Rəsmi Bakıdan Ukrayna açıqlaması Siyasət

Rəsmi Bakıdan Ukrayna açıqlaması

Araz Əzimov: "Azərbaycanın ərazi bütövlüyü və stabilliyi bizim üçün nə qədər vacib və prinsipialdırsa, Ukraynanın ərazi bütövlüyü və stabilliyi də vacibdir"
"Bu ölkə Qərblə Şərq arasında sıxılan bir dövlət, nəhəng iqtisadiyyata malik ölkədir"

Xarici işlər nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hazırda heç bir - mənfi və ya müsbət - dinamika olmadığını bəyan edib.
Nazir müavini deyib ki, Azərbaycan öz prinsipal mövqeyində qalmaqdadır: "Ona görə düşünürəm ki, burada söhbət ilk öncə qarşı tərəfin həqiqətən məsələləri həll etməyə hazır olduğundan getməlidir. İkincisi isə Azərbaycan öz mövqeyini süni şəkildə dəyişdirmir. Azərbaycan öz prinsipal mövqeyində qalmaqdadır. Vyana görüşündən əvvəlki və sonrakı mərhələdə də Azərbaycan dövlətinin başçısı prinsipal olaraq öz mövqeyini bəyan etmişdir".
Prezidentlərin növbəti görüşü barədə danışarkən Araz Əzimov bildirib ki, bu barədə heç bir yenilik yoxdur: "Hələlik müzakirə prosesi adlandırılan və prinsipcə ayrı-ayrı görüşlərdən ibarət olan bir proses nəticə vermir. Lakin Azərbaycan öz mövqeyini bildirərək dəfələrlə bəyan etmişdi ki, biz beynəlxalq hüquq normaları və prinsipləri əsas tutaraq, BMT Təhlükəsilik Şurasının qətnamələrinə uyğun olaraq öz haqqımızı tələb edirik".
A.Əzimov qeyd edib ki, münaqişənin həllinə dair konkret şərait formalaşır: "Yəqin ki, Ermənistan bu şəraitdə çıxılmaz vəziyyətdə qalaraq öz mövqeyini dəyişdirməyə məcbur olacaq".
Araz Əzimov rəsmi Bakının Ukraynadakı hakimiyyət dəyişikliyinə münasibətini də açıqlayıb. O deyib ki, Ukraynanın vəziyyəti və ordakı hadisələrin inkişafı tək Ukraynaya xas olan və yaxud bu ölkəyə görə baş verən hal deyil: "Bu gedişatlar, hadisələr, məncə, prinsipial olaraq yaranan və formalaşan geosiyasi vəziyyət çərçivəsində baş verməkdədir".
Nazir müavininin sözlərinə görə, bir tərəfdən həddən artıq gözləntilər arxada qalıb, digər tərəfdən, siyasi istismar etməklə köhnə geosiyasi sxemlərə üstünlük verərək hansısa məcrada yeni bir mərhələdə mübarizə aparılır: "Ona görə hansısa müsbət mənada biz şanslıyıq ki, bu hadisələri bilavasitə izləyirik və get-gedə, gündən-günə formalaşan siyasi mühiti izləyib təhlil edə bilirik. Lakin hazırkı mərhələdə məncə, Ukraynada stabilliyə qədər bir məsafə var. Ukraynada, bildiyimiz və müşahidə etdiyimiz kimi, bir neçə şəhərdə, iri məntəqələrdə iğtişaşlar davam etməkdədir. Ukraynanın qərb və şərq hissəsi arasında ənənəvi olaraq bəlkə hansısa həssaslıqlar var. Paytaxt Kiyevin özü hələ stabilləşməyib. Yanukoviçin parlament tərəfindən vəzifəsindən kənarlaşdırılması və Ali Radanın sədri olan cənab Turçinovun hazırda prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edildiyi bir şəraitdə Kiyevin mərkəzində iğtişaşlar hələ də bitməyib, əhali evlərinə qayıtmayıb, vəziyyət gərgin olaraq qalır. Hazırda mübahisələr "gələcək rəhbər kim olacaq" mövzusu ətrafında aparılır".
A.Əzimov hesab edir ki, bu hadisələr Ukrayna xalqının maraqlarına xidmət etmir: "İqtisadi inkişaf və stabillik əvəzinə bu cür qanlı hadisələrin baş verdiyi şəraitdə nəyi isə qabaqcadan demək çox çətindir. Ukraynanın ən mənfəətli və gələcəyə təsir edəcək seçimi, gələcək seçimi stabil şəraitdə və bütün maraqlı tərəflərin iştirak etdiyi bir şəraitdə düşünülə və müəyyənləşdirilə bilər".
Araz Əzimov deyib ki, Ukrayna doğrudan da Qərblə Şərq arasında sıxılan bir dövlət, nəhəng iqtisadiyyata malik ölkədir: "Bu ölkənin gələcəyi həm Şərqin, həm də Qərbin inkişafına təsir edə bilər. Çox güman ki, bu təsir düzgün olaraq dəyərləndirilir, ona görə də bütün tərəflərdən bəyanat verilir ki, Ukraynanın parçalanması və bölünməsi kiminsə maraqlarına uyğun olmaz. Bu, tamamilə düzgün bir mövqedir. Azərbaycan əlbəttə ki, Ukraynaya dost ölkədir. Bu ölkə ilə bizim strateji tərəfdaşlığımız var. Azərbaycanın ərazi bütövlüyü və stabilliyi bizim üçün nə qədər vacib və prinsipialdırsa, Ukraynanın ərazi bütövlüyü və stabilliyi də vacibdir. Ukraynanın stabilliyi birbaşa Mərkəzi Avropanın stabiliyinə təsiredici faktor kimi baxılmalıdır".
Araz Əzimov onu da bildirib ki, Avropa İttifaqına birbaşa üzvü olan ölkələr Ukraynadakı hadisələrdə maraqlı tərəf kimi çıxış edir: "Onların nazirləri, nümayəndələri dəfələrlə Ukraynaya gəlib vasitəçilik etməyə çalışıblar, yaxud meydanda yığılan müxalifətçilərə ürək-dirək verməyə çalışıblar. ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland, Aİ-nin ali nümayəndəsi Ketrin Eşton dəfələrlə orda olublar. Bu insanlar əlbəttə ki, qonaq deyillər. Onlar böyük siyasi təsir gücünə malik olan dövlətləri təmsil edirlər. Əlbəttə ki, onların səfərləri, Kiyevdəki fəaliyyətləri hadisələrə təsir etməyə bilməz. Digər tərəfdən, ifşa edilmiş və internetdə yayılmış audioyazılar müxalifətin, ayrı-ayrı şəxslərinin siyasi nüfuzuna təsir etməyə bilməz. Bu hadisələr hələ izlənilməlidir, onların təhlili qabaqdadır".
Araz Əzimov Suriyadakı münaqişələrdə bəzi azərbaycanlıların iştirakına da münasibətini ifadə edib: "Azərbaycan Suriyadakı vəziyyətin sülh yolu ilə həll edilməsində maraqlı olduğunu və dəstəyini bəyan edib".
O, qeyd edib ki, Suriyadakı döyüşlərdə ayrı-ayrı şəxslərin Azərbaycandan olması Azərbaycan-Suriya münasibətlərinə kölgə sala bilməz: "Digər tərəfdən, bunlar Azərbaycan vətəndaşları olsalar da, əlbəttə ki, Suriyaya qeyri-qanuni gedərək orada hansısa fəaliyyətlə məşğul olurlar. Kimlərinsə həlak olması, əlbəttə ki, xoş hal deyil. Digər tərəfdən, bunun arxasında həm insanın şəxsi düşüncəsi, həm də konkret maddi marağı ola bilər. Çünki bildiyiniz kimi bu cür insanlara adətən muzd verirlər. Amma əlbəttə ki, buna genişmiqyaslı proses kimi baxılmamalıdır. Bu, təbii ki, kədərləndirici haldır".
Hazir müavininin sözlərinə görə, bunun qarşısını almaq üçün həm dini, həm də ictimai təhsilin rolu çox vacibdir.
Xatırladaq ki, bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası fətva verərək bəyan edib ki, bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunması narahatlıq doğurur. Həmçinin bildirilir ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyildir. Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğu qeyd olunub və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakı, başqa dövlətlərin daxili işinə qarışmaları qətiyyətlə pislənilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması və onlara qarşı effektiv mübarizə aparılması məqsədilə respublikada təlim kurslarının təşkilinə başlayıb.
Cəmil