ABŞ Senatı səfirlərin namizədliyinə baxdı Siyasət

ABŞ Senatı səfirlərin namizədliyinə baxdı

Robert Sekuta: "Azərbaycan çox çətin bir qonşuluq şəraitində yaşayır"
Riçard Mills: "Ermənistanın bəzi son qərarlarından narazılığımızı aydın bildirmişik, amma..."

ABŞ Senatının xarici əlaqələr komitəsində Robert Sekutanın Azərbaycan səfiri postuna namizədliyi ilə bağlı dinləmə keçirilib. Qeyd edək ki, dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini Robert Sekutanın namizədliyi iyul ayında irəli sürülüb. O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.
Dinləmədə çıxış edən Robert Sekuta deyib: "Azərbaycan çox çətin bir qonşuluq şəraitində yaşayır. Bu ölkə təhlükəsizliyi və sabitliyi qoruyub saxlamalıdır. Ancaq bunu yalnız hüququn aliliyi, insan haqları və fundamental azadlıqlar daxil olmaqla, demokratik prinsiplərə güclü şəkildə sadiq qalmaqla həyata keçirmək olar. Təsdiqlənsəm, azərbaycanlılarla, onların istədiyi, layiq olduğu güclü demokratiyanın və iqtisadiyyatın qurulması üçün fasiləsiz olaraq işləyəcəyəm.
Enerji və təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirdiyimiz kimi Azərbaycan hökuməti ilə demokratik institutların və proseslərin irəli aparılması, hüququn aliliyinin gücləndirilməsi üçün də işləməliyik".
Dağlıq Qarabağ münaqişəsinə toxunan Robert Sekuta deyib ki, ancaq danışıqlarla əldə olunan həll regiona uzunmüddətli sülh və sabitlik gətirə bilər.
Robert Sekuta demokratik təsisatların və qanunun aliliyinin gücləndirilməsi istiqamətində də birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb: "Demokratiyalar müstəqil ədliyyə sistemini gücləndirdikdə, qanuna, azad mediaya, fəal vətəndaş cəmiyyəti, plüralizm, rəqabət, demokratik seçki prosesi və insan hüquqları, sərbəst toplaşma və birləşmə hüququ, eləcə də ifadə və din azadlıqlarına hörmət olunduğu halda çiçəklənir".
O qeyd edib ki, ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 22 il ötür. Bütün bu müddətdə Vaşinqton Bakı ilə təhlükəsizlik, energetika və demokratiya kimi üç eyni dərəcədə mühüm istiqamətdə əməkdaşlıq edib. Hər üç istiqamət Azərbaycanın Avroatlantik cəmiyyətə tam inteqrasiyası üçün zəruridir.
O, səfir kimi təsdiq olunacağı təqdirdə təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə çalışacağını deyib.
Sekutanın sözlərinə görə, ABŞ artıq çoxdan Azərbaycanı beynəlxalq təhlükəsizlik sahəsində mühüm tərəfdaş hesab edir: "Biz 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə işində öz yardım əlini və əməkdaşlıq təklif edən ilk ölkələrdən biri olduğunu xatırlayırıq və bu əməkdaşlıq davam edir. ABŞ və Azərbaycanın hərbi qulluqçuları Kosovoda və İraqda çiyin-çiyinə xidmət keçiblər".
Onun sözlərinə görə, hazırda Azərbaycan və ABŞ hərbi qulluqçuları Əfqanıstanda birgə xidmət keçirlər. Azərbaycan Əfqanıstanda ISAF qüvvələrinə öz sadiqliyini nümayiş etdirib, o cümlədən ölkənin ərazisi NATO yüklərinin daşınması üçün dəhliz rolunu oynayır.
Sekuta qeyd edib ki, ISAF qüvvələrinin dəstəklənməsi üçün Azərbaycanın ərazisindən minlərlə konteyner yük daşınıb, bu məqsədlər üçün ölkənin hava məkanından da istifadə olunur.
Ermənistanda səfir postuna namizəd Riçard Mills də dinləmədə proqramını açıqlayıb. O deyib ki, ABŞ-ın Ermənistan siyasətinin məqsədi qonşularla sülh şəraitində yaşayan, azad və çiçəklənən Ermənistanın olmasıdır: "Bu məqsədə nail olmaq Ermənistana bu sahələrdə köməkdən keçir - demokratiyanın gücləndirilməsi və korrupsiya ilə mübarizədə, iqtisadiyyatın liberallaşdırılmasında, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə Minsk qrupu prosesi çərçivəsində həllində..."
O, "erməni xalqının əzablarının tam, səmimi və ədalətli etirafı" fonunda qonşusu Türkiyə ilə barışmasının da zəruriliyini qeyd edib.
Bununla belə namizəd rəsmi İrəvanın siyasətindən narazılığını da gizlətməyib: "Ermənistanın bəzi son qərarlarından narazılığımızı aydın bildirmişik. BMT Baş Assambleyasında Ukraynanın suverenliyi və ərazi bütövlüyü əleyhinə Rusiya ilə birlikdə səs verməsi də bu qərarlar içindədir. Ancaq ABŞ hökuməti Ermənistanla güclü ikitərəfli münasibət saxlamaq öhdəliyinə sadiq qalır.
Ermənistan ötən ilin sentyabrında Avropa Birliyi ilə azad ticarət zonasına dair danışıqları dayandırmaq və Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqına qoşulmaq qərarı onu göstərib ki, Ermənistanın regional təcridi azaldılmalı, iqtisadi və təhlükəsizlik baxımından müstəqilliyi gücləndirilməlidir".
Riçard Mills Türkiyə-Ermənistan barışığına doğru cəhdlərin də "vacib olduğunu" vurğulayıb. O deyib ki, Birləşmiş Ştatlar gələn il "20-ci əsrin ən pis vəhşiliklərindən birində, 1 milyon yarım erməninin qırğınının 100 illiyində erməni xalqı ilə həmrəy olacaq".
Hamizəd qondarma soyqırımın ildönümü ərəfəsində Türkiyəni "Ermənistanla faktların tam, səmimi və ədalətli etirafı istiqamətində işləməyə" çağırıb.