Avropa Şurası bu dəfə reallıqla hesablaşıb Siyasət

Avropa Şurası bu dəfə reallıqla hesablaşıb

Azərbaycanda insan hüquqlarının qorunması məsələsində rəsmi Bakının yürütdüyü siyasət bu təqdir olunub

Cavid

"Avropa Şurası dəfələrlə ölkədə insan hüquqları problemləri haqqında Azərbaycana xəbərdarlıq edib, lakin birgə tədbirlər nəticəsində artıq vəziyyətin yaxşılaşdırılması yönündə inkişaf yaranıb". Bu barədə Avropa Şurasının baş katibi Turbern Yaqland bildirib.
"The Guardian" nəşrinə müsahibəsində Yaqland deyib ki, üç həftə əvvəl, Azərbaycan Prezidenti İlham Əliyev 4 hüquq müdafiəçisi də daxil olmaqla 80 məhbusu əfv edib: " Bu addım ABŞ və AŞ tərəfindən müsbət qarşılanıb".
Yaqland insan haqqları məsələsilə əlaqədar hüquq müdafiəçilərindən, parlamentarilər və prezident administrasiyası üzvlərindən, eləcə də mütəxəssislərdən ibarət işçi qrupun yaradılması ilə bağlı bu ilin avqust ayında prezident İlham Əliyevlə razılaşdığını deyib.
"Biz bu məsələnin də vətəndaş cəmiyyəti ilə Azərbaycan hakimiyyət orqanları arasında danışıqların inkişafına yol açacağına və bunun da fəalların azad olmasına gətirib çıxaracağına ümid edirik" – deyə Avropa Şurasının rəhbəri bildirib.
Baş katib bəzi beynəlxalq və yerli QHT-lərin şikayətləri ilə əlaqədar olaraq AB-nin Venesiya Komissiyasına qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı Azərbaycanın müvafiq qanunlarının Avropa standartlarına uyğunluğunu mütəmadi olaraq izləmək tapşırığını verdiyini bildirib. Qeyd edək ki, "The Guardian"da dərc olunan məqalə noyabrda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə 6 aylıq sədrliyinin başa çatmasına həsr edilib.
Onu da bildirək ki, insan hüquq və azadlıqlarının qorunması üçün hüquqi bazanın yaradılması dövlət siyasətinin əsas prioritetləri kimi daim diqqətdə saxlanılır. Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə təsdiq olunmuş Milli Fəaliyyət Planının tələblərinə əsasən respublikada köklü islahatlar həyata keçirilib. İnkişafın davamlı, dinamik sürətinə uyğun iqtisadiyyatın şaxələndirilməsi, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması üçün əlavə islahatların zəruriliyi qarşıya yeni prioritetlər qoydu. Dövlət başçısının 18 iyun 2007-ci il tarixili sərəncamı ilə 18 iyun - İnsan hüquqları gününün təsis edilməsi də bu sahəyə diqqətin bariz nümunəsidir. Müstəqil dövlətimizin dünyanın nüfuzlu təşkilatlarından olan Avropa Şurası ilə əlaqələrinin yüksələn xətt üzrə inkişafı, eyni zamanda BMT-nin İnsan Haqları Bürosuna üzv seçilməsi də ölkəmizin demokratik prinsiplərə sadiqliyinin əyani sübutudur.
Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə daha geniş sferanı əhatə edən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edilib. Bu gün ölkəmiz demokratik təsisatlarla, beynəlxalq seçki institutları ilə əməkdaşlıq edir, sivil qanunların respublikamızda tətbiqi üçün təcrübə mübadiləsi aparılır.
Ekspert Nail Cəlilin fikrincə, 2011-ci ildə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamdan sonra "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq olunub ictimai müzakirəyə çıxarılması bu sahəyə diqqəti daha da artırıb: "Amma bəzi beynəlxalq təşkilatlar var ki, onların qərəzli hesabatlarında Azərbaycanda insan haqlarının qorunması məsələsinə obyektiv yanaşılmır. "Amnesty İnternasional", "Human Rights Watch", "Freedom Hause" kimi təşkilatların daim ölkəmizə qarşı qərəzli mövqe tutduqları məlumdur. Bu təşkilatların hesabatlarında Azərbaycan "azad olmayan" ölkələr sırasında yer alırsa, onların mövqeyini geniş şərh etməyə ehtiyac yoxdur".
Ekspert onu da qeyd edib ki, radikal müxalifətin inhisarında olan mətbu orqanlarda daha çox adları çəkilən təşkilatların "hesabatlarının" yer alması onlar arasında işbirilyinin, əməkdaşlığın hansı səviyyədə olduğuna işıq salır. Aydın məslədir ki, ölkəmizin əleyhinə cüzi bir fikir səsləndirən təşkilat dərhal dağıdıcıların sevimli dostuna çevrilir. Bir halda ki, "Human Rights Watch", "Amnesty International", "Freedom House" təşkilatlarının hesabatları dağıdıcılar tərəfindən hazırlanır, onlardan hansısa ədalətli yanaşma gözləmək qeyri-mümkündür: "Reallıq budur ki, Azərbaycan inkişafın yeni mərhələsindədir. Azərbaycanda insan haqlarının qorunması sahəsində yeni-yeni islahatlar aparılmaqdadır. Nəhayət, Avropa Şurası bu sahədə aparılan islahatları reallıqdan çıxış edərək dəyərləndirib".
Onu da bildirək ki, Azərbaycan insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürüb. Bu öhdəliyin yerinə yetirilməsinə nəzarət mexanizmləri çərçivəsində Azərbaycan Respublikası tərəfindən təqdim olunan insan hüquq və azadlıqlarının təmin edilməsinə dair dövri hesabatlar üzrə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər hökumətlərarası təşkilatların ixtisaslaşmış qurumlarının rəy və tövsiyələrinin həyata keçirilməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Onu da qeyd edək ki, prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məsələn, ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət üzrə naziri Eamon Gilmor bu sənəd barəsində təəssüratını bildirərkən deyib: "ATƏT Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində atılan addımları, xüsusən də insan hüquq və azadlıqlarının qorunması ilə bağlı qəbul olunmuş Milli Fəaliyyət Planını yüksək qiymətləndirir".
Politoloq Kamil Seyidovun fikrincə, bu sahədə bəzi problemlərin olmasına baxmayaraq, rəsmi Bakının insan hüquqlarının qorunması siyasəti təqdiralayiqdir: "Azərbaycanda həmişə bu məsələyə böyük önəm verilib. Düzdür, beynəlxalq təşkilatlar hansısa ermənipərəst QHT sədrinin və yaxud da antiAzərbaycan təbliğatı aparan şəxsin həbs olunmasını insan haqlarının pozulması kimi qiymətləndirir. Artıq bu hal bizim üçün adiləşib. Həmin təşkilatlardan ancaq bunu gözləmək olar. Çünki məlum səbəblər üzündən həbs olunan insanların həmin təşkilatlarla sıx əlaqələri mövcuddur. Amma bu gün Avropa Şurası kimi nüfuzlu təşkilat rəsmisinin Azərbaycanda insan hüquqlarının qorunması məsələsinə yüksək qiymət verməsi bir sıra beynəlxalq təşkilatların hazırladıqları və milli maraqlarımıza zərər gətirəcək sənədləri şübhə altına aldı. Mənə elə gəlir ki, Avropa Şurasının bu qiymətindən sonra Qərbin bəzi təşkilatları bir daha Azərbayacnla bağlı hesabatlarında böhtana yol verməyəcəklər. Versələrsə də belə onların sənədlərinin tutumu olmayacaq, necə ki, əvvəllər olmayıb".
Politoloq onu da bildirib ki, Avropa Şurasında da yaxşı bilirlər ki, Azərbaycanda insan hüquqları Cənubi Qafqazın digər respublikalarından qat-qat artıq qorunur: "Azərbaycan bu məsələdə MDB məkanındakı respublikalar arasında ilk yerlərdən birində qərarlaşıb. Özünü demokratik dövlət kimi təqdim edən Rusiyada gündə onlarla insan qətlə yetirilir, yüzlərlə miqrantın hüquqları pozulur, döyülürlər, təqib olunurlar. Ermənistanda hər ay 20-30 min erməni vətəndaş haqlarının tapdanmasına dözməyərək ölkəni tərk edir. Orta Asiya respublikalarında da vəziyyət qənaətbəxş deyil. Onlarla müqayisədə Azərbaycan irəlidədir. Güman edirəm ki, Avropa Şurası digər məsələlərdə də dünyanın reallığından çıxış edib Azərbaycana layiqli qiymətini verəcək".