“Ölkəmizdə rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənilir” Siyasət

“Ölkəmizdə rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənilir”

Azər Badamov: “Bu strategiya 5 il ərzində həyata keçiriləcək”

“Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Millət vəkili Azər Badamov bildirib ki, "Microsoft” şirkəti ÜDM-i 125 milyard dollar olan dünyanın ən böyük 10 şirkətindən biridir: ““Microsoft” şirkətinin Azərbaycanla əməkdaşlıq potensialı çox genişdir. Bu gün ölkəmizdə rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənilir və bu strategiya 5 il ərzində həyata keçiriləcək”.
Deputatın sözlərinə görə, rəqəmsal strategiya həyatımızın hər bir sahəsini elektronlaşdırılmasına imkan verəcək: "Ölkəmiz süni intelektdən daha geniş istifadə etmək istiqamətində layihələrin həyata keçirilməsi üçün yeni strategia üzərində işləyir. “Microsoft” şirkəti yaxın zamnda süni intelekt platformasının Azərbaycan dilini dərk edilməsi üzərində işləyir. Bu da Azərbaycanı öz dilini süni intelektə tanıdan dünyada çox az ölkələrdən birinə çevirəcəkdir. Kibertəhlükəsizlik bizim üçün hər zaman aktualdır. Ölkəmiz rəqəmsal iqtisadiyyata üstünlük verdiyindən dataların kiber hücumlardan qorunmasını aktuallaşır. Azərbaycan dünyanın 2 milyarda yaxın insanını internetlə təmin edəcək Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsini həyata keçirir. Bu layihə başa çatandan sonra Azərbaycanda böyük Data mərkəzi yaradılacaqdır. Müzakirə olunan mövzulardan biri də süni intelekt üzərində qurulmuş Silkon vadisi kimi Abşeron vadisinin yaradılması məsələsidir.
Hesab edirəm ki, nəzərdə tutulmuş Avropanı-Asiyaya birləşdirəcək yeni rəqəmsal habın Azərbaycanda yaradılması Abşeron vadisinin yaradılması prosesini sürətləndirəcəkdir. Ona görə də kibertəhlükəsizlik məsələsində Microsoft şirkəti ilə əməkdaşlıq perspiktivlərimiz genişdir. Dünyanı Koronavirus pandemiyası ağuşuna aldığı bir zamanda iqtisadiyyatda və təhsildə yeni yanaşmanın ortaya qoyulmasını aktuallaşdırır. Bu, məsafədən idarəetmə və distant təhsil məslələridir. Pandemiyanın nə vaxt bitəcəyini heç kim bilmədiyindən biz təhsilimizi distant formada davam etdirməyimizə hazır olmalıyıq. Yəni, qeyd etdiyim bütün məqamlar müasir dövrün çağırışlarıdır və bu çağırışlar Azərbaycanın Microsoft şirkəti ilə əməkdaşlıq imkanlarını genişləndirir".
Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, Prezident İlham Əliyevin iştirakı ilə "Microsoft" rəhbərliyi ilə keçirilən videokonfrans bir-neçə aspektdən əhəmiyyətli hesab olunur: “Bu, bir daha təsdiq edir ki, beynəlxalq qurumların, eləcə də aparıcı qlobal şirkətlərin Azərbaycan iqtisadiyyatına inamı kifayət qədər yüksəkdir".
Onun sözlərinə görə, pandemiya dövründə belə videokonfransların keçirilməsi post-pandemiya dövründə həmin şirkətlərin Azərbaycanla əlaqələrini daha da genişləndirmək istəyindən xəbər verir və bu təbii ki, ölkə iqtisadiyyatına olan güvənin göstəricisidir: "Videokonfransda qeyd edilən məsələlər bir daha təsdiq edir ki, beynəlxalq arenanın, o cümlədən, beynəlxalq qurumların, aparıcı şirkət rəhbərlərinin Azərbaycan liderinə etimadı kifayət qədər yüksəkdir. Xüsusilə də məhz bu görüşlərdən əvvəl keçirilən videokonfranslarda ölkə Prezidentinin rəhbərliyi ilə aparılan islahatların xüsusilə qiymətləndirilməsi və qeyd olunması da ondan xəbər verir ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar beynəlxalq qurumlar tərəfindən, eləcə də dünyanın aparıcı şirkətləri tərəfindən müsbət qarşılanır. Eyni zamanda bu videokonfrans bir daha pandemiya dövründə Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən sahibkarların dəstəklənməsi isə bağlı reallaşan islahatlar da beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır. Çünki nəticə etibarilə əvvəlki videokonfranslarda olduğu kimi "Microsoft" rəhbərliyi də pandemiyaya qarşı Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən, bu dövrdə həm sahibkarların, bütövlükdə muzdlu işçilərin, o cümlədən, vətəndaşlarımızın dövlət tərəfindən dəstəklənməsi siyasəti xüsusi qiymətləndirilir. Bu isə ondan xəbər verir ki, pandemiya dövründəki siyasət yalnız Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən deyil, eyni zamanda iqtisadi sferada olan beynəlxalq qurumlar və şirkətlər tərəfindən də yüksək qiymətləndirilir".
Millət vəkili əlavə edib ki, bu görüş bir daha təsdiq edir ki, Azərbaycan innovasiya, eyni zamanda, informasiya texnologiyası baxımından regionun aparıcı ölkələrindəndir və xüsusilə də 4-cü Sənaye İnqilabı ilə bağlı regional fəaliyyətlərdə Azərbaycanın öndə olması, DAVOS İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı üzrə regional mərkəzinin Azərbaycanda yaradılması ilə bağlı razılığın əldə edilməsi onu sübut edir ki, Azərbaycan innovasiyanı dəstəkləyən və innovativ, eləcə də texnoloji inkişafa töhfə verən ölkələrdən biridir: "Praktik olaraq bu innovasiya sahəsində Azərbaycanın regionun aparıcı ölkələrindən biri olması anlamına gəlir. Bu baxımdan təbii ki, bu videokonfrans bir daha təsdiq edir ki, post-pandemiya dövründə Azərbaycanda həyata keçirilən islahatlar, innovativ və eyni zamanda texnoloji yeniliklərin, sahibkarların və bütövlükdə iqtisadiyyatın eyni istiqamətdə daha yaxından dəstəklənməsinə imkan verəcək. Bu da post-pandemiya dövründə Azərbaycan iqtisadiyyatında innovativ dəyərin çəkisinin artmasına və bütövlükdə ölkə iqtisadiyyatındakı diversifikasiya meyillərinin gücləndirilməsinə, ötən ayın yekunlarında olduğu kimi növbəti dövrlərdə də innovasiyanı daha çox tətbiq edən sektorlardan olan neftdən kənar sahələrin iqtisadiyyatdakı drayver rolunun güclənməsinə gətirib çıxaracaq”.