“XİN başçılarının görüşündə ciddi irəliləyişlərin olacağını gözləmirəm” Siyasət

“XİN başçılarının görüşündə ciddi irəliləyişlərin olacağını gözləmirəm”

"Son dövrlərdə danışıqlarla bağlı müşahidə olunan dinamika müsbət nəticələr əldə etməyə imkan yarada bilər". Bu fikirləri politoloq Fikrət Sadıqov deyib. Son zamanlar İrəvanda həm baş nazir Nikol Paşinyan həm də onun ətrafında olan siyasətçilər tərəfindən Azərbaycan maraqlarına zidd bəyanatların səsləndiyini deyən politoloq bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq hüquq normalarına sadiq olan dövlət kimi danışıqlar prosesinə hər zaman hazırdır və bu istiqamətdə bütün səylərini ortaya qoymaqdadır.
Onun sözlərinə görə, zaman göstərir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün - həm diplomatik həm də hərbi vasitələrdən istifadə etməyə hazırdır: "Mən düşünürəm ki, danışıqlar baş tutacaq. Lakin XİN başçılarının fevral ayının sonunda keçirilən görüşündə problemin həlli istiqamətində ciddi irəliləyişlərin olacağını gözləmirəm". F. Sadıqov qeyd edib ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə marağının artması, Ermənistana yeni hakimiyyətin fonunda Azərbaycan öz diplomatik addımlarını daha güclü və qabarıq şəkildə ortaya qoymalıdır: "Hücumedici diplomatik addımlar ölkəmizin maraqlarını müdafiə etməklə yanaşı, Azərbaycana qələbə qazandıra bilər. Uzun illər ərzində davam edən münaqişə konkret nəticələrlə yekunlaşmalıdır ".
Deputat Asim Mollazadə isə deyib ki, Azərbaycan tərəfi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarla əlaqədar real addımlara keçəcəyini gözləyir: "Ermənistan bu istiqamətdə addım atarsa, əslində bu ölkə özünü xilas etmiş olacaq". Son dövrlər Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mülayim davranışlar nümayiş etdirildiyini deyən deputat söyləyib ki, real bəyanatlar əslində bu ölkənin 90-cı illərin əvvəllərində olan mövqeyini əks etdirir. Onun sözlərinə görə, işğalçı tərəf əslində problemin həlli istiqamətində yeni fikir irəli sürmür. A.Mollazadə bildirib ki, Azərbaycana təcili sülh lazımdır: "Bu baxımdan biz danışıqlar prosesini davam etdirməliyik. Sadəcə olaraq beynəlxalq ictimaiyyət, təşkilatlar bu istiqamətdə Ermənistanın davranışlarını ciddi şəkildə izləməlidirlər. Çünki, Ermənistan yenə də öz köhnə davranışlarını davam etdirə bilər. Əgər belə olsa, o zaman işğalçı ölkənin bu hərəkətləri dayandırılmalıdır ". Ermənistanda fərqli proseslərin getdiyini dilə gətirən deputat qeyd edib ki, düşmən ölkənin sülhə hazır olduğu heç bir prosesdə öz əksini tapmır.