Tural Gəncəliyev azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı bəyanat yayıb Siyasət

Tural Gəncəliyev azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı bəyanat yayıb

Xəbər verildiyi kimi, Azərbaycandan və Ermənistandan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan bir qrup jurnalist bu günlərdə qarşılıqlı səfərlər ediblər. Səfəri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və onun Bakı, Yerevan və Xankəndidə olan nümayəndələri təşkil ediblər.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bununla bağlı bəyanat yayıb. O bildirib ki, səfər müddətində erməni jurnalistlər azərbaycanlı həmkarları, vətəndaş cəmiyyətinin nümayəndələri və tədqiqat mərkəzləri ilə görüşlər keçirib, ölkəmizdə sərbəst və sülh şəraitində fəaliyyət göstərən pravoslav rus, yəhudi, katolik kilsələri ilə tanış olub, “ASAN xidmət”, “DOST” mərkəzlərində, Gəncə və Quba şəhərlərində olublar. Həmçinin erməni jurnalistlər Bakının mərkəzində yerləşən və erməni dilində olan kitabları ilə birlikdə qorunan erməni kilsəsi ilə tanış olublar. Onlarla görüşlərdə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri də iştirak ediblər.
Erməni jurnalistlər Azərbaycanın inkişafı, ölkəmizdə mövcud olan multikultural mühiti, sülh və sabitliyi, dövlətin vətəndaşa göstərdiyi xidmətləri, regionların çiçəklənməsini öz gözləri ilə görüblər.
Azərbaycanlı jurnalistlər isə ATƏT-in nəqliyyat vasitəsində Ermənistana və işğal altında olan Şuşa və Xankəndi şəhərlərinə səfər edib, Dağlıq Qarabağın erməni icması ilə görüşüb və müzakirələr aparıblar.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistin Bakı, Gəncə və Qubaya səfəri, Azərbaycan jurnalistlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri və yerli erməni icması ilə görüşləri Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqa töhfədir.
Biz həmişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqu, dinc yanaşı yaşayışı dəstəkləmişik və təşviq etmişik. Sözügedən səfər və görüşlərə də məhz bu baxımdan yanaşırıq.