Prezidentin köməkçisi və DSX rəisi hərbi hissələrdə Siyasət

Prezidentin köməkçisi və DSX rəisi hərbi hissələrdə

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşrıqlarının icra vəziyyəti yoxlanılıb, sərhədçilərin xidməti və yaşayış şəraitləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqələrində düşmən ilə təmas xəttində xidmət aparan hərbi qulluqçular ilə görüşülüb.
Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun formalaşdırılması məqsədilə görülən işlərlə tanış olunub, bu məqsədlə aparılan tikintilərə baxış keçirilib, Qazax rayonunun İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun iştirakı ilə bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin qısa müddət ərzində realizəsi məsələləri müzakirə olunub.
“Qazax” əlahiddə sərhəd diviziyasının rəhbər heyəti ilə xidməti müşavirə keçirilmiş, hərbi hissə və bölmələrin döyüş hazırlığının möhkəmləndirilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, sərhədçilərin döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.