Hikmət Babaoğlu: "Riyakar Paşinyanın qorxusundan KTMT-nin çətiri altında gizlənmək niyyəti baş tutmur" Siyasət

Hikmət Babaoğlu: "Riyakar Paşinyanın qorxusundan KTMT-nin çətiri altında gizlənmək niyyəti baş tutmur"

“Ermənistan ölkəmizə qarşı törətdiyi hərbi-siyasi təxribatdan sonra aciz vəziyyətə düşüb və nicat axtarmağa başlayıb”.

Bunu açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışına münasibət bildirən deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu, düşmən ölkənin qorxaqlığı, çarəsizliyidir: “Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan Prezidenti bir sıra mühüm məsələlərə toxunaraq sərhəd bölgəsində Azərbaycan ordusunun qətiyyətli cavabından sonra işğalçı ölkənin düşdüyü vəziyyətlə bağlı bir sıra mühüm məsələlərə toxundu. Ali Baş Komandanımız Ermənistanın riyakarlığını, qorxaqlığını beynəlxalq hüquqa zidd olan davranışlarını və eyni zamanda baş nazir Paşinyanın diktaturaya, faşizmə və işğalçılığa əsaslanan rejimini bir daha ifşa etdi. Aydın oldu ki, işğalçı ölkənin düşdüyü vəziyyətdən çıxış yolları arayarkən atdığı addımlar yenə də qorxaqlıq və xofdan doğan riyakar axtarışlardır. Bunun ən bariz nümunəsi özünü qorumaq instinkti ilə dərhal KTMT-yə müraciət etməsidir. Halbuki, elə həmin baş nazir Paşinyan bir müddət öncə KTMT baş katibinin həbs edilməsi ilə bağlı qərar qəbul etmişdi. İndi isə həmin hərbi-siyasi təşkilatdan imdad dilənməyə məcbur olub. Məsələnin riyakarlıq tərəfi elə buradadır. Şübhəsiz ki, onun bu yalvarışları cavabsız qaldı və qalacaq. Çünki KTMT-yə üzv olan ölkələrin hər biri ilə ayrılıqda Azərbaycanın xüsusi münasibətləri var və bəzən bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bundan başqa, həmin ölkələrin liderləri ilə Azərbaycan Prezidentinin xüsusi münasibətləri də unudulmamalıdır. Daim müxtəlif çətinliklər zamanı Azərbaycan həmin ölkələrin yanında olub və ən müxtəlif vasitələrlə yardım edib, əməkdaşlıq yaradıb. Ona görə də hazırkı vəziyyətdə də adekvat münasibət gözləyir və əslində, elə bu münasibəti də görür. Beləliklə, qorxaq və riyakar Paşinyanın qorxusundan KTMT-in çətiri altında gizlənmək niyyəti də baş tutmur”.

Deputat vurğulayıb ki, eyni zamanda Azərbaycan heç kəsin torpağını işğal etməyib, işğalçı Ermənistandır və dərhal işğal etdiyi torpaqları azad etməlidir: “Bu mənada beynəlxalq hüquq da, haqq da, ədalət də Azərbaycanın yanındadır. KTMT-yə üzv olan ölkələr də bunu yaxşı bilir. Ancaq bir məsələni də mütləq vurğulamaq lazımdır ki, milli davamızda ölkəmizin bütün resursları Azərbaycan milli maraqlarını müdafiə etməyə səfərbər olunmalıdır. Lakin bəlli olur ki, milli gücün beyni kimi çıxış etməli olan Xarici İşlər naziri bu prosesdə adekvat hərəkət etmir. Hətta tam əksinə işğalçı ölkənin xarici işlər naziri ilə görüşdə özbaşına gündəlik müəyyənləşdirir, COVİD-19 müzakirəsi aparır. Bu, əsla yolverilməzdir! Ancaq bu gün qürurla söyləyə bilirik ki, güclü Ordumuz var və bu ordu Ali Baş Komandanımızın rəhbərliyi altında düşmənə layiqli cavab verməklə onu yerində oturda bilir və bu mütləq nəticə etibarilə torpaqlarımızın azad edilməsinə gətirib çıxaracaq”.