Ermənilər ABŞ Senatının qərarından istifadə etməyə başlayıblar Siyasət

Ermənilər ABŞ Senatının qərarından istifadə etməyə başlayıblar

İşğalçı Ermənistan və ermənilər ABŞ Senatının “erməni soyqırımı” ilə bağlı qərarından istifadə etməyə artıq başlayıblar.
Bu sözləri millət vəkili Qənirə Paşayeva deyib.
Qənirə Paşayeva bildirib ki, onlar bu qərardan mütləq öz maraqları və yalanlarını dünyaya daha geniş yaymaq üçün istifadə edəcəklər:
“ABŞ Senatının qondarma erməni soyqırımı haqqında Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsini pisləyir, qərəzli, ədalətsiz hesab edirik və qınayırıq. Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur, senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib. Senat bu addımı ilə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi roluna da bir daha çox ciddi kölgə saldı. Çünki onsuz da cəmiyyətimizdə ABŞ-ın bu məsələdə neytral, obyektiv rol oynamasına və ya oynayacağına dair inam həddindən artıq zəif idi. Hətta yox dərəcəsində idi deyə bilərik. Senatın bu addımından sonra isə insanların inamı tamamilə itdi. Çünki müasir dünyanın gözləri qarşısında işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırım barədə danışmayan Senatın qondarma erməni soyqırımı ilə bağlı yekdilliklə Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsi bir daha ikili standartlardan xəbər verdi. Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək və etməməlidir. Qardaş Türkiyənin yanındayıq və gənclərimiz media, sosial şəbəkələrdə, diaspor təşkilatlarımız yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə bu cür qərarların nə qədər ədalətsiz olması, heç bir tarixi fakta əsaslanmaması barədə geniş təbliğat işləri aparmalıdırlar. Biz hamımız harada doğulub harada yaşamamızdan asılı olmayaraq Türk millətinin övladları olaraq bu ədalətsiz qərarları qınamaqla yanaşı qondarma erməni soyqırımı yalanları ilə mübarizəmizi də daha da gücləndirməliyik. Xocalı soyqırımı həqiqətlərini dünyaya daha geniş duyurmalıyıq ki, əslində kimlərin kimlərə qarşı soyqırım törətdiyini daha geniş anlada bilək. Senatda təmsil olunanlar isə bunu çox yaxşı bilir. Amma onlar nə bahasına olursa-olsun, öz maraqlarını təmin etmək üçün yalanı gerçək adı ilə qəbul etmək əxlaqına malik olduqlarını bir daha göstərdilər”.
Millət vəkili vurğulayıb ki, Senatın Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təqdiqləməsi bu layihənin qanun statusu alması deməkdir:
“Qanunun qüvvəyə minməsinin qarşısı yalnız ABŞ prezidentinin veto hüququndan istifadə edəcəyi təqdirdə alına bilər ki, Trampın bu addımı atacağına isə ümid çox azdır. O, Türkiyənin qardaş ölkəmiz üçün çox önəmli olan bir sıra millli maraqlarından vaz keçməsini istəyəcək. Əslində ABŞ-ın gerçək siması budur. Qardaş Türkiyə isə bu yolla edilən təzyiqlə milli maraqlarla bağlı məsələlərdən geri çəkilməyəcəyini bəyan edib. Dünyanın hər yerində yaşayan insanlarımızı qondarma erməni soyqırımı yalanları ilə mübarizəni daha da gücləndirməyə çağırırıq. İşğalçı Ermənistan və ermənilər bu qərardan mütləq öz maraqları üçün və yalanlarını dünyaya daha geniş yaymaq üçün istifadə edəcəklər və artıq buna başlayıblar. Bütün Türk millətinin övladları olaraq bütün dünyada gerçəklərin yayılması, Xocalı həqiqətlərinin daha çox bilinməsi ilə bağlı işlərimizi daha da genişləndirməliyik. ABŞ prezidentinin də bu qərarı təsdiqləyəcəyi təqdirdə ABŞ-ın həmsədr kimi roluna ciddi zərbə olacağı düşüncəsini isə Vaşinqton rəsmilərinə bir daha geniş və birmənalı olaraq çatdırmamız lazımdır”.