Millət vəkili: “Ölkəmiz və vətəndaşlarımız koronavirusla bağlı real təhlükə mərhələsinə qədəm qoyub” Siyasət

Millət vəkili: “Ölkəmiz və vətəndaşlarımız koronavirusla bağlı real təhlükə mərhələsinə qədəm qoyub”

“Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.
H. Babaoğlu bildirib ki, bunun fərqində olmasaq, hər birimiz öz şəxsi karantin rejimimizi elan edib özümüzü təcrid etməsək, ən pis ssenari ilə üzləşə bilərik: “Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Ölkə və vətəndaşlar real təhlükə mərhələsinə qədəm qoyub. Hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm, hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Ona görə də bu vaxta qədər yol verdiyimiz məsuliyyətsizliyi, səhlənkarlığı bir kənara qoyub həyatımızda ciddi karantin rejimini tətbiq etdiyimiz tamamilə yeni bir səhifə açmağı bacarmalıyıq. Əks təqdirdə nəinki özümüzün həm də yaxınlarımızın, sevdiklərimizi həyatına ciddi təhlükə yarada bilərik”.
Millət vəkili qeyd edib ki, hər birimizin müşahidə etdiyimiz və müqayisə edərək doğru nəticə çıxara biləcəyimiz dünya təcrübəsi var: “Hansı ölkələrdə karantin rejimi vətəndaşlar tərəfindən ciddi qəbul edildisə, ona riayət olundusa, həmin ölkələr koronavirusa minimum itki ilə qalib gələ bildi. Bunun əksini edənlər isə çox ağır itkilərə məruz qalmalı oldular. Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcridetmə, maksimim passiv evdəqalmadır. Bu gün passiv evdəqalama koronovirusa qarşı ən aktiv mübarizə aparmaq deməkdir. Bir müddət sonra bu təhlükə də arxada qalacaq. Sosial-ictimai həyatımızda yeni bir dövr başlayacaq və biz bu dövrü “postkorona” dövrü adlandıracağıq. Gəlin elə tədbirlər görək ki, bu dövrə yaxınlarımızla, əzizlərimizlə birlikdə qədəm qoya bilək. Bu gün birimizin təhlükəsizliyi hər birimizin təhlükəsizliyi, birimizin məsuliyyətsizliyi isə hər birimiz üçün təhlükədir. Təhlükəni birgə dəf etmək hamımızın vətəndaşlıq vəzifəmiz və borcumuzdur. “Evdəqal Azərbaycan!”, “Vətəndaş evdəqal!” bu günün ən aktual çağırışıdır. Evdə qalaq, bu günümüzü, gələcəyimizi xilas edək!”