Ermənistandan siyasi iradə gözləyirik - Bayramov
5 Dekabr 19:46
Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki hərbi təxribatının gerçək səbəblərini açıqladı və növbəti dəfə işğalçı ölkənin rəhbərliyinin daxili auditoriyaya yönəlmiş siyasətini ifşa etdi. Prezidentin də qeyd etdiyi kimi? Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb və daxili çaxnaşmalar geniş vüsət alıb. Bu səbəbdən də, baş nazir Nikol Paşinyan və komandası diqqəti daxili problemlərdən yayındırmaq üçün, Ermənistanın siyasi hakimiyyətlərinin klassik metodlarında – xarici düşmən faktorunu qabartmaqda görüb. Amma indiki halda Ermənistandakı vəziyyət o qədər acınacaqlıdır ki, diqqəti daxili problemlərdən yayındırmaq üçün heç bir təxribat və avantüra Ermənistan hakimiyyətinin köməyinə gəlməyəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
O qeyd edib ki, işğalçı ölkədə COVID-19 virusuna yoluxanların sayı 32 minə çatıb. Əhalisinin real sayı 1,2-1,5 milyon nəfər olan bir ölkə üçün bu, həddindən artıq böyük rəqəmdir. Ermənistanda indiyədək COVID-19-a yoluxanları müəyyənləşdirmək üçün 5 aya yaxın bir zaman kəsiyində cəmi 135 minə yaxın test aparıldığını nəzərə alsaq yoluxanların sayının kifayət qədər yüksək olduğunu müəyyənləşdirmək olar. Müqayisə aparmaq üçün xatırladım ki, Azərbaycanda son 15-16 gün ərzində aparılan testlərin sayı Ermənistanda aparılan testlərin cəmindən çoxdur.
Ekspert əlavə edib ki, digər tərəfdən, məlum olduğu kimi hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının ən aşağı həddə enməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətinin tamamilə nüfuzdan düşməsinə zəmin yaradıb. Paşinyanın və komandasının sözügedən təxribatla paralel olaraq, nəzarətlərində olan bütün informasiya resursları ilə ölkə daxilində total təbliğat kampaniyasına başlamaları da sübuta yetirir ki, əsas məqsədlərdən biri paramparça olmuş Ermənistan cəmiyyətini xarici təhlükə qarşısında bir araya gətirmək cəhdidir. Erməni siyasətinin “küçə uşaqları” belə hesab edirlər ki, bu yolla getdikcə daha çox tərəfdar toplayan müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.
E.Mirzəbəyli diqqətə çatdırıb ki, Ermənistan mediasının və müstəqil ekspertlərin verdiyi məlumatlara görə, ölkədəki iqtisadi böhran və sosial problemlər ən yüksək həddə çatıb. Bunun əsas səbəblərindən biri, COVID-19 virusuna yoluxma halları ilə bağlı aparılan mübarizənin effektivsizliyi və sərhədlərin qapalı olmasıdır. Daxili resurslarla əhalinin minimum ehtiyaclarını ödəyə bilməyən Paşinyan hakimiyyəti onları aclıq və səfalətlə baş-başa buraxıb. Ermənistanın rəsmi qurumlarının verdiyi məlumatlara görə, hər il 210 min nəfərdən çox ölkə vətəndaşı mövsümi işlərdə çalışmaq üçün Rusiya və digər ölkələrə getmək məcburiyyətində qalır. Bu şəxslərin 3-4 ay ərzində əldə etdikləri qazanc isə Ermənistanda illik ÜDM-nin 20 faizdən çoxunu təşkil edir. Ermənistan əhalisinin real sayını və gənclərin əhəmiyyətli hissəsinin ölkəni tərk etdiyini nəzərə alsaq, 210 min nəfərin, yəni bu ölkənin işçi potensialının təxminən, 35-40 faizinin yalnız mövsümi işlərin ümidinə qaldığını müəyyənləşdirə bilərik. Bu isə indiki vəziyyətdə Ermənistanda işsizliyin sayının nə qədər yüksək olduğunu göstərir.
Onun sözlərinə görə, Ermənistan Mərkəzi Bankının verdiyi məlumata görə, hər il xaricdən ölkəyə 1,5 milyard ABŞ dollarından çox köçürmələr edilir. Bu köçürmələrin əhəmiyyətli hissəsini isə mövsümi işlərdə çalışan şəxslərin öz ailələrinə göndərdikləri vəsaitlər təşkil edir. Ermənistanın Əmək və sosial məsələlər nazirliyinin demoqrafiya şöbəsinin rəisi Artak Markosyanın Ermənistan mətbuatına verdiyi açıqlamada isə Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərin real göstəricilərdən dəfələrlə az olduğunu bildirib. O qeyd edib ki, mövsümi işlərdə çalışmaq üçün xarici ölkələrə üz tutan Ermənistan vətəndaşlarının çoxu qazandıqları vəsaitləri nəğd şəkildə, ölkəyə geri qayıdan zaman özləri ilə gətirirlər. Bu isə mövsümi işlərdən əldə edilən vəsaitlərin həcminin təxminən 3 milyard dollarından çox olduğunu göstərir. Yəni, təxminən Ermənistanın dövlət büdcəsi qədər. Göründüyü kimi, yaranmış vəziyyət Ermənistandakı daxili kataklizmlərin daha da dərinləşəcəyi ehtimalını yaradır. Ermənistanın, Paşinyan hakimiyyətinin isə COVID-19 səbəbindən itirilən vəsaitləri kompensasiya etmək üçün heç bir iqtisadi resursu yoxdur. Bu dəfə klassik dilənçilik ənənəsi də ermənilərin köməyinə çatmır. Çünki pandemiya səbəbindən dünyanın bütün ölkələri diqqəti daxili sosial-iqtisadi problemlərinin həllinə yönəldiblər. Məhz bu səbəbdən Nikol öz hakimiyyətini bir ölümcül nəticədən xilas etmək üçün başqa bir ölümcül nəticəni – Azərbaycanla sərhəddə təxribat törətmək yolunu seçib.
“Ermənistanın Azərbaycanla dövlət sərhədində hərbi təxribat törətməsinin başqa bir səbəbi isə, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlarla bağlıdır. Prezident İlham Əliyevin pandemiya dövründə irəli sürdüyü regional və qlobal təşəbbüslərinin ən yüksək səviyyədə dəstək qazanması, dünyanın aparıcı beynəlxalq təşkilatlarının, o cümlədən Avropa İttifaqının, Qoşulmama Hərəkatının və digər nüfuzlu beynəlxalq təsisatların ölkəmizin ərazi bütövlüyünə verdikləri dəstək, verilən açıqlamalar və qəbul olunan qərarlarda işğalın qətiyyətlə pislənilməsi və hərbi qəsbkarlığa son qoyulmasının tələb olunması Ermənistanın mövqelərinə ciddi zərbə vurub. Azərbaycan Prezidentinin ən mötəbər kürsülərdə, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, MDB dövlət və hökumət başçılarının Bişkekdə keçirilən zirvə toplantısında, Münhen Təhlükəsizlik Konfransında və digər yüksək səviyyəli beynəlxalq tədbirlərdə müntəzəm olaraq münaqişənin və bölgənin tarixi ilə bağlı gətirdiyi konkret faktlar, inandırıcı əsaslandırmalar Ermənistanın, erməni diasporu və lobbisinin təbliğatını alt-üst edib, işğalçı ölkədə faşizmə olan sevginin görmək mahiyyətini göz önünə sərgiləyib” , - deyə Elçin Mirzəbəyli vurğulayıb.
Siyasi ekspert qeyd edib ki, artıq bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu isə Ermənistan hakimiyyətinin münaqişə ilə bağlı həm daxildə, həm də xaricdə manipulyasiya etmək cəhdlərinin qarşısını alır, təbliğat imkanlarını minimuma endirir. Bu səbəbdən də Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir.
O əlavə edib ki, Ermənistanın hərbi təxribatını Azərbaycanla dövlət sərhədində həyata keçirməyə cəhd göstərməsi də məqsədyönlü xarakter daşıyır. İşğalçı ölkə bununla diqqəti münaqişənin mahiyyətindən, işğal faktından yayındırmağa, məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır.
“Amma Azərbaycan Prezidentinin də bildirdiyi kimi, bunun üçün heç bir əsas yoxdur və bütün faktlar təxribatın Ermənistan tərəfindən həyata keçirildiyini, ölkəmizin isə təxribata adekvat cavab verdiyini sübuta yetirir. Azərbaycan Silahlı Qüvvələri istənilən hərbi təxribata cavab vermək gücündədir. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Düşmənə hər zaman olduğu kimi öz layiqli yeri göstəriləcək. Azərbaycan xalqı və dövləti heç zaman işğalla barışmayacaq” , - deyə ekspert diqqətə çatdırıb.