"Biz birlikdə güclüyük" Siyasət

"Biz birlikdə güclüyük"

Azərbaycan Prezidentinin AzTV-yə musahibəsində yer alan fikirlər koronavirus təhlükəsinin
qarşısının alınması məqsədilə istər dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının,
medianın və təbii ki, vətəndaşlarımızın bundan sonra atacağı addimlar, sərgiləyəcəyi
davranışlar, uğurlu nəticəyə hesablanmış birliyimiz, həmrəyliyimiz üçün vahid yol xəritəsidir.
Təsadüfi deyil ki, dövlətimizin başçısı milli birliyimizi, həmrəyliyimizi qarşımızda duran bütün
vəzifələrin həllində əsas hərəkətverici, stimullaşdırıcı amil kimi dəyərləndirir.
Bu günə qədər görülən işlərin, atılan addımların koronavirus təhlükəsinin qarşısının alınacağına
və ölkəmizin bu ekstrimal vəziyyətdən az itkilərlə çıxacağına böyük ümidlər yaratması da məhz
Prezident İlham Əliyevin vurğuladığı amillərlə bağlıdır.
İctimai rəydə belə bir qənaətin formalaşmasına zəmin yaradan amillərdən biri də, şübhəsiz ki,
bu günə qədər görülmüş işlərin vaxtında və düzgün atılmış addımlarlə müşayiət olunmasıdır.
Cənab Prezidentin də qeyd etdiyi kimi, qəbul edilmiş konkret qərarlar və yol xəritəsi vəziyyəti
nəzarətdə saxlamağa imkan yaradır.
Bununla yanaşı, bir məqamı da xüsusi olaraq diqqətə almaq lazımdır. Koronavirus olduqca ciddi
bir təhlükədir. İnkişaf etmiş ölkələrin böyük şəhərlərində pandemiyanın çox faciəvi nəticələrə
gətirib çıxarması da bunu sübuta yetirir.
İndiki məqamda bizim üçün ən önəmli məqamlardan biri Azərbaycanın digər ölkələr tərəfindən
buraxılan səhvləri təkrarlaması, virusun yayılmasının qarşısının alınması istiqamətində qəbul
edilən qərarların və atılan addımların hadisələrin inkişaf dinamikasına uyğun, bir çox hallarda
isə önləyici xarakter daşımasıdır.

Qlobal təhlükəyə qarşı qlobal məsuliyyət

Azərbaycan bir çox ölkələrdən fərqli olaraq koronavirusun yayılması ilə bağlı çağırışları ilk
gündən ciddi təhlükə kimi qəbul etdi və qarının alınması istiqamətində ciddi tədbirlər həyata
keçirməyə başladı.
Koronavirusun yayılması təhlükəsinə münasibətdə İtaliya kimi inkişaf etmiş bir ölkənin, qonşu
İranın və bir sıra digər dövlətlərin çevik reaksiya verməmələri təəssüf ki, olduqca acınacaqlı bir
nəticənin ortaya çıxmasına zəmin yaradıb.
Azərbaycan dövləti isə təhlükənin yarandığı ilk günlərdən nəinki öz vətəndaşlarının həyati
təhlükəsizliyin təmin edilməsi istiqamətində təxirəsalınmaz addımlar atdı, hətta qlobal
məsuliyyətini dünyanın bir sıra aparıcı ölkələrindən daha çox dərk etdiyini, humanizm
prinsiplərini üstün tutduğunu konkret əməli addımlarla sübuta yetirdi, beynəlxalq münasibətlər
sistemində nümunəvi bir dövlət olduğunu göz önünə sərgilədi.
Buna misal olaraq, ölkəmizin koronavirusla mübarizə məqsədilə Ümumdünya Səhiyyə
Təşkilatına (ÜST) və qonşu İrana verdiyi maliyyə dəstəyini göstərmək olar.
Şübhəsiz ki, ölkəmizin ÜST-ə və qonşu İrana göstərdiyi maliyyə yardımı həm də Azərbaycan
vətəndaşlarının həyati təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Çünki koronavirus qlobal
təhlükədir və bu problemin bir ölkənin sərhədləri daxilində həmişəlik həlli mümkün deyil. Bu

baxımdan ölkəmizin sərgilədiyi movqeni eyni zamanda qlobal miqyasda həmrəyliyə çağırış və
bu məqsədlə göstərilən praktik nümunə olaraq dəyərləndirmək lazımdır.
Koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması,
sərhədlərin bağlanması, kütləvi tədbirlərin qadağan edilməsi, ictimai iaşə obyektlərinin
fəaliyyətinin məhdudlaşdırılması, xarici ölkələrdəki Azərbaycan vətəndaşlarının təhlükəsiz bir
şəkildə ölkəmizə gətirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, virusun yayılmasının
minimuma endirilməsi məqsədilə karantin rejiminin tətbiqi, tibb işçilərinin əməyinin
qiymətləndirilməsi, sahibkarların, aztəminatlı ailələrin müdafiəsi istiqamətində qəbul olunan
qərarlar və nəhayət, Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondunu yaradılması Azərbaycanın
koronavirus pandemiyası ilə mübarizədə necə sistemli və ardıcıl bir siyasət yürütdüyünü sübuta
yetirir. Qeyd etmək lazımdır ki, Azərbaycan Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondunu
yaratmaqla həm də bir ilkə imza atdı.
Bu arada Fondun yaradılması ilə bağlı bir məqama da diqqət çəkmək istəyirəm: Koronavirusla
Mübarizəyə Dəstək Fondunun yaradılmasını sadəcə bu pandemiyanın qarşısının alınmasına
əlavə vəsaitlərin cəlb edilməsi üçün bir vasitə kimi baxmaq, düşünürəm ki, çox bəsit yanaşma
olardı. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ilk növbədə bu qlobal
təhlükəyə qarşı vahid milli mövqenin, birlik və həmrəyliyin əməldə nümayişi üçün bir vasitədir.
Azərbaycan dövləti vətəndaşların sağlamlığını qorumaq, onların təhlükəsiz və layiqli həyatını
təmin etmək üçün bütün mümkün addımları atır. Məqsəd isə bu ağır, çətin vəziyyətdən az
itkilərlə çıxmaqdan ibarətdir. Yəni bütün digər məsələlərdə olduğu kimi koronavirusun
yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin təməlində də insan amili
dayanır. Amma bu proses qarşılıqlı yanaşma tələb edir. Dövlət nə qədər güclü olsa da
vətəndaşın dəstəyi, həyata keçirilən tədbirlərə anlayışlı münasibəti, qaydalara istisnasız əməl
etməsi, məsuliyyətli davranışı olmadan bu mühüm vəzifənin öhdəsindən gələ bilməz. Məhz bu
səbəbdən də Prezident İlham Əliyev öz müsahibəsində növbəti dəfə ölkə vətəndaşlarına öz
ismarışlarını çatdırdı və qeyd etdi ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa,
biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq.
"Biz birlikdə güclüyük!' - hesab edirəm ki, Azərbaycan Prezidentinin bu sözləri koronavirusla
mübarizənin leytmotuvinə çevrilməlidir. Dövlətimizin başçısı güclü olmanın düsturunu bir daha
Azərbaycan cəmiyyətinə xatırlatdı: Milli birlik və həmrəylik! Birlik isə bətnində əməli davranışları
daşıyan, daha məsuliyyətli, mərhəmətli, vicdanlı olmağı tələb edən bir anlayışdır. Bizim bir xalq
olaraq keçdiyimiz yol, daşıdığımız dəyərlər, mənsub olduğumuz mədəniyyət də gerçək bir
Azərbaycanlı olmaq üçün məhz bu keyfiyyətləri tələb edir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "Milli həmrəylik, məsuliyyət, milli birlik bu xəstəliyə
qalib gəlməyə imkan verəcək".

Elçin Mirzəbəyli