İTV-nin keçmiş əməkdaşı dünyanın nüfuzli ali məktəbində Siyasət

İTV-nin keçmiş əməkdaşı dünyanın nüfuzli ali məktəbində

İctimai televiziyanın keçmiş departament rəhbəri Böyük Britaniyanın nüfuzlu ali məktəbinə qəbul olub. BayMedia xəbər verir ki, bir müddət əvvəl, Böyük Britaniyanın ən məşhur universitetlərindən Varvick (Warwick Business School), Siti (Cass Business School) universitetlərinin Biznes məktəbləri və Edinburq Universitetinin İqtisadiyyat Məktəbi (iqtisadiyyat və maliyyə üzrə) həmyerlimiz Turab Rzayev qəbul mərhələsini uğurla keçib və bundan sonra öz təhsilini bu universitetlərdə davam etdirmək üçün onu müsabiqəyə dəvət ediblər. Bu müsabiqələrdən uğurla keçən Turab Rzayev öz təhsilini bu universitetlərin birində davam etdirəcək. Aldığımız məlumata görə, Kembric (Judge Business School), Oksford (Said Business School) universitetləri də Turab Rzayevin qəbul mərhələsini uğurla keçdiyini bildiriblər və öz təhsilini bu universitetlərdə davam etdirmək üçün onu müsabiqəyə dəvət ediblər. Lakin dərslərin başlama müddətinə az qaldığını əsas gətirərək, ona təhsilini növbəti qəbul illərindən birində davam etdirməsini təklif ediblər. Qeyd edək ki, Turab Rzayev gənc olmasına baxmayaraq kifayət qədər uğurlara imza atıb. Beləki 2005-ci ildə qəbul imtahanlarında 696 bal yığaraq, prezident təqaüdünə layiq görülüb. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olaraq, daha sonra öz ixtisasını İqtisad Universitetinin ingilisdilli Xüsusi İstedadlar Qrupunda davam etdirib. Universitetdən başlayaraq ictimai məsələlərdə fəal iştirak edərək, tələbə həmkarlar ittifaqında sədr, Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının sədr müavini olub. Turab Rzayev 2009-cu ildə Azərbaycanda verilən GMAT imtahanlarında 660 bal baryerini keçən ilk azərbaycanlı olub. Xatırladaq ki, Turab Rzayev İctimai Televiziyanın Hüquq və Beynəlxalq Əlaqələr departamentinə rəhbərlik edib, 2013-cü ildə Azərbaycan təmsilçisi Malmödə Eurovision mahnı müsabiqəsində 2-ci yeri tutduqdan sonra şirkət ilə yollarını ayırıb. Turab Rzayev Avropa Yayımlar Birliyinin (EBU) Hüquq və Siyasət Komitəsinin ilk və yeganə Azərbaycanlı üzvü olub. Hüquq və İctimai Məsələlər Assambleyası tərəfindən seçilən, Avropada ictimai yayım xidmətini dəstəkləmək və müdafiə etmək (Avropa İttifaqı ilə əməkdaşlıq şəraitində), EBU-nun Avropa hüquq və ictimai məsələlər strategiyasının yaradılması və tətbiq edilməsi, xüsusi mövzuların analiz edilməsi və sektoral strategiyaya əsaslanan təkliflər verilməsi funksiyaslarını özündə birləşdirən, öz rəsmi mövqeyini formalaşdırmaq hüququ olan bu komitəyə Cənubi (İtaliya istisna olmaqla), Cənub-Şərqi və Şərqi Avropadan (Post-sovet ölkələri və Türkiyə daxil olmaqla) seçilən yeganə üzv olub.

Elnur Eltürk