Vüqar Əhmədov: Ulu Öndər xaricdə yaşayan azərbaycanlıların birliyini və təşkilatlanmasını daim diqqət mərkəzində saxlayıb Siyasət

Vüqar Əhmədov: Ulu Öndər xaricdə yaşayan azərbaycanlıların birliyini və təşkilatlanmasını daim diqqət mərkəzində saxlayıb

Dünya azərbaycanlılarının vahid təşkilatlar çərçivəsində cəmləşməsi və təşkilatlanaraq milli diaspora çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider bu müqəddəs ideyanın gerçəkləşməsi, Azərbaycan dövlətçiliyi kimi müqəddəs qayə ətrafında sıx birləşməsi üçün hər şeyi etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov bildirib.
O qeyd edib ki, Ulu Öndər xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayıb, Azərbaycan diaspor cəmiyyətlərinin problemlərinə və qayğılarına böyük həssaslıqla yanaşıb. Diaspor təşkilatlarına daim öz tövsiyələrini verən Ümummilli Lider həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirib. Eyni zamanda, Heydər Əliyev uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən, müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü nəzərə alıb.
Vüqar Əhmədov əlavə edib ki, hazırda Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilir. Dövlətimizin başçısı “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamında vurğulayıb ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi məhz ümummilli lider Heydər Əliyevdir: “Yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər”.