaxtdan Ermənistan düzgün şəkildə istifadə etməlidir. Vaxt birmənalı şəkildə Azərbaycanın xeyrinədir".
Politoloq İlqar Vəlizadə deyib ki, Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevlə çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni hazırlanan gündəlikdə əks olunan detalların müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Görüşün saat yarım müddətində davam etdiyini deyən politoloq vurğulayıb ki, bu müddət ərzində aparılan danışıqlarda bizim üçün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması və digərləridir ki, bunlarla bağlı məsələlərin konkret şəkildə müzakirə olunması maraqlıdır: " Ermənistan üçün isə regionda blokadan çıxmaq məsələsi maraqlıdır. Çünki blokada vəziyyətində olmaq onların sosial iqtisadi vəziyyətinə ağır zərbələr vurub. Paşinyan xalq müəyyən vədlər versə də, onları indiki şəraitdə yerinə yetirə bilmir. Bu vədlərin yerinə yetirilməsi üçün danışıqlar intensivləşməlidir. Bu görüşün nəticələri mütləq şəkildə fevral ayında baş tutacaq XİN başçılarının görüşündə öz nəticəsini verəcək".
Münaqişənin həlli istiqamətində yeni hazırlanan gündəliyin qaralama formasının Azərbaycan və Ermənistan XİN başçılarının son bir neçə görüşləri zamanı hazırlandığını deyən politoloq söyləyib ki, fevral ayında baş tutacaq növbəti görüşdə gündəlik tam şəkildə formalaşa bilər ki bu da danışıqların yeni mərhələyə qədəm qoyması deməkdir. İ.Vəlizadə bildirib ki, bir müddət bundan öncə Ermənistan vahid mövqe nümayiş etdirmək üçün ölkədə siyasi proseslərin başa çatmasını bəhanə edirsə, artıq Ermənistanda seçkilərin başa çatması və yeni hökumətin formalaşması onların məsuliyyətdən yayınmasına imkan verməyəcək: "Artıq Ermənistan münaqişənin həlli istiqamətində yeni mövqe ortaya qoya bilər"
Politoloq Elxan Şahinoğlu bildirib ki, Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub: "Bu onların ikinci görüşü idi. Fikrimcə, tərəflərin Düşənbə görüşündəki müzakirəsi davam edəcək. Paşinyan Düşənbədə zəif baş nazir idi, çünki Ermənistan parlamenti hələ "Qarabağ klanının" nəzarətində idi. Ona görə Paşinyan Düşənbədə İlham Əliyevə qəti bir söz deyə bilməzdi". Politoloqun sözlərinə görə, buna baxmayaraq, Düşənbə görüşündən sonra atəşkəsin pozulması halları azalıb, buna görə Paşinyan İlham Əliyevə minnətdar olmalıdır, əks halda Paşinyan ciddi problemlərlə üzləşəcəkdi...

Əli