“Rusiya tərəfi aydın nümayiş etdirir ki...” Siyasət

“Rusiya tərəfi aydın nümayiş etdirir ki...”

Politoloq: “Azərbaycanla yaxından əməkdaşlıq onun həm geosiyasi, həm də geoiqtisadi maraqlarına cavab verir"

Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclası çərçivəsində çıxış etdi. Dövlət başçısı çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyana tutarlı cavab verərək, Azərbaycan dövlətinin Qarabağ məsələsənidə qətiyyətli mövqeyini ortaya qoydu.
Maraqla qarşılanan məsələlərdən biri də Azərbaycan və Rusiya prezidentlərinin görüşü oldu.
Politoloq Arzu Nağıyev bildirib ki, “Valday” Beynəlxalq Diskussiya Klubu dövlət başçıları və mühüm şəxslərlə təmsil olunan bir klubdur: “Həmçinin, bu klub dünyada baş verən iqtisadi, siyasi, hərbi məsələlərlə bağlı diskussiya məkanıdır. Burada bir sıra mühüm görüşlər keçirilir. Bu səbəbdən Azərbaycan Prezidentinin belə bir yığıncağa dəvət alması ciddi əhəmiyyət kəsb edən məsələdir”.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin plenar sessiyada çıxışı zaman Azərbaycan-Rusiya münasibətləri haqqında səsləndirdiyi fikirlərdən iki ölkə arasında münasibətlərin dinamik şəkildə inkişafı bir daha məlum olur: “İki ölkə arasında münasibətlər həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə inkişaf edir. Azərbaycan Rusiya üçün nə qədər strateji əhəmiyyətli tərəfdaşdırsa, Rusiya da Azərbaycan üçün o qədər strateji tərəfdaşdır. Bundan başqa, iki ölkənin xüsusi xidmət orqanları, sərhəd qoşunları və digər hüquq-mühafizə orqanları arasında da səmərəli əməkdaşlıq mövcuddur. Eyni zamanda, Rusiya ilə Azərbaycan sərhədində aparılan bir sıra birgə anti-terror əməliyyatları bir daha göstərir ki, iki ölkə arasında koordinasiyalı fəaliyyət mövcuddur. Təbii ki, belə də olmalıdır, çünki Rusiya ilə Azərbaycan yaxın qonşulardır”. A. Nağıyev əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü həm daxili, həm də xarici siyasət çox müsbət bir istiqamətdə inkişaf edir və bu, dünya liderləri tərəfindən alqışlanır: “Bu gün Ermənistanın Baş naziri ilə müqayisədə Azərbaycan lideri dəfələrlə üstün nüfuza malik olan bir dövlət başçısıdır. Buna görə də Azərbaycanda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır və bu tədbirlər uğurla həyata keçirilir”.
Millət vəkili, politoloq Elman Nəsirov deyib ki, Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağla bağlı bir daha qəti mövqe nümayiş etdirdi və bu mövqe bütün dünyada rezonans doğurdu. O, İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərini xatırladaraq qeyd edib ki, Prezidentin bu mövqeyi bir daha göstərdi ki, dövlətimizin başçsı, Ali Baş Komandan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə prinsipial, qətiyyətli mövqeyə malikdir, həm də bu mövqeyini ən yülsək tribunalardan ifadə edir: ““Valday” dünyanın çox mühüm beyin mərkəzidir. Bu tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, İordaniya kralı, Qazaxstan prezidenti, Fillipinin dövlət başçısı, dünyanın nəhəng siyasi elitasının nümayəndələri, ekspertlər, nüfuzlu jurnalistlər iştirak edirdilər. Amma Ermənistanın baş naziri isə populist, cəfəng və heç bir əsası olmayan absurd bəyanatlarını çox zaman daxili auditoriyaya ünvanlamaq məqsədilə çox kiçik bir çevrədə ifadə edir və bu bəyanatları daha çox öz adamları əhatəsində səsləndirir, bunlar əsasən daxili auditoriyanı sakitləşdirmək üçün səslənən fikirlərdir. Amma onun absurd fikirləri heç bir halda yüksək tribunalardan qəbul edilmir”. Deputat əlavə edib ki, Paşinyanın beynəlxalq hüquqa zidd mövqeyi “Valday” Beynəlxalq Diskussiya Klubunda da Rusiya rəhbərliyi səviyyəsində təkzib edildi: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov söylədi ki, Paşinyanın “Dağlıq Qarabağ Ermənistanıdır” mövqeyi vaxtilə Albaniya rəhbərinin “Kosova Albaniyanındır” mövqeyi ilə həmahəng səslənir və qəbuledilməzdir. Bir daha bütün yanaşmalar onu göstərir ki, Azərbaycanın dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq rezonans doğurur, Ermənistanın baş naziri isə özünün getdikcə laxlamaqda olan hakimiyyətini qoruyub saxlamaq üçün daxili auditoriyaya ünvanlanmş cılız bəyanatlar səsləndirir”.
Politoloq Elşad Mirbəşiroğlu diqqətə çatdırıb ki, bu gün Cənubi Qafqaz regionunun geosiyasi və geoiqtisadi ab-havasını məhz Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi və əməkdaşlığının səmərəliliyi müəyyən edir. E.Mirbəşiroğlunun sözlərinə görə, son illərdə Rusiyanın Cənubi Qafqaz regionunun yeganə siyasi və iqtisadi gücü kimi məhz Azərbaycanı görməsi aydın müşahidə olunur: "Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə "Valday" Beynəlxalq Disskusiya Klubunun sessiyasına qatılıb. Nəzərə almaq lazımdır ki, Valday disskusiyalarına cəmi dörd dövlət başçısı dəvət alıb. Bu dövlət başçıları sırasında Azərbaycan Prezidenti İlham Əliyevin də olması faktı Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin göstəricisi olmaqla yanaşı, Azərbaycan Prezidentinin böyük nüfuzuna dəlalət edir. Müasir dünyanın ən aktual məsələlərinin müzakirə olunduğu sessiya çərçivəsində İlham Əliyevlə Vladimir Putin arasında baş tutmuş görüşdə əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi oldu".
Politoloq əlavə edib ki, Azərbaycan-Rusiya əlaqələrinin hazırkı yüksək inkişaf səviyyəsini digər amillərlə yanaşı, eləcə də iki ölkə liderlərinin yaxın dostluq münasibətləri şərtləndirir: "Bunu Azərbaycan Prezidenti İlham Əliyev də ayrıca olaraq qeyd etdi. O çıxışı zamanı vurğuladı ki, Rusiya Prezidenti ilə intensiv görüşür. Hətta görüşlərə bir neçə ay ara verdikdə, bu, böyük fasilə hesab olunur. Həm Azərbaycan, həm də Rusiya tərəfi münasibətləri strateji xarakterli hesab edirlər".
E.Mirbəşiroğlu deyib ki, Azərbaycanla Rusiya arasındakı siyasi dialoqun hazırkı səviyyəsi səmərəli əməkdaşlığın mühüm komponentini təşkil edir: "Azərbaycan Prezidenti İlham Əliyevin də "Valday" Beynəlxalq Diskussiya Klubunun sessiyasında qeyd etdiyi kimi, ölkə başçıları və digər rəsmi səviyyələrdəki sıx təmaslar əməkdaşlığı daha da dərinləşdirir. Azərbaycanla Rusiya arasında münasibətlərin strateji xarakterini təyin edən mühüm amillərdən biri də ondan ibarətdir ki, ikitərəfli səmərəli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və birgə fəaliyyətin koordinasiyası da müşahidə olunur. Rusiya Azərbaycanı potensiallı olmaqla yanaşı, həm də etibarlı və səmərəli tərəfdaş kimi qəbul edir. Ayrıca olaraq, qeyd etmək lazımdır ki, Rusiya nümayəndəsinin AŞ PA-ya qayıtması məsələsi ilə bağlı səsvermə keçirilən zaman Ermənistan tərəddüdlü mövqe nümayiş etdirdiyi halda, Azərbaycan nümayəndə heyəti tam tərkibdə qətiyyətli mövqeyi ilə dəstək nümayiş etdirib. Rusiya tərəfi aydın nümayiş etdirir ki, Azərbaycanla yaxından əməkdaşlıq onun həm geosiyasi, həm də geoiqtisadi maraqlarına cavab verir".
E.Mirbəşiroğlu bildirib ki, Cənubi Qafqaz ölkələri arasında Rusiyanın ən böyük sərmayə yatırdığı ölkə məhz Azərbaycandır. Rusiya həm də regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələlərində Azərbaycanın həlledici rolunun olduğunu qəbul edir: "Bütün bunların fonunda nəzərə almaq lazımdır ki, Azərbaycan-Rusiya əməkdaşlığı birgə strateji layihələr çərçivəsində xüsusi dinamiklik qazanır. Xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması əlavə uğurlu əməkdaşlıq platforması kimi nəzərdən keçirilməlidir. Bütün parametrlər üzrə Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt tendensiyasına malikdir".
Politoloq İlqar Vəlizadə bildirib ki, Azərbaycan Prezidentinin Soçi səfəri təkcə “Valday” klubunun tədbirini deyil, eləcə də Azərbaycan-Rusiya arasında ikitərəfli münasibətlərin ətraflı müzakirəsini nəzərdə tuturdu”. Tədbirdən öncə ölkə başçılarının geniş tərkibdə işgüzar görüş keçirdiklərini xatırlayan politoloq söyləyib ki, daha sonra prezidentlər “Valday” klubunun tədbirinə qatılıblar. Rusiya tərəfinin ikitərəfli münasibətlərin qurulmasında maraq göstərdiyini deyən İ. Vəlizadə söyləyib ki, Azərbaycan Rusiya üçün önəmli tərəfdaşlardan biridir. Politoloq söyləyib ki, hazırda Rusiya Asiya istiqamətində öz səylərini gücləndirir və istiqamət onun üçün prioritet hesab olunur: “Bunun üçün qonşu ölkəyə regionda etibarlı tərəfdaşlar lazımdır ki, Azərbaycan da məhz həmin tərəfdaşlardan biridir”.
İ. Vəlizadə vurğulayıb ki, Azərbaycan Prezidentinin Soçidəki çıxışı, ölkə başçısına olan hörmət və diqqət ölkəmizin Rusiya üçün önəmini göstərir: “Bilirsiniz ki, Soçi görüşündən əvvəl Rusiya prezidenti Ermənistana səfər etmişdi və səfər müddətində Putinlə Paşinyan arasında görüş çox az vaxtı əhatə etmişdi. Hətta əsas məsələlər belə müzakirə edilməmişdi. Bunu hətta erməni mətbuatı da etiraf edir. Bütün bunlar göstərir ki, Rusiya Ermənistanla hər hansı problemlə bağlı danışıb, müzakirələr aparmaq niyyətində deyil. Ermənistan KTMT və Avrasiya İttifaqına üzva olmasına baxmayaraq, Rusiya üçün real çəkisi çox azdır. Təəssüf ki, Ermənistanın siyasi hakimiyyəti bunu dərk etmir”. Politoloq qeyd edib ki, bütün bunların fonunda Azərbaycan-Rusiya münasibətləri dinamik və yüksələn xətlə inkişaf edir.