İşğala göz yuman həmsdərlər… Siyasət

İşğala göz yuman həmsdərlər…

Novruz Məmmədov: "Təəssüflər olsun ki, həmsədrlər öz amplualarındadırlar"

Elşən Həsənov: " Minsk qrupu belə açıqlamalar verməklə tərəflər arasında münaqişəni daha da qızışdırir"

Rasim Ağayev: "Həmsədr ölkələr Ermənistanı dəstəklədiklərinə görə, ümumiyyətlə, dəyişilməlidirlər"

Cavid

Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin (SQ) mövqelərinə hücum edən Ermənistana məxsus Mi-24 tipli döyüş helikopterinin cavab atəşi ilə məhv edilməsi faktı barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanat təəssüf və təəccüb hissi doğurur. Bəyanatda Azərbaycanın milli maraqlarına zidd fikirlər yer alıb.
Xüsusilə də bəyanatda işlədilən "humanitar keçid", "neytral ərazi" "ərazidə atəşin dayandırılması" və "ərazilərin minalardan təmizlənməsi" fikirləri Minsk qrupunun münaqişənin həllində tutduğu qeyri-səmimiliyin göstəricisidir.
Rəsmi Bakı Minsk qrupu həmsədrlərinin bəyanatına cavab olaraq bildirib ki, qoşunların təmas xəttində heç bir neytral ərazi yoxdur və ola da bilməz. Ermənistan tərəfindən işğal olunmuş torpaqlar Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış əraziləridir.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsində "neytral ərazi" məsələsinə münasibət bildirib.
C.Uorlik öz "Twitter" səhifəsində yazıb: "Aydınlaşdırmaq üçün qeyd olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsində "neytral ərazi" yoxdur. Lakin silahlı qüvvələri ayıran bufer zona var".
Minsk qrupu həmsədrlərinin səsləndirdiyi bəyanata münasibət bildirən Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, artıq bir həftədir ki, baş vermiş və mahiyyəti ilə Ermənistanın işğalçılıq siyasətinin tam davamı olan bu təxribata həmsədrlər, nəhayət, mövqe bildirmək qərarına gəldilər. Amma təəssüflər olsun ki, onlar öz amplualarındadırlar.
N. Məmmədov xatırladıb ki, Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı dünən böyük bir tədbirdə mövqe bildirib: "Onların fəaliyyətinin bu günə qədər bir nəticə verməməyinin səbəbini də açıqladım. Doğrudan da, Minsk qrupunun həmsədrləri sanki özləri gərginlik yaratmaqda maraqlıdırlar. Yoxsa, onlar bilmirdilər ki, Ermənistan Azərbaycan ərazilərində hərbi təlimlər keçirməyi qərara alıb? Məgər onlar bu təlimlərə 40 minlik qoşunun, eyni zamanda, hərbi avadanlıq və silahların cəlb edilməsi haqqında Ermənistanın verdiyi bəyanatlardan xəbərsiz idilər? Məgər onlar bilmirlər ki, Azərbaycanın beynəlxalq birlik, eləcə də təmsil etdikləri ölkələr tərəfindən tanınmış əraziləri 25 ildir ki, işğal altındadır və bu ərazilərdən 750-760 min insan məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar? Amma həmsədrləri heç maraqlandırmadı ki, bu hərbi təlimlər nə üçün keçirilir, hansı məqsədlə keçirilir? Məgər Dağlıq Qarabağdakı separatçı qurumun 40 minlik ordusu var? Axı heç orada 40 min erməni qalmayıb".
PA rəsmisi qeyd edib ki, həmsədrlər bütün məsələləri əla bilirlər: "Lakin, qeyd etdiyim kimi, onlar beynəlxalq hüququ arxivə ataraq Ermənistanın mövqeyindən çıxış edirlər. Özü də bu birinci dəfə deyil. Necə yəni vertolyot "neytral ərazidə`` düşüb? Təəssüf ki, həmsədrlər bunları bilə-bilə edirlər. Amma onu da bilməlidirlər ki, beynəlxalq aləmdə bu gün hökm sürən gərginlik belə məsuliyyətsiz bəyanatların nəticəsində yaranıb".
N. Məmmədov həmsədrlərin bəyanatındakı başqa bir məsələyə də diqqət çəkib: "Guya həmsədrlər bilmirlər ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini tam minalayıb. Nə üçün bununla bağlı ağızlarına su alıb susurlar? İndi isə onlar özləri qazdıqları quyuya düşüblər".
PA rəsmisi vurğulayıb ki, həmsədrlər tez-tez öhdəliklərdən danışırlar və bu mövzuda ictimaiyyətə fikir bildirirlər: " Bəs onların özlərinin öhdəliyi yoxdur? Yoxsa "siz özünüz razılığa gəlin`` deməklə öz öhdəliklərini yerinə yetirmiş hesab edirlər? Bu məsələ hamıya aydındır: münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsi ilə beynəlxalq hüququn normalarına uyğun, ədalətli həlli üçün bütün beynəlxalq birlik və tarix qarşısında məsuliyyət də, öhdəlik də həmsədrlərin üzərindədir. Onlar turist deyillər".
Minsk Qrupunun belə bir mövqe nümayiş etdirməsindən sonra bu qurumun Dağlıq Qarabağ münaqişəsinin həlluində ədalətli mövqe tutacağına inam daha da azalır.
Bu qurum daim tərəflər arasında münaqişə yaratmaqla məşğul olub, fəaliyyətini heç də münaqişənin həllinə yönəltməyib.
Politioloq Elşən Həsənovun fikrincə, Minsk qrupu belə açıqlamalar verməklə tərəflər arasında münaqişəni daha da qızışdırir: "Azərbaycanın daim qarşı tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, müharibənin aparılması qaydalarına riayət etməsi çağırışına baxmayaraq, Ermənistan hər zaman bundan boyun qaçırır və cinayət törətməkdə davam edir. Bunu isə Minsk qrupu görməməzliyə vurur. Həmsədrlərin növbəti bəyanatlarında işlətdikləri terminlər Azərbaycan tərəfinin qıcıqlanmasına yönəlib. Bu terminlər anlaşılmazdır və münaqişənin mahiyyətindən bixəbər olanlara hesablanıb. Həmsədrlər "humanitar keçid" terminini işlədirlər. Hazırda bu ərazidə heç bir dinc sakin və ya mülki şəxs yoxdur ki, onların döyüş gedən ərazidən çıxarılması üçün hər hansı bir "keçid" və ya "dəhliz" açılsın. "Neytral ərazi" termini də tam əsassızdır və erməni tərəfinin maraqlarına hesablanıb. Bu, yalnız bir halda - Ermənistan qoşunlarının tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılmasından sonra mümkün ola bilər. Mənən elə gəlir ki, rəsmi Bakı bu qrupun missiyasından imtina etməlidir. Belə qızışdırıcı açıqlamalar verən Minsk Qrupundan münaqişənin həlli ilə bağlı hər hansı ədalətli mövqe gözləməyə dəyməz"?
Politoloq Rasim Ağayev isə həmsədrləri tərəflərə əhali arasında düşmənçilik hissinin alovlandırılmasına yönələn fəaliyyət və bəyanatlardan çəkinməyə çağırıb.
Politoloq vurğulayıb ki, həmsədr ölkələr Ermənistanı dəstəklədiklərinə görə, ümumiyyətlə, dəyişilməlidirlər: "ATƏT-ın mandatını Minsk qrupu istifadə edir. Maraqlıdır ki, bu qrupun həmsədrləri erməniləri dəstəkləyən ölkələri təmsil edir. Bu baxımdan təbii ki, bu qrup ölkələrinin mövqeyindən uzaqlaşa bilmir. Gərək vasitəçilər qrupu neytral ölkələrin nümayəndələrindən ibarət olsun. Əgər Ermənistanın arxasında Rusiya və ABŞ durmasaydı və Avropa ona rəğbət bəsləməsəydi, məsələ çoxdan həll olunmuşdu".
Ekspert Nail Cəlilin fikrincə isə Minsk Qrupu yarandığı gündən Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın maraqlarına zidd bəyanat veriblər: "Bu qrupa daxil olan həmsədr dövlətlərin heç biri Ermənistanı işğalçı dövlət adı ilə çağırmayıblarsa, onlardan belə açıqlamalar gözləməyə dəyər. Daim Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi ifadələrini işlədən həmsədrlər bəs nədən bu gün Dağlıq Qarabağın işla altında olan əraziləri "neytral" ərazi kimi göstərirlər. Azərbaycan tərəfi, elə Ermənistanın bəzi ekspertləri də dəfələrlə bu qrumun missiyasından imtina edilməyin vacibliyini vurğulayıb. 20 ildə münaqişənin həllində ədalətli mövqe tuta bilməyən bu qururmun bundan sonrakı fəaliyyətinə nə ehtiyac var. Minsk qrupunun mövcudluğu Dağlıq Qarabağ münaqişəsinin həllini daha da gərginləşdirir. Belə bəyanatlar verməklə. Həmsədrlərin belə bəyanatlar verməsi işğalçıları daha da ruhlandırır və onları arxayınlaşdırır".
Ekspert Tərlan Həsənov da Minsk Qrupnun növbəti bəyanatının Azərbayacana qarşı yönəldiyi və bu qrupun fəaliyyətindən imtina edilməsinin vacibliyini vurğulayıb: "Rəsmi Bakı buna qarşı kəskin etirazını bildirməlidir və bir daha onlarla bir masa arxasında oturmaqdan imtina etməlidir. ATƏT qarşısında məsələ qaldırılamalıdır ki, bu qrupun tərkibində dəyişikliklər edilsin. Həmsədrlərin fəaliyyəti daim antiAzərbaycan mövqeli terminlər işlətməklə ermənilərin yanında olduqlarını təadiqləməkdir. Azərbaycan bu qrupun missiyasının nədən ibarət olduğunu yaxşı bilirsə, onun fəaliyyətinə kəskin etiraz etməlidir. Nə vaxta qədər Minsk qrupu ermənilərin dəyirmanına su tökəcək".