Əli Əhmədov: Azərbaycanın milli inkişaf proqramının BMT-nin müəyyən etdiyi strategiyaya uyğun gəlməsi əsas hədəfdir Siyasət

Əli Əhmədov: Azərbaycanın milli inkişaf proqramının BMT-nin müəyyən etdiyi strategiyaya uyğun gəlməsi əsas hədəfdir

Azərbaycanın inkişaf strategiyasının BMT-nin inkişaf strategiyası ilə uyğunlaşdırması dövlətimizin əsas hədəflərindəndir.
Bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrinin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanla BMT arasında əməkdaşlıq hər zaman hökumət tərəfindən yüksək qiymətləndirilib. Bu əməkdaşlıq Azərbaycana indiyədək böyük faydalar verib: "Güman edirəm ki, bu əməkdaşlıq bundan sonra da davam edəcək. Azərbaycanın BMT ilə əlaqələri müxtəlif sahələri əhatə edir".
Baş nazirin müavini əlavə edib ki, Azərbaycan son 30 ildə inkişaf edən ən uğurlu ölkələrdən biridir. Azərbaycan iqtisadiyyatı inkişaf edib, əhalinin həyat şəraiti ciddi şəkildə yaxşılaşıb: "Azərbaycan azsaylı ölkələrdən biridir ki, BMT-yə özünün iki milli hesabatını təqdim edib. Bu onu göstərir ki, Azərbaycan BMT-nin 2030-cu ilədək olan qlobal hədəflərinə nail olmaq üçün səylərini çoxaldıb. Ölkəmiz 2030-cu il layihəsi üzrə əsas hədəflərini müəyyən edib. Əsas hədəf odur ki, Azərbaycanın milli inkişaf proqramı BMT-nin müəyyən etdiyi strategiyaya uyğun gəlsin".
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir və bununla əlaqədar qarşısında bir sıra vəzifələr dayanır: "Son 30 ildə Azərbaycan əhalisi 3 milyon nəfər artıb. Hər il əmək bazarına 100 min nəfər daxil olur. Qarşımızda duran əsas vəzifələrdən biri sosial sferanın inkişaf etdirilməsidir. Son illər ərzində Azərbaycanda bir çox sosial layihələr həyata keçirilib və bu, bundan sonra da davam edəcək".