“Dağlıq Qarabağ probleminə adekvat, təsirli bir münasibət gözləyirik” Siyasət

“Dağlıq Qarabağ probleminə adekvat, təsirli bir münasibət gözləyirik”

Bahar Muradova: "Azərbaycanın indiki durumu alternativ xidmətlə bağlı öhdəliyimizi yerinə yetirməyə imkan vermir"

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradovanın Gün.Az-a müsahibəsi:

- Bahar xanım, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü və hələlik məlum səbəblərdən yerinə yetirmədiyi öhdəliklərindən biri də "Alternativ xidmət haqqında" qanunun qəbulu məsələsidir. Yaxın dövrlərdə olmasa da, gələcəkdə belə bir qanunun da parlament tərəfindən qəbulu mümkündürmü və gözləniləndirmi?

- Bilirsiniz, əvvəla, biz Avropa Şurasına özümüz öz yüksək iradəmizlə, öz qərarımızla daxil olmuşuq və öhdəliklərimizi də şüurlu şəkildə qəbul etmişik. Amma bu öhdəlikləri qəbul edərkən də onlarla, elə adını çəkdiyiniz öhdəliklə bağlı da konkret vaxt öhdəliyimiz yoxdur.
Hətta, konkret vaxt öhdəliyimiz olmuş olsa belə, Azərbaycanın indiki durumu bizə imkan vermir ki, alternativ xidmətlə bağlı öhdəliyimizi yerinə yetirək və bunu da hər zaman bütün səviyyələrdə aydın şəkildə söyləyirik. Azərbaycanın ərazi bütövlüyü təhlükə, hətta, torpaqlarımızın bir hissəsi işğal altında olduğu halda "Alternativ xidmət haqqıda" qanunu qəbul etməklə müasir beynəlxalq aləmdə daha artıq təhdidlərə, daha artıq provakasiyalara, Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş cəhdlərə tuş gələ bilərik.
Ona görə hesab edirəm ki, bu öhdəliyimizin ertələnməsi qoy başqalarını narahat etməsin və bir də özlüyündə bunun bizim qarşımıza maneə, sədd kimi çəkilməsini qəbul etmirik. Biz bu təşkilat və digər təşkilatlar qarşısında öhdəliklər götürmüşüksə, o təşkilatların bizim ölkənin də daxil olduğu arealda təhlükəsizlik məsələləri ilə və hər kəsə bərabər münasibət sərgiləməklə bağlı öhdəliklərinin də olduğunu bilirik.
Odur ki, bizim başlıca problemimiz, təkcə bizim yox, bizim daxil olduğumuz beynəlxalq təşkilatların ümumi problemi olan Dağlıq Qarabağ probleminə adekvat, təsirli bir münasibət gözləyirik və hesab edirik ki, Ermənistanı sülhə vadar etmək, Ermənistanı da bu məsələni sülh yolu ilə həll etmək öhdəliyi var...

- Amma reallıq odur ki, artıq neçə illərdir bunun əksini görürük...

- Tamamilə, doğrudur. Biz görürük ki, Ermənistan Qarabağ münaqişəsini nəinki sülh yolu ilə həll etmək öhdəliyinə əməl etmir, əksinə, hətta, onu açıqcasına kobud şəkildə pozur. Ermənistan ictimai rəyi də, öhdəliklərini də nəzərə almır və buna göz yumulduğu təqdirdə, bizə "niyə alternativ xidmət haqda qanunu qəbul etmədiniz", - deyə irad tutanlara da bizim çox yaxşı cavablarımız var.
Ona görə hesab edirəm ki, bu məsələ yenə də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, işğalın aradan qaldırılmasına, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə bağlı bir məsələdir. Bunlar təmin olunduqdan sonra artıq bizə heç kəsin tövsiyəsi lazım deyil, biz özümüz bu qanunu qəbul edəcəyik.
Ən əsası isə hesab edirəm ki, əslində hazırda dünyadakı durum, istər Şimalda, istər Şərqdə, istər Qərbdə mövcud münaqişələr, müharibələr, kataklizmlər, heç bir əndazəyə, heç bir çərçivəyə sığmayan qeyri-insani rəftar nümunələri, işgəncələr, terror, xalqlara qarşı yönəlmiş soyqırımı hadisələri beynəlxalq təşkilatların ilk növbədə bu məsələlərlə məşğul olmalı olduğunu üzə çıxarır.
Yoxsa, kiminsə alternativ xidmət haqda öhdəliyi var, o, dünyanın müzakirə predmetinə çevrilir. Bu, düzgün və qəbulolunan deyil. Odur ki, biz məsələlərə balanslı yanaşmağın tərəfdarı olduğumuz, siyasətimizi də bu yöndə apardığımız kimi, dünyadakı mövcud problemlərə də beynəlxalq təşkilatlar tərəfindən balanslı, obyektiv yanaşmanın sərgilənməsini gözləyirik...

- Yeri gəlmişkən, "Milli azlıqlar haqqında" qanunun qəbulu ilə bağlı öhdəliyimiz var ki, o da yerinə yetirilməyib. Bu məsələyə ona görə toxunuruq ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnamədə bu məsələyə də qismən toxunulub, hətta, milli və dini baxımdan tolerantlığın hökm sürdüyü ölkəmizdə milli azlıqlar probleminin olmasına az qala işarə vurulub...

- Azərbaycandakı milli azlıqlarla bağlı durum nəinki region, nəinki Avropa Şurası, bütün dünya üçün nümunəvi bir vəziyyətdir. Özü də bunu biz söyləmirik, bunu həm beynəlxalq təşkilatların hesabatlarında görürük, həm də bura gələnlərin özlərinin bu yöndə vəziyyətlə şahid olandan sonra etiraflarında, təqdirlərində eşidirik.
Eyni zamanda, bu məsələdə başqa ölkələrdən gələnlərin, cürbəcür hesabatlar hazırlayanların rəyi bir yana, bizim üçün əsas rəy Azərbaycan ictimaiyyətinin, Azərbaycandakı milli azlıqların rəyidir. Biz siyasətimizi müəyyənləşdirərkən, onu həyata keçirərkən ilk növbədə öz vətəndaşlarımıza yönəlik maraqları qarşımıza qoyuruq.
Və əgər biz buna ölkə içində nail olmuşuqsa, bunu vətəndaş qəbul edir, ucadan söyləyir, bundan qürur duyursa, o zaman onun kənardakının bu və ya digər maraqlarına söykənərək fərqli dəyərləndirməsi vəziyyətin belə olduğuna əsla dəlalət etmir. Həmçinin bizim də bundan dərhal özümüz üçün lazım olmayan hədəf müəyyənləşdirib, sonra da ona doğru getmək üçün hansısa prosesə girməyimizi düzgün hesab etmirəm.
Çünki bunu bizdən yaxşı bilən, bizdən yaxşı dəyərləndirən və bizə hansı sahədə qanunlarımızı dəyişiklik etmək lazım olduğunu bizdən düzgün müəyyənləşdirən dünyada heç kəs yoxdur. Müvafiq qətnaməyə istinad edirsinizsə, o qətnamənin ilk cümləsindən son cümləsinədək, ilk hərfindən son hərfinədək, hansı maraqlara söykəndiyi, hansı maraqlardan qaynaqlandığı və hansı dairələrə xidmət etdiyi də aydındır.
Heç kəs düşünməsin ki, 750 nəfərin 46-nın bir araya gələrək qəbul etdiyi, Azərbaycana qarşı yönəlmiş, qaralama kampaniyasına xidmət edən sənəd bizim üçün fəaliyyət proqramına çevriləcək. Bunu heç kəs düşünməsin və hansısa planlar da cızmasın.
Azərbaycan öz siyasi gündəliyini, öz fəaliyyət gündəliyini özü müəyyənləşdirir və biz beynəlxalq arenada olan tərəfdaşlarımızın, dostlarımızın, hətta düşmənlərimizin maraqlarını da hesablayırıq, öz işimizi də bu maraqlar kontekstindən öz xeyrimizə, öz vətəndaşımızın marağına uyğun necə qurmağı özümüz, özü də düzgün müəyyənləşdiririk.
Azərbaycanın bugünkü durumu da bunu sübut edir. Ona görə də onu söyləyənlər öz yerində, bizim üçün əsas olan vətəndaşlarımızın rəyidir. Kim onu görüb dəyərləndirir ona təşəkkür edirik, dəyərləndirməyənlərə də arzu edirik gözləri bir gün açılsın.