Rusiyalı politoloqları kim danışdırır? Siyasət

Rusiyalı politoloqları kim danışdırır?

İlqar Altay: "Kremlin idarə etdiyi politoloqlar Qarabağ konfliktinin çözülməsinə xidmət edə bilməz"

Üzeyir Cəfərov: "Onlar Rusiyanın siyasi rəhbərliyinin maraqlarını təmsil edirlər"

Hatiq Miri: "Rusiyada Kremlə bağlı olmayan araşdırma mərkəzləri çox azdır"

Son zamanlar rusiyalı politoloqlar Qarabağla bağlı tez-tez açıqlamalar verir, problemin "həll yolları" ilə bağlı fikirlər səsləndirirlər.
Bu yaxınlarda onlardan biri - politoloq Stanislav Tarasov Qarabağda müharibənin başlamasının regionda vəziyyəti dəyişəcəyini bildirib. Onun fikrincə, hazırda Bakının qarşısında Qarabağ konfliktinin həlli ilə bağlı iki variant var: "Bunlardan birincisi Qarabağın - Krım variantında olduğu kimi - tarixi köklərə əsaslanaraq, onu Rusiyanın öz tərkibinə qatmasıdır. Bakının BMT-də Rusiya əleyhinə qətnamənin xeyrinə səs verdiyi zaman bu imkandan öz maraqları çərçivəsində istifadə edəcəyi istisna edilmirdi. İkinci variant isə Azərbaycanın müharibə variantını seçməsidir. Bakı və İrəvan arasındakı müharibə nəinki regionda vəziyyəti gərginləşdirə, hətta Gürcüstan variantını təkrarlanmasına, yəni Qarabağın tanınmasına səbəb ola bilər. Ortada bir fakt var ki, ilk belə addımı Rusiya atacaq. Ona görə də Minsk Qrupu vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan Paris görüşünün intriqalarla dolu olacağı gözlənilir. Uorlik bütün tərəflərin fikirlərinin üst-üstə düşdüyünü desə də, biz Fransanın dolayısı yolla Moskva tərəfindən səslənmiş bəyanatı tənqid etdiyini görmüş oluruq. Bakı isə öz növbəsində Moskvanın əleyhinə olaraq Minsk Qrupunun saxlanılmasının vacib olduğunu bildirir. Görünür, Qarabağ ruleti hələ də fırlanır və getdikcədə sürətini artırır".
Ümumiyətlə rusiyalı politoloqları kim danışdırır? Kremlin idarə etdiyi araşdırma mərkəzləri və politoloqların Qarabağ münaqişəsi ilə təqdim etdikləri "həll variantları" Azərbaycanda ictimai rəyi formalaşdırmaq üçün vasitə ola bilərmi?
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay dedi ki, Ukraynada və ondan da əvvəl Gürcüstan və Moldovada olan separatizm əsaslı münaqişələr göstərir ki, postsovet məkanındakı bu təzahürlər birbaşa Rusiyanın əli ilə həyata keçirilir: "Qarabağ münaqşəsi isə bu istiqamətdə Moskvanın ermənilərin icraçılığında ilk addımdır ki, 20 ildən çoxdur onun həllinə imkan vermir. Çünki bu münaqişənin varlığı və uzanması Rusiyanın bütün Qafqaz regionunu təsir altında saxlamasına xidmət edir. Odur ki, Kremlin idarə etdiyi bütün qurumlar, ictimai-siyasi xadimlər bütün "həll" variantları ilə birlikdə Qarabağ konfliktinin çözülməsinə xidmət edə bilməz".
Hərbi ekspert Üzeyir Cəfərov diqqətə çatdırdı ki, Rusiya politoloqları son vaxtlar fəallaşıblar: "Elə bir gün, elə bir həftə olmur ki, onlar Qarabağla bağlı hansısa açıqlamalarla çıxış etməsinlər. Müxtəlif maraqları təmsil edən politoloq və ekspertlərin çıxışları sözsüz ki, daha çox Rusiyanın və onun Cənubi Qafqazdakı forpostu olan Ermənistanın maraqlarını çox əhatə edir.
Aydın məsələdir ki, onlar daha çox öz dövlətlərinin maraqlarını önə çəkərək Rusiyanın guya bu münaqişənin həllində hansısa rolunu qabartmağı diqqətdən yayınmır. Amma mən əksinə düşünürəm. Qarabağ konfliktinin bu qədər uzanmasının əsas səbəbkarı və günahkarı Ermənistandan daha çox Rusiyadır. Ona görə də, onlar, hansısa hipotetik proqnozları ilə guya bu məsələdə aktivliyi göstərməyə çalışsalar da, reallıqda onlar daha çox bu münaqişənin həll edilməməsi üçün Rusiya Federasiyasının siyasi rəhbərliyinin maraqlarını təmsil edirlər. Ədalət naminə onu da qeyd etmək lazımdır ki, rusiyalı politoloq və ekspertlər arasında bu münaqişəyə ədalətli yanaşmağa çalışanlar da var. Amma azdırlar. Onlar da etiraf edirlər ki, Qarabağ konflikti Rusiya və bir sıra Qərb dövlətləri üçün Cənubi Qafqazda öz varlıqlarını təsdiq etmək üçün əlavə imkandır".
Politoloq Natiq Miri vurğuladı ki, Rusiyada Kremlə bağlı olmayan araşdırma mərkəzləri çox azdır. Onun sözlərinə görə, danışanların əksəriyyəti Rusiya hakimiyyəti tərəfindən maliyyələşdirilən mərkəzlərdir ki, onlar da bilavasitə iqtidarın sifarişini yerinə yetirirlər: "Burada əsas məqsəd doğru yaxud yanlışları söyləməkdən çox, Azərbaycandakı ictimai rəyi formalaşdırmaq, idarə etmək və Rusiyanın əvəzedilməz, humanist dost obrazını yaratmağa hesablanıb. Bu yöndə intensiv işin aparıldığı hiss olunur və bu Rusiyanın informasiyanın informasiya siyasətinin tərkib hissəsi kimi qəbul edilməlidir. Ancaq bu təbliğatın nə qədər bizim üçün cəlbedici olmasına baxmayaraq, reallıq hissini də unutmaq lazım deyil. Rusiya bizə bizi sevdiyi üçün Qarabağı qaytarmayacaq. Bunun üçün ağır bədəl ödəməli olacağıq. Bu isə Azərbaycanın Avrasiya Şurasına daxil olması, rus qoşunlarının Qarabağa gəlməsi və digər suveren hüquqlarımızın itirilməsi bahasına başa gələcək. Və bütün bu itkilərə rəğmən Qarabağ yenə də bizim olmayacaq. Bu gerçəyi hamımızın bilməsi lazımdır. Çünki Qarabağda kimin qoşunu olacaqsa Qarabağ o dövlətin nəzarətində olacaq. Azərbaycanın istənilən müstəqil addımına qarşı bu yaranı Rusiya çox asanlıqla qanada biləcək".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, 27 illik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişində diplomatiya, dinc danışıqlar minimumda, hərbi proseslər isə maksimumdadır: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə hazır olmadığı üçün seçim edə bilmir. Bu isə hərb yolunu qaçılmaz edir". Politoloq bildirib ki, 27 il bundan əvvələ nisbətən parametrlər də dəyişib: "Bütün dəyişikliklər Ermənistanın ziyanına, Azərbaycanın xeyrinədir. ABŞ, Rusiya və Aİ Ermənistanı əvvəlki tək dəstəkləmir. Ermənistanın yalan maşını effekt vermir. Rusiya, ABŞ və Avropa Azərbaycanı tanıyır və onun həqiqətini dərk edirlər. Eləcə də Cənubi Qafqaz regionu müxtəlif geosiyasi mərkəzlərin qarşıdurma meydanı olaraq qalır. Belə vəziyyətdə müharibə başlayacaqsa, Gürcüstanda baş verəcəkləri modelləşdirmək vacib məsələdir: Cavaxetiya erməniləri Gürcüstan üçün problem yarada bilərlər. Məqsəd ümumilikdə erməniləri ovundurmaq və ya başqa regionu əldə etmək hissiyyatı yaratmaq ola bilər; Gürcüstan vətəndaşı olan etniki azərbaycanlılar və ermənilər bir-birilə ciddi qarşıdurmaya gedə bilərlər. Rusiya yaranmış vəziyyətdən Gürcüstana hərbi qüvvə yeritmək üçün sui-istifadə edə bilər. Ermənistan Gürcüstanın daxilindəki infrastrukturlara qarşı terror aktları reallaşdıra bilər". Əhmədoğlu qeyd edib ki, Ermənistan hətta rəsmi şəkildə bunu bəyan edib. Belə vəziyyətdə Azərbaycanın sakitcə dayanacağını da düşünmək sadəlövhlükdür: "Şimali Qafqazdakı müxtəlif qruplaşmalar Gürcüstan ərazisi vasitəsilə Dağlıq Qarabağ müharibəsi regionuna keçməyə cəhdlər edə bilərlər. Dağlıq Qarabağ müharibəsi Ermənistandan uzaqda baş verəcək. Eləcə də Dağlıq Qarabağ özü də Azərbaycanın coğrafi mərkəzi deyil. Gürcüstan və onun paytaxtı Tbilisi isə həm Azərbaycan, həm də Ermənistan üçün tranzit kommunikasiya mərkəzidir". Politoloqun sözlərinə görə, Gürcüstan saxta, riyakar balansdan ədalətin xeyrinə imtina etməlidir: "Gürcüstan Prezidenti Marqvelaşvilinin Fransa Prezidenti Ollandla Parisdəki görüşü bu istiqamətdə həlledici rol oynaya bilər. Seçim Gürcüstanın baş naziri və prezidentinin əlindədir. Fransa Prezidenti Olland Ermənistanda olarkən açıq mətnlə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi üzrə ermənilərin tapdığı həll düzgün deyil. Həqiqi həll variantı tapılmalıdır. Olland yeganə prezidentdir ki, Dağlıq Qarabağ münaqişəsini təkcə Azərbaycanda və Ermənistanda deyil, həm də Gürcüstanda müzakirə etdi". Əhmədoğlu deyib ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri çoxsaylı paytaxtlarda və ya şəhərlərdə keçirilsə də, heç vaxt Tbilisidə belə görüş keçirilməyib: "Gürcüstan və Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin Tbilisi şəhərində görüşünü təklif edə bilərlər. Bu təklifə Gürcüstan və Fransa ciddi maraq göstərdikləri halda halda real sonluqla nəticələnəcəkdir. Fransa (eks-prezident Sarkozi) bir dəfə Gürcüstanı müharibənin xətasından qismən də olsa xilas edə bildi. Fransanın indiki Prezidenti Olland da müharibə təhlükəsini Gürcüstandan uzaqlaşdıra bilər. Amma bunu Gürcüstan özü istəməlidir".

Əli