18:39
756
IV Şuşa Qlobal Media Forumu media sahəsində qlobal əməkdaşlığın inkişafı üçün mühüm platformadır.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu D-8-in Baş katibi Sohail Mahmud IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı zamanı deyib.
Baş katib Azərbaycan hökumətinə forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.
"Bu forum siyasətçiləri, media rəhbərlərini, akademikləri və jurnalistləri bir araya gətirərək günümüzün ən aktual məsələlərinin müzakirəsi üçün mühüm platforma yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə və D-8 Media Mükəmməllik Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm”, – Baş katib qeyd edib.
O, həmçinin Prezidentin köməkçisi Hikmət Hacıyevin D-8 çərçivəsində əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək, bunun təşkilatın media sahəsində fəaliyyətinin genişlənməsinə mühüm dəstək verdiyini vurğulayıb.
“Azərbaycana D-8 çərçivəsində göstərdiyi fəal dəstəyə görə təşəkkür edirik və ümid edirik ki, D-8 Media Mükəmməllik Mərkəzi qısa zamanda fəaliyyətə başlayacaq”, - Sohail Mahmud bildirib.
Onun sözlərinə görə, mərkəz media sahəsində təlimlərin təşkili, tədqiqatların aparılması, statistik məlumatların toplanması, yeni texnologiyaların tətbiqi və milli media institutlarının potensialının gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək: “Mərkəz milli media qurumları, ictimai yayımçılar, beyin mərkəzləri və özəl media təşkilatları ilə sıx əməkdaşlıq edərək nəticəyönümlü fəaliyyət göstərəcək”.
Baş katib əlavə edib ki, D-8 Media Mükəmməllik Mərkəzi media sahəsində təlim, tədqiqat, innovasiya və institusional əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
18:52
1 050
18:38
749
18:13
749