“Türk dilli xalqlar daima qadınlara əvəzolunmaz varlıq kimi yanaşıb” Siyasət

“Türk dilli xalqlar daima qadınlara əvəzolunmaz varlıq kimi yanaşıb”

TÜRKPA-nın baş katibi: “Onlarin həyatında qadınlar kişilərlə bərabər ailədə söz sahibi olub, dövlət idarəçiliyində layiqincə təmsil olunublar”

Bakıda Azərbaycan Milli Məclisi və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransın açılış mərasimində Milli Məclisin sədr müavini Bahar Muradova, TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Qazaxıstan, Qırğızıstan və Türkiyə milli nümayəndə heyətlərinin rəhbərləri iştirak edir. Konfrans çərçivəsində qadınların fəaliyyətinə dair təcrübə mübadiləsinin aparılması, problemlərin birgə müzakirəsi və s. digər məsələlər müzakirə olunacaq.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin vitse-spikeri Bahar Muradova konfransın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu tədbir qarşımızda duran məsələlərin həlli istiqamətində fikir mübadiləsinin aparılması, təcrübələrin bölüşməsi, ölkələrimiz arasında dostluq və qardaşlığın möhkəmləndirilməsinə xidmət edən qərarların qəbul edilməsi üçün zəruridir.
B.Muradova vurğulayıb ki, buradakı müzakirələr həm beynəlxalq məsələləri, həm də regionda qarşımızda duran problemləri əhatə edir.
Qadınların rolu haqqında danışan B.Muradova Azərbaycanda qadınların dövlət səviyyəsində təmsil olunmasının çox gözəl nümunəsinin olduğunu diqqətə çatdırıb: "101 illik tarixi olan Azərbaycan parlamentinin fəaliyyəti dönəmində Azərbaycan qadınları həmişə burada yüksək səviyyədə təmsil olunublar”.
B.Muradova bildirib ki, bu gün Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti postunda qadınları təmsil edir və dövlətin taleyinə cavabdehlik məsuliyyətini çox böyük dəyanət və ləyaqətlə bölüşür. O bunun öhdəsindən çox gözəl gəlir və bizim cəmiyyətə, türk dünyasına, eləcə də bütün dünya ictimaiyyətinə nümunə göstərir, böyük, məsuliyyətli və vacib layihələrə imza atır".
“Azərbaycanda gender bərabərsizliyinin aradan qaldırılması üçün ilə təkmil normativ hüquqi baza var. Bu qanunların qəbul edilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu olub. Çünki vaxtilə Milli Məclisin deputatı olub, fəallığı ilə seçilib. Ölkədə “heç kəsin geridə qalmaması” prinsipilə addımlar atılır. Prezident İlham Əliyevin fərman və sərəncamlarının əsasını bu amil təşkil edir”.
Bunu isə Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, ölkənin bir sıra yerlərində qadın assosiasiyaları fəaliyyət göstərir:
“Ölkədə sahibkarların 30 faizi qadınlardır. Əvəllər bələdiyyə sistemində qadınların payı 3-4 faiz idi. Bu istiqamətdə maarifləndirmə işi apardıq. Məqsəd o idi ki, qadınları bələdiyyələrə cəlb edək. Hazırda bələdiyyə sisteminin 35 faizini qadınlar təşkil edir. Qadınların özünə inamını gücləndirmək lazımdır. Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Birinci vitse-prezidentin fəaliyyəti bizim üçün örnəkdir”.
H.Hüseynova xatırladıb ki, 101 il əvvəl Azərbaycan qadınları seçmək və seçilmək hüququ əldə ediblər:
“Bir çox Avropa ölkələrində qadınlar bu hüququ 1940-cı illərdə əldə etdilər. Bizim qadınlarımız ictimai həyatda uğurlu yol keçiblər. Digər ölkələrlə müqayisə edəndə deyirəm ki, Azərbaycanda feministlər olmayıb. Çünki biz öz hüquqlarımızı kişilərlə bərabər almışdıq. Ona görə kişilərlə bərabər çalışırıq. Bizə ehtiyac yox idi, mübarizə aparaq”.
Konfransda iştirak edən TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov bildirib ki, son illərdə Macarıstan və Özbəkistan nümayəndə heyətlərinin Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) plenar iclaslarında iştirakı bizi sevindirir”.
O vurğulayıb ki, türk dilli xalqlar daima qadınlara əvəzolunmaz varlıq kimi yanaşıb: “Türk dilli xalqların həyatında qadınlar kişilərlə bərabər ailədə söz sahibi olub, dövlət idarəçiliyində layiqincə təmsil olunublar. Düz 101 il əvvəl Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Bu gün isə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva gender bərabərliyi hərəkatının ön sıralarındadır. Mehriban Əliyeva bu sahədə çoxşaxəli fəaliyyəti ilə diqqət çəkir”.