Milli Məclisdə gərgin büdcə müzakirəsi Siyasət

Milli Məclisdə gərgin büdcə müzakirəsi

Fazil Mustafa: “Avqust ayında heç bir yerdən gəliri olmayan vətəndaşı evə qapatmışıq”

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib.
Spiker Sahibə Qafarova iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla sərhəddində - Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Millət vəkilləri Vətən uğrunda canlarından keçən 12 igid şəhidimizin ruhunu yad ediblər.
Daha sonra Sədr Sahibə Qafarova vəfat edən millət vəkili, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun həyat yoluna qısa nəzər salıb. Onun tanınmış ictimai-siyasi və dövlət xadimi, Respublika Ağsaqqallar Şurasının Sədri kimi fəaliyyətindən, dövlət siyasətinin dəstəklənməsi və təbliği sahəsində gördüyü işlərdən söz açıb.
Spikerin çıxışından sonra Fəttah Heydərovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəliyin təsdiqindən sonra məsələlərin müzakirəsinə başlanılıb. Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə daxil edilən ilk 3 məsələ 2020-ci il dövlət büdcəsinə və büdcə sisteminə daxil edilən sənədlərdəki dəyişikliklərlə bağlıdır və ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub. Spiker vurğulayıb ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirləri, dünya bazarında neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib.
Bundan sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” sənədi birinci oxunuşda təqdim edib.
Daha sonra Maliyyə Naziri Samir Şərifov çıxış edib.
Bundan sonra millət vəkilləri qanun layihəsini müzakirə ediblər.
Deputat Fazil Mustafa deyib ki, bu gün pandemiyanın yaratdığı vəziyyət çevik qərarlar verilməsini şərtləndirir. Onun sözlərinə görə, hamıya aydındır ki, neft bazarında baş verən silkələnmələr neftin qiymətinin aşağı həddə götürülməsini zəruri edir: “Büdcəyə daxil olan vergi gəlirlərinin, gömrük rüsumlarının azalması da xərclərin artırılmasını zəruri edən şərtlərdəndir. Bütövlükdə büdcədə zəruri prioritet sahələri dəqiqləşdirməliyik. Müdafiə xərclərinin artırılması yönündə addımlar atılmalı, ikinci isə vətəndaşın vəziyyəti prioritet kimi götürülməlidir. Bu gün Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti çətindir. Burada hökuməti günahlandırmıram. Azərbaycan sahibkarının tam çökməməsi üçün xərclər hissəsində əhəmiyyətli ayırmalar nəzərdə tutulmalıdır. İkincisi, vətəndaşlara 190 manatın verilməsi məsələsi zəruri addım idi. Vəsait o qədər çox olmasa da, cəmiyyət bunu anlayışla qarşıladı. Avqust ayında heç bir yerdən gəliri olmayan vətəndaşı evə qapatmışıq və onlara vəd vermirik ki, haradan dolanmalıdır. Bu gün insanlar sadəcə xəstəliklə mübarizə aparmır, yaşamaq uğrunda da mübarizə aparır. 190 manat rəmzi xarakter daşıyan dövlət dəstəyidir və bunu heç bir halda kəsmək olmaz. Vətəndaşın narazılığına səbəb olan situasiyanı aradan qaldırmalıyıq. Buna görə də xərclər hissəsində bu, əsas götürməlidir. Ayın 31-nə qədər hər yer bağlıdır. İşləməyən yüzlərlə, minlərlə insan nə ilə dolanmalıdır? Hökumət bütün səyləri sosial gərginliyin aradan qaldırılmasına yönəltməlidir”.
Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev diqqətə çatdırıb ki, insanlar iqtisadi fəallığa cəlb edilməlidir.
O bildirib ki, digər tərəfdən bu gün yeni iş yerlərinin açılması və insanlarının işlə təmin edilməsi, onların sosial yardımla təmin olunması məsələsi yenidən nəzərdən keçirilməlidir: “Bu istiqamətdə müvafiq qurumlar öz fəaliyyətində dönüş yaratmalıdır. Eyni zamanda, gələcəkdə təhsilin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalı, TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə müvafiq qaydalar hazırlamalıdır. Bu, çox vacibdir”.
Deputat Aydın Mirzəzadə deyib ki, 190 manatla bağlı yeni təkliflər göndərilə bilər. Ola bilər bu ödəniş 600 min deyil, 800 min, 1 milyon insana verilsin.
O, bildirib ki, bu gün məcburi böhran vəziyyətinə düşmüş sahibkarların kateqoriyasının müəyyənləşdirməsi ilə bağlı təkliflər hazırlansa, yaxşı olar: “Üçüncüsü, artıq on minlərlə gənc ali məktəbə qəbul olma sevinci yaşayacaq. Bunların əksəriyyəti pullu təhsil alacaq. Ancaq bu gün insanlar iş yerlərini itiriblər. Təklif edirəm ki, Maliyyə və Təhsil nazirlikləri belə şəxslərə aşağı faizlə təhsil kreditlərinin verilməsi, ya hissə-hissə ödənilməsi və s. kimi təkliflər hazırlasın”.
Milli Məclisin növbədənkənar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Milli Şura bildirib ki, karantin rejiminin uzanması onlara sərf edir. Onlar insanların taleyini düşünmür. Yalnız düşünürlər ki, insanlar narazı olsa, onların tərəfinə keçəcək”, - deyə bildirib. Deputat deyib ki, pandemiyanın nə qədər çəkəcəyini heç kim bilmir: “Müəyyən məsələlərə toxunanda biz reallıqdan çıxış etməliyik. Biz bu gün dövlətin yanında olmalıyıq. Çünki karantin rejimi böyük dövlətləri çökdürüb”.

“Bəsdir millətin əsəblərini korladınız”

Deputat Razi Nurullayev deyib ki, büdcəyə edilən dəyişikliklər yaxşıdır: “İndi bütün Azərbaycanın gözü bizdədir ki, bu dəyişikliklər onların həyatında nələri dəyişəcək. Hesablama etmişəm ki, ölkədə 190 manatı almağa ehtiyacı olan düz 3 milyondan çox əhali var. Yanlış sərt karantin rejimi ölkəni məhv edir. 100 nəfər işçisi olan müəssisədə 20 nəfər işləyir. Guya hesablama aparılır ki, iş adamları heç kimi ixtisar etməyib. İş adamları özləri müflis olub. “Büdcə dəyişikliyi sahibkarları da nəzərə alıb” deməklə iş bitmir. Bir azdan iş adamları da 190 manat istəyəcək, qoy, bu sərt karantin rejimini əsaslandıranlar xalqın ehtiyacını ödəsin. TƏBİB, o cümlədən Operativ Qərargahın bəzi nümayəndələri bizi “xoxanla” qorxudur. O boyda Amerika sərt karantin etmir, Almaniya, Fransa açılıb, Finlandiya adi həyatını yaşayır. TƏBİB isə deyir ki, hələ daha pis olacaq, acından ölməyənlər də payızda öləcək. Bu nə təfəkkür, bu nə ritorikadır? Camaatı, üzr istəyirəm, axmaq yerinə qoyublar?”.
Razi Nurullayev bildirib ki, Operativ Qərargah və TƏBİB-i dinləyəndə qorxu filmlərinə şükür edilir: “Bəsdir millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz. Ayıbdır, vallah. Büdcə dəyişikliyi birbaşa hər bir vətəndaşın sosial həyatında görünməli və o hiss etməlidir ki, nəsə aldı, nəsə yedi, nəsə içdi. Yoxsa, hər nazirlik, hər komitə, hər idarə göz yaşı töküb bir layihə verir ki, pul ver. Ver aparım dağıdım, aparım yeyim, aparım xarici ölkəyə çıxarım, aparım bir gündə tələm-tələsik yaratdığım firmaya verim, tez silim, millət necə tarac olur-olsun nə işim var. Büdcə xərcləmələrinə nəzarət ciddi olmalıdır. O ciddiyyəti görmürəm. Kim deyirsə oğurluq, talançılıq dayanıb, özünü aldatmasın. Xeyli yüksək vəzifəli məmur çəkib özünü qoyub Himalay dağının başına. Amma, bilin ki, oradan aşağı yuvarlananların aqibəti çox pis olur. Söz verirəm ki, sabaha kimi müqavimətim qırılmasa, təzyiqlərə, edilən telefon zənglərinə tab gətirə bilsəm, bir-iki faktı da araşdırıb onların hamısının adını bir-bir bu tribunadan açıqlayacağam. Hələ telefonu qaldırmamaq nə deməkdir? Siz özünüzü nə zənn edirsiniz? Sizlər ən çirkin yollarla oğurlanan milyon və milyardlara sahib ola bilərsiniz, amma bu, bizi qorxutmaz. Qorxduğum Allahdır, dövlətin, müstəqillik və ölkə suverenliyinin qorunması üçün ölkənin birinci şəxsinin qarşısında özümü məsuliyyətli sayıram, bir də mənə söz deməyə imkan verən hörmətli xanım sədrə təşəkkür edirəm”.
Razi Nurullayev qeyd edib ki, büdcədən oğurlamalar, şişirtmələr, ayrılan vəsaitləri yalançı tender və qohum-əqrəbanın adına açılan birgünlük şirkətlərlə silmə, qohumlarını, ən yaxın dost-tanışını vəzifəyə təyin etdirmə ölkəyə və suverenliyimizə xəyanətdir:
“Suverenliyin rəmzi dövlət başçısı olduğuna görə həm də birbaşa ona yönələn sabotajdır. Görün, “Milli Şura” təmsilçiləri nə deyir? Onlar öz dilləri ilə deyir ki, xalq pis günə qalsın, daha pis yaşasın, virus daha çox adam öldürsün, çoxluq yardım almasın və hökumətdən narazı qalıb küçəyə çıxsın, Bakı küçələri qana boyansın və onlar hakimiyyətə gəlsinlər. Hökumətin içində olan “beşinci kolon”, vəzifəsindən sui-istifadə edənlər, büdcəni oğurlayanlar və bizim pullarımızla özlərinə və övladlarına biznes imperiyası yaradanlar da “Milli Şura”da oturanların tərəfdaşlarıdır. 120-140 manata virus testi olar? Bilirsiniz ki, həkimlərə vəd edilən artım ödənməyib? Bilirsiniz ki, nə qədər insan xəstəxanalara müraciət etmir? Birmənalı deyirəm ki, sərt karantin rejiminin davam etməsində maraqlı şəxslər və qüvvələr var. Qəşəng varlanırlar, qəşəng pul silirlər. Biz də burada büdcə təsdiq edək ki, onlar daha da varlansınlar. Büdcəyə, dövlət qurumlarının fəaliyyətinə nəzarət lazımdır və deputatlar, mətbuat və vətəndaş cəmiyyəti təmsilçilərindən ibarət nəzarət qrupu yaradılmalıdır”.
Deputat Siyavuş Novruzov həmkarı Razi Nurullayevin səsləndirdiyi ittihamlara cavabında deyib ki, parlament bilavasitə korrupsiya komissiyasında iştirak edir: “ Ümumi fikir söyləməyə ehtiyac yoxdur”.
O bildirib ki, kim korrupsiya ilə məşğuldursa, adı deyilsin: “Üçüncüsü korrupsiyaya qaşı ciddi mübarizə gedir. Elə Razi Nurullayevin seçildiyi rayonun icra başçısı korrupsiya üstündə tutuldu. Azərbaycanda bu məsələ ilə bağlı ciddi işlər görülür”.
Birinci oxunuşda müzakirə edilən “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib ki, işsizlərin sayı ilə işsizlikdən sığorta haqqı alanların sayı arasında fərq var. O bildirib ki, bu, kənardan baxanda aydın görünür: “Bu fərqin yaranmasında qanunvericilikdə olan məqamlar rol oynayır. Sahibkarlara müraciət edək ki, indi kim insanları işdən çıxarmayacaqsa, onlara daha çox yardım edilsin. İkincisi, insanları müxtəlif bəhanələrlə işdən çıxarmasınlar. Üçüncüsü, insanlar öz hüquqlarını bilsinlər. Özünüməşğulluq çox mütərəqqi layihədir. 52% vəsait məhz bu sahəyə yönəldilib. Ona görə burada olan müsbət cəhətləri inkişaf etdirib, mənfi məqamları aradan qaldırmaq lazımdır. Elə qanunlar qəbul etməliyik ki, daha çox işsiz insanı prosesə cəlb edə bilək”.
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib ki, bu sənəddə pay torpağı ilə bağlı hissəyə yenidən baxmaq lazımdır.
Deputat bildirib ki, bu gün həyat yoldaşını itirmiş, ailəsi dağılmış qadınların məsələsinə daha çox diqqət yetirmək lazımdır: “Bu gün ən aktual məsələlərdən biri də aliment problemidir”.
Paşayeva onu da əlavə edib ki, 190 manat birdəfəlik ödənişin avqust ayında da verilməsi yaxşı olardı.
Sonra Tahir Mirkişili “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verib. Bildirildi ki, təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən Fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, sosial müdafiə büdcəsindəki 0,8 faizlik cüzi azalma ilin sonuna qədər vətəndaşların sosial müdafiə ödənişlərinə təsirsiz olacaq.
İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qanun layihəsi ilə bağlı fikirlərini bildirib. Nazir dövlət tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tədbirlərdən söz açdı. 2020-ci ilin birinci yarımilliyi üçün Nazirliyin və Fondun gəlir və xərcləri ilə bağlı göstəriciləri açıqlayıb.
Qanun layihələri səsə qoytularaq qəbul edilib.

Əli Zülfüqaroğlu